Yasamalda Vətən müharibəsi şəhidlərinin il mərasimi keçirilib - Fotolar

yasamalda-veten-muharibesi-sehidlerinin-il-merasimi-kecirilib
Oxunma sayı: 1173

2020-ci ilin Vətən müharibəsinin şəhidləri Taleh Yusifov və İsmayıl Qasımov şəhadətlərinin ildönümündə Yasamal rayonu ictimaiyyəti tərəfindən məzarları önündə yad ediliblər.

“Qafqazinfo” xəbər verir ki, II Fəxri xiyabandakı mərasimdə dövlət himni səsləndirilib, şəhidlərin ruhuna dualar oxunub, xatirələri bir dəqiqəlik sükutla yad edilib. Mərasimdə şəhidlərin keçdiyi şərəfli döyüş yolundan söz açılıb.

Taleh Yusifov müharibədə göstərdiyi sücaətə görə, Azərbaycan Prezidentinin sərəncamı ilə ölümündən sonra “Cəsur döyüşçü” medalı, “Vətən uğrunda” medalı  və  ”Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.

İsmayıl Qasımov da “Cəsur döyüşçü” medalı, “Vətən uğrunda” medalı  və  ”Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub.

İl mərasimində iştirak edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov şəhidlərin yaxınlarına başsağlığı verib. İcra başçısı bildirib ki, şəhidlərimizin qanı yerdə qalmadı və biz 30 ildən sonra doğma torpaqlarımıza geri döndük. Elşad Həsənov bu tarixi zəfərə görə müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyət və əzminə, şəhid və qazilərimizin sücaət və cəsarətinə borclu olduğumuzu vurğulayıb.

Anım mərasimində Milli Məclisin deputatları, YAP rayon təşkilatının, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, Müdafiə Nazirliyinin nümayəndələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.