Yaşar Nurinin yubileyi dövlət səviyyəsində qeyd edilməyib? - Açıqlama

yasar-nurinin-yubileyi-dovlet-seviyyesinde-qeyd-edilmeyib
Oxunma sayı: 3290

Xəbər verdiyimiz kimi, mərhum Xalq artisti Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva bu ilin sentyabr ayında sənətkarın 70 illik yubileyində mədəniyyət qurumları tərəfindən heç bir diqqət görməməsindən gileylənib, qızı Ülkər Yaşarqızı isə maddi sıxıntı yaşadıqlarını deyib. Ailə, həmçinin Akademik Milli Dram Teatrını aktyorun doğum günündə (sentyabrın 3-də) onun məzarını ziyarət etməməkdə ittiham edib.

Məsələ ilə bağlı həm nazirliklə, həm də teatrla əlaqə saxladıq.

Mədəniyyət Nazirliyindən “Qafqazinfo”ya bildirildi ki, görkəmli teatr və kino aktyoru, Xalq artisti, Dövlət mükafatı laureatı Yaşar Məmmədsadıq oğlu Nuriyev daim dövlətin və Mədəniyyət Nazirliyinin diqqət mərkəzində olub:

“Belə ki, o, 1981-ci ildə respublikanın “Əməkdar artisti”, 1989-cu ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülüb. 2011-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub. O, Prezident təqaüdçüsü olub. Mərhum sənətkar 2012-ci ildə xəstə olduğu müddətdə Türkiyədə müalicə olunub və nazirlik tərəfindən müalicə xərclərinə dəstək göstərilib. 2016-cı ildə noyabr  ayının 15-də Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən Akademik Milli Dram Teatrında Xalq artisti Yaşar Nuriyevin 65 illik yubileyi münasibəti ilə təntənəli xatirə gecəsi keçirilib. Sənətkarın 65 illik yubileyi münasibəti ilə Mədəniyyət Nazirliyinin sifarişi ilə “Yaddaş” Sənədli Filmlər Studiyasında “Yaşar Nuri” adlı sənədli film hazırlanıb”.

Nazirlikdən, həmçinin bildirildi ki, mərhum Xalq artisti Yaşar Nurinin 70 illiyinə həsr olunmuş yubiley tədbiri noyabrın 3-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında saat 19:00-da keçiriləcək: “Tədbirdə Yaşar Nurinin sənət dostları və yaxınları, doğmalarının da iştirakı nəzərdə tutulur”.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrından isə “Qafqazinfo”ya bildirildi ki, Yaşar Nurinin 70 illik yubileyinin sentyabr ayında keçirilməməsinə səbəb teatrların bağlı olması olub, sənətkarın məzarı isə sentyabrın 6-da ziyarət olunub. Teatrdan onu da əlavə ediblər ki, Y. Nurinin 70 illiyinə həsr olunmuş yubiley tədbiri noyabrın 3-də keçiriləcək.

Teatrdan redaksiyamıza göndərilən fotolardan Yaşar Nurinin məzarı ziyarət olunarkən orada Rəhimə Nuriyevanın da olduğunu açıq-aşkar görmək mümkündür. Belə olduğu halda, Rəhimə xanımın sənətkarın məzarının ziyarət olunmamadığını deməsi başa düşülən deyil. 

Qeyd edək ki, sentyabrın 3-də Y. Nurinin anadan olmasının 70 ili tamam olub.