“Yaşıl keçid Azərbaycanın milli prioritetləri sırasındadır”

yasil-kecid-azerbaycanin-milli-prioritetleri-sirasindadir
Oxunma sayı: 1441

“COP29-un Azərbaycanda keçirilməsi Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın milli və beynəlxalq səviyyədə apardığı siyasətə, o cümlədən iqlim dəyişikliyi probleminin həllinə töhfə vermək səylərinə beynəlxalq ictimaiyyətin etimadının təzahürüdür. Azərbaycan dünya ölkələrinin yekdil dəstəyi ilə COP29-a sədrliyi öz üzərinə götürüb”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə COP29 Azərbaycan Sədrliyinin ilk mətbuat konfransında COP29-un prezidenti Muxtar Babayev bildirib.

Onun sözlərinə görə, ölkəmiz COP29-a sədrliyi və ev sahibliyi çərçivəsində iqlim dəyişikliyi mövzusunda qlobal həmrəyliyin gücləndirilməsi istiqamətində davamlı fəaliyyət nümayiş etdirəcək.

M.Babayev yaşıl keçidin Azərbaycanın milli prioritetləri sırasında olduğunu bildirib. Qeyd edib ki, ölkəmiz metan emissiyalarının azaldılması üzrə öhdəliyi dövlətlərin könüllü qəbul etməsini nəzərdə tutan Qlobal Metan Öhdəliyi təşəbbüsünə qoşulub və 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə və bərpaolunan enerjinin payının 30 faizə çatdırılması hədəf kimi müəyyənləşdirilib: “Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəfləyib”.

Muxtar Babayev COP29-un həm Azərbaycan, həm də regionda iqlim dəyişiklikləri ilə bağlı problemlərin həllinə töhfə verəcəyini sözlərinə əlavə edib.

“Həm Azərbaycanda, həm də regionda iqlim dəyişikliklərinin fəsadları ilə üzləşirik. Bir müddət əvvəl su çatışmazlığı məsələsi, Xəzər dənizinin səviyyəsinin enməsi məsələsi gündəmə gəlmişdi. Bu konfransda sosial amillərin, risklərin və sairin müzakirəsi üçün çox yaxşı imkan olacaq. Artıq bir sıra QHT-lər, vətəndaş cəmiyyətləri və s. təşkilatlar bununla bağlı müraciət edirlər. Bu təkcə bizim deyil, həm də digər ölkələrin pavilyonlarında keçiriləcək”.

***

Tədbirdə çıxış edən COP29-un baş danışıqçısı, Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev bildirib ki, Azərbaycan COP29-a ev sahibliyi mandatı çərçivəsində bütün iştirakçı tərəflərlə danışıqlar prosesinə şəffaflıq, inklüzivlik və neytrallıq prizmasından yanaşır.

O vurğulayıb ki, COP29 danışıqlarının əsas movzuları, o cümlədən iqlim maliyyələşməsi bütün tərəflərlə əhatəli şəkildə müzakirə olunur və danışıqların uğurlu nəticələnməsi istiqamətində mümkün həll yolları üzərində fəal iş aparılır.

Gülnar Əliyeva

Fotolar: Xəyal Vəlizadə