ABŞ Prezidenti Donald Tramp Rusiya ilə mövcud olan “Yeni START” Nüvə Silahlarının Azaldılması Müqaviləsinin uzadılmasına qarşı çıxdığını açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə “Truth” sosial şəbəkə hesabında paylaşım edib.
Tramp müqaviləni uzatmaq əvəzinə, daha yeni, təkmilləşdirilmiş və modernləşdirilmiş bir razılaşma üzərində işlənməsinin vacib olduğunu bildirib.
Prezident açıqlamada “Yeni START” müqaviləsini ABŞ üçün “zəif danışıqlar aparılmış” sənəd kimi qiymətləndirib və bu səbəbdən onun uzadılmasına müsbət yanaşmadığını vurğulayıb. O, ABŞ ordusunun, o cümlədən nüvə potensialının əhəmiyyətli dərəcədə gücləndirildiyini qeyd edib:
“Zəif danışıqlar aparılmış və ABŞ tərəfindən ciddi şəkildə pozulmuş “Yeni START” müqaviləsini uzatmaq əvəzinə, nüvə mütəxəssislərimizi gələcəkdə uzun müddət qüvvədə qala biləcək yeni, təkmilləşdirilmiş və modernləşdirilmiş bir müqavilə üzərində işləməyə sövq etməliyik”.
Ağ Evin sözçüsü Kerolayn Levitt keçirdiyi brifinqində məsələ ilə bağlı sualı cavablandırarkən Trampın mövqeyini təsdiqləyib. O bildirib ki, Prezident ABŞ-nin nüvə mütəxəssislərinin uzunmüddətli və daha effektiv yeni bir müqavilə üzərində çalışmasını istəyir və Vaşinqton bu mövzuda Moskva ilə danışıqları davam etdirəcək.
Qeyd edək ki, “Yeni START” Müqaviləsi ABŞ-nin 1991-ci ildə Sovet İttifaqı, 1993-cü ildə isə Rusiya Federasiyası ilə imzaladığı “START-1” və “START-2” müqavilələrinin davamı olaraq 2010-cu ildə qəbul edilib. Müqavilə ABŞ və Rusiya arasında qüvvədə olan son nüvə silahlarının məhdudlaşdırılması sazişidir və uzunmənzilli nüvə başlıqları ilə raketlərin sayına limit qoyur.
Rusiya ötən il müqavilənin müddəti başa çatmasına baxmayaraq, öhdəliklərinə daha bir il əməl edəcəyini açıqlamışdı. Həmin əlavə müddət artıq başa çatıb.
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatına görə, 2025-ci ildə Rusiya təxminən 5459, ABŞ isə 5177 nüvə silahına sahib olub. Çin isə 600-dən bir qədər çox döyüş başlığı ilə siyahıda üçüncü yerdə qərarlaşıb.
Son xəbərlər
Son Xəbərlər