Bu gün Yasamal Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq ili” çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, “Ümummilli Lider Heydər Əliyevin irsi: müstəqil Azərbaycanın memarı və milli dirçəlişin müəllifi” adlı tədbirin iştirakçıları Ulu Öndərin büstü önünə gül dəstələri qoyublar, daha sonra əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Ulu Öndərin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyətinin Azərbaycan xalqının tarixində dərin izlər buraxdığını qeyd edib. Bildirib ki, Heydər Əliyevin siyasi irsi əsl dövlət idarəçiliyi məktəbinə çevrilib və bu gün biz bundan faydalanırıq. O bu gün Ulu Öndərin siyasətinin onun layiqli davamçısı, cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Natiq Ulu Öndərin siyasi irsinin gələcək nəsillər üçün əhəmiyyətindən və Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin təşəkkülü və inkişafı prosesində müstəsna rolundan söz açıb.
Daha sonra çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Bahar Muradova Ulu Öndərin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində, iqtisadi və siyasi sahələrdə əldə olunan böyük uğurlarda roluna diqqət çəkib. Bildirib ki, Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan bu gün dünyada öz sözünü deyən, qlobal proseslərdə fəal iştirak edən güclü bir dövlətə çevrilib. Bahar Muradova xatirələrini bölüşərək 90-cı illərin birinci yarısında ölkəmizin üzləşdiyi çətinliklərdən və YAP-ın yaranmasından söz açıb.
Qeyd edib ki, Ulu Öndər sanki gələcəyi görürdü və onun hər siyasi addımı özünü tam doğruldub. Elə bunun nəticəsidir ki, bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə hamının hesablaşdığı dövlətə çevrilib. Avropa Siyasi Birliyinin son zirvə görüşünə toxunan Bahar Muradova “Cənab Prezident İlham Əliyev öz səsi ilə İrəvana qədəm qoydu” deyərək ölkə rəhbərliyinin qarşıda duran bütün hədəfləri məqsədyönlü şəkildə həyata keçirdiyini vurğulayıb. O, Azərbaycanın bu gün tarixi şanslardan uğurla istifadə etdiyini bildirib.
Daha sonra tədbirdə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov deyib ki, bu gün biz müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünü böyük ehtiram hissi ilə qeyd edirik. Heydər Əliyevin zəngin və mənalı həyat yolu Azərbaycan tarixinin bütöv bir mərhələsini əhatə edir. Onun uzaqgörən siyasəti və qətiyyətli rəhbərliyi nəticəsində dövlətçiliyimiz möhkəmlənib, ölkəmiz sabitlik və inkişaf yoluna qədəm qoyub. Məhz onun rəhbərliyi dövründə, 90-cı illərdə Azərbaycan beynəlxalq aləmdə öz layiqli yerini tutdu, iqtisadiyyatımızın əsasları formalaşdı, milli ordunun əsası qoyulub.
Onun ideyaları bu gün də yaşayır və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Məhz Ulu Öndərin rəhbərliyi ilə 1993-cü ildə başlayan Milli Qurtuluş, illər sonra - 2020-ci ildə İlham Əliyevin baş komandanlığı ilə Vətən müharibəsində parlaq Zəfərlə başa çatdı. Bu gün biz yalnız böyük bir şəxsiyyətin doğum gününü qeyd etmirik, eyni zamanda onun bizə bəxş etdiyi dəyərləri, dövlətçilik ənənələrini və milli həmrəyliyi bir daha xatırlayırıq. Hər birimizin borcudur ki, Ulu Öndərin irsini qoruyaq, inkişaf etdirək və gələcək nəsillərə ötürək.
Daha sonra Yasamal rayonunun ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə bir qrup fəala fəxri fərmanlar və partiya biletləri təqdim edildi. Tədbir bədii hissə ilə başa çatıb.







