Yol polisi məhkəməyə verilir - Video

yol-polisi-mehkemeye-verilir-video
Oxunma sayı: 2126

“Arxamca düşən ağ rəngli “Niva” markalı maşından qaçmaq məcburiyyətində qalmışdım. Kimin məni niyə izlədiyini bilmirdim. Tanınmış adamam, düşündüm ki, birdən kimsə mənə xətər yetirər. Üstəlik maşındakı adam məni bir dəfə hədələdi də. Əlində nəsə tutmuşdu, silaha bənzətdim. Yol polisi saxlayandan sonra bilmişəm ki, mülki geyimdə məni qovan adam Bakı şəhər Dövlət Yol Polisi İdarəsində şöbə rəisi Malik İbrahimovdur”.

Bu sözləri avtoxuliqanlıq etməkdə günahlandırılan müğənni Tunar Rəhmanoğlu deyir. Yol polisinə tabe olmamaqda və maşını yüksək sürətlə idarə etməkdə günahlandırılan müğənni məhkəmə qərarı ilə 10 sutka həbs olunub, sürücülük vəsiqəsindən 1 illik məhrum edilib.
Törətdiyi əmələ görə cəza alan Tunar onu bu addımı atmağa vadar edən şəxs barəsində də ölçü götürülməsini istəyir: “Azərbaycan qanunları hamıya şamil edilməlidir. Əgər bir vətəndaş kimi mən yol hərəkəti qaydalarını pozmamalıyamsa, dövlət məmuru da vəzifəsindən sui-istifadə etməməlidir. Mən çox hörmət etdiyim daxili işlər naziri Ramil Usubova, eləcə də DİN Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general – mayoru Ramiz Zeynalova müraciət edirək, bir vətəndaş kimi onlardan xahiş edirəm ki, Malik İbrahimovun bu hərəkəti ilə bağlı ölçü götürsünlər”.

Müğənninin dedikləri şəhərdə quraşdırılmış kameraların da yaddaşına köçürülüb. Elə DYP-dən əldə edilən videogörüntülərdən bəlli olur ki, ağ rəngli “Niva” markalı maşın Tunar Rəhmanoğlunun idarə etdiyi “Mercedes”i təqib edir. Tunar maşını saxladıqda isə DYP əməkdaşlarından öncə “Niva”dan düşən mülki geyimli şəxs yaxınlaşıb, “Mercedes”in arxa qapısını açır.

Bir sözlə, görüntülər şöbə rəisinin mülki geyimdə vətəndaşı təqib etdiyini ortaya qoyur.

Taksi sürücüsü də şikayətçidir

M.İbrahimovdan şikayət edən təkcə T.Rəhmanoğlu deyil. Taksi sürücüsü Rauf Cəbiyev də mətbuata açıqlama verərək, heç bir əsas olmadan Malik İbrahimov tərəfindən avtoxuliqan adı ilə saxlanılaraq bölməyə aparıldığını deyib. Onun sözlərinə görə, aprelin 13-də axsam saat 23 radələrində müştəri aparakən İnşaatçılar prospektində üzü Olimpə tərəf düşərkən işıqforda maşını saxlayıb və bu zaman onun yaxınlığında saxlayan ağ rəngli “Niva” markalı avtomobildən sürücünün yanında oturan bir nəfər düşərək onun maşınına yaxınlaşıb: “Hələ işıqfora çatmamış həmin maşında oturan şəxs mənə əl ilə saxlamaq işarəsi verdi. Ancaq adamı tanımadığımdan saxlamadım. Mülki geyimdə olan həmin adam əvvəlcə müştəri tərəfdə olan şüşəni döyəcləyərək maşının qapısını açılmasını tələb etdi. Amma müştərim Nicat adlı şəxs həmin adamı tanımadığından qapını açmadı”.

Rauf Cəbiyev avtomaşına yaxınlaşan şəxsin nə istədiyini öyrənmək üçün özü maşından düşüb. Az keçməmiş əraziyə YPX maşını da yaxınlaşıb. Bu zaman həmin mülki geyimli adam artıq qapını açıb yerə düşən Nicatın boynunun dalından tutaraq “ratsiya” ilə başından vurub və şalvarından yapışaraq kobudluqla “077” nömrə nişanlı maşına salıb. R.Cəbiyevi isə YPX maşınına otuzdurublar. Polislər onlara nə üçün saxlandıqları ilə bağlı məlumat da verməyiblər.

Sürücünün sözlərinə görə, yalnız YPX-nin maşınında ona məlum olub ki, onlar avtoxulqanlıq etməkdə ittiham olunurlar. “Polis mayoru mənə dedi ki, guya 20 yanvar şossesindən sürətlə keçmişəm. Halbuki mən heç o ərazidə olmamışdım. Dedim ki, bunu kameralar da göstərə bilər. Ancaq mayor etirazıma məhəl qoymadı. Yalnız onu dedilər ki, bizi tutduran şöbə rəisi Malik İbrahimovun şəxsən özüdür və onun icazəsi olmadan heç bir halda buraxa bilməzlər”.

Rauf Cəbiyevin sözlərinə görə, onların hər ikisi polis bölməsinə aparılsa da, hadisə qeydiyyata düşmədiyindən və hadisə ilə bağlı heç bir protokol tərtib edilmədiyindən sərbəst buraxılıblar. Yalnız sonradan, üstündən bir neçə həftə keçəndən sonra Rauf Cəbiyevə məlum olub ki, onlara qarşı avtoxulqanlıq maddəsilə protokol tərtib olunub və işləri məhkəməyə göndərilib.

Aparılan araşdırmalardan belə məlum olub ki, R.Cəbiyev hadisə ilə bağlı mətbuata məlumat verdikdən və daxili işlər naziri Ramil Usubova müraciət etdikdən sonra məhkəməyə verilib və 5 sutka cəza alıb, maşını cərimə meydançasına aparılıb.

İttiham aktını qanunsuz sayan R.Cəbiyev Qafqazregion.az saytına açıqlamasında bildirib ki, o, sadəcə Malik İbrahimovun özbaşnalığının qurbanıdır və buna görə də məsələnin Daxili Tədqiqatlar İdarəsində araşdırılmasını istəyir: “Hadisə baş verən zaman qeydiyyat aparılmadı, hadisəyə baxış keçirilmədi, şahidlər dindirilmədi və ekspertiza aparılmadı. Bölmədə də heç bir sənədə qol çəkməmişəm. Görünür məsələ böyüyəndən sonra geri tarixlə qeydiyyat aparılıb və iş məhkəməyə göndərilib”.



“Malik İbrahimov gün ərzində cəmi 3 saat yatır”


Adının açıqlanmasını istəməyən başqa bir sürücü də bir neçə ay əvvəl M.İbrahimovun “tor”una düşdüyünü deyir: “Şöbə rəisinin xüsusi adamları var. Bu adamlar “Jiquli 07” markalı maşında oturub yolda adama “ilişirlər”. Gənclər də başlayır sürəti artırmağa. Yarışa-yarışa gətirib çıxarırlar M.İbrahimovun yanına, o da cəriməsini kəsir”.
Adını açıqlamaq istəməyən keçmiş DYP əməkdaşı da deyilənləri təsdiqləyir: “Məni guya işimdə buraxdığım nöqsanlara görə DYP-dən xaric etdilər. Kimin həddi nədir ki, rəislərdən icazəsiz hansısa iş görsün? Hər yerdə kamera var, hər gün də görülən işin hesabı aparılır. Sadəcə məndən şikayət oldu, gördülər məsələ böyüyür qurban verdilər, getdim. Edilən şikayətlər doğrudur. Malik müəllim gün ərzində cəmi 3 saat yatır, bütün günü yollardadır. Əsasən də axşamlar çıxır reydə. Şəhərdə kimin hansı maşını sürdüyünü, harda nə edə biləcəyini də əla bilir. Həmişə də “Niva”da olur. Deyilənə görə, nazirin xüsusi tapşırığı var ki, avtoxuliqanları müəyyənləşdirmək üçün şəxsi maşından istifadə edilsin”.

“Yol üstündə rüşvət”

“Son vaxtlar paytaxtın yol polisi əməkdaşları ilə bağlı artan şikayətlərin İbrahimovun fəaliyyəti ilə bağlılığını iddia edənlər onun adıçəkilən idarədə rüşvət sistemini bərpa etməsindən danışırlar”. Bu fikirlər isə pia.az saytında gedən “Yol üstündə rüşvət” adlı məqalədə öz əksini tapıb.

Adını gizli saxlayan mənbə sözügedən sayta deyib ki, yol polislərinin sürücülərdən aldığı “haqlar” məhz onda cəmləşir: “Bir sözlə, Malik İbrahimov Bakı “QAİ”sində faktiki olaraq kassa rolunu oynayır. Onun gün ərzində əlindən sürücülərdən alınan üst-üstə 100-150 min manat civarında bir məbləğin keçdiyinə dair iddialar var. Radarlardan tutmuş sərxoş sürücülərlə bağlı istənilən qayda pozuntusu faktı ilə şəxsən maraqlanan Malik İbrahimovun paytaxtın yol polisi sistemində rüşvət faktını bərpa etməsindən sonra Bakı ərazisində yol polisi əməkdaşları ilə bağlı şikayətlərin artması, hətta internet üzərindən videoçəkilişlərin yayılması təəccüblü deyil”.

Yazıda daha sonra bildirilir ki, Malik İbrahimovun qardaşı Etibar İbrahimov isə Sabirabad rayonunda çalışır və əsas yola nəzarət edir: “O rayondan olan fermerlərin öz məhsullarını Bakıya gətirməsinə ciddi şəkildə mane olduğu və bu səbəbdən haqqında xeyli giley-güzarın dolaşdığı da yayılan məlumatlar arasındadır.

Əlbəttə, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi Nuşirəvan Səfərovun rəhbərlik etdiyi qurumun adıçəkilən vəzifəli əməkdaşı barədə artan narazılıqlardan nə qədər xəbərdar olub-olmadığını bilmirik. Bununla belə, ölkə başçısınin müşavirələrin birində yol polisi əməkdaşlarının fəaliyyəti ilə bağlı tənqidi fikirlərini xatırladır və bildirmək istəyirik ki, yol polisi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı sərəncamlar imzalandıqdan sonra hər kəs hər hansı qeyri-qanuni əməllərin azalacağına inanırdı”.

“İddialar əsassızdır”

Hüquqşünas Mehman Muradlının sözlərinə görə, maşın qovmağın özü qanunsuzluqdur: “Kamera görüntüləri və digər texniki avadanlıqlar imkan verir ki, avtoxuliqanlıq edən və ya yol hərəkəti qaydalarını pozan sürücülər anında tapılsınlar və cəzalandırılsınlar. Bunun üçün onları maşınla qovmağa ehtiyac yoxdur. Dəfələrlə bu cür qovmalar qəzaların törədilməsinə səbəb olub. Qanun da bu cür hallara qarşıdır. Ümumiyyətlə, yol polisin mülki maşında vətəndaşı təqib etməsi qanunla yolverilməzdir”.

Vəkil Fariz Namazlının sözlərinə görəsə, yol polisinə sürücünü qovmağa yalnız istisna hallarda icazə verilir: “Bu istisna halla bağlı “Yol hərəkəti haqqında” qanunda göstərilib ki, nəqliyyat vasitəsinin dayandırılması tələbini yerinə yetirməyən sürücü öz hərəkətləri ilə insan həyatına və sağlamlığına real təhlükə yaratdıqda nəqliyyat vasitəsi təhlükəsizlik şərtlərinə əməl edilməklə və DYP-nin yuxarı vəzifəli şəxsinə radio-cihaz vasitəsilə məlumat verilməklə təqib oluna bilər. Həmin nəqliyyat vasitəsinin dayandırılmasına başqa imkan olmadıqda isə bu məqsədlə məcburi dayandırma vasitələrindən istifadə oluna bilər. Nəqliyyat vasitəsinin təqib olunması yalnız onu idarə edən şəxs və ya onunla birlikdə olan sərnişin tərəfindən cinayətin törədilməsi və ya cinayətin törədilməsində şübhəli olunması haqqında dəqiq məlumat olduqda həyata keçirilə bilər”.

Vəkil onu da vurğuladı ki, yol polis əməkdaşı mülki geyimdə sürücüləri saxlaya bilməz: “Qanunvericiliyə görə, yol polis əməkdaşının vəzifələrindən biri xüsusi geyim formasında olmalı, xidmətdə olarkən xidməti vəsiqəni, xidməti silahını, şəxsi nömrə ilə döş nişanını, jezli, fiti, xüsusi çantanı (onun içində bu Qanunun mətnini, qələmi, inzibati xətalar haqqında protokolun blanklarını, eləcə də inzibati cərimənin ödənilməsi üçün cərimə bildiriş blanklarını) özündə saxlamaqdır”.

Respublika Baş Dövlət yol polisi idarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev isə şikayətləri əsassız sayır: “Əgər kiminsə şikayəti varsa, faktları Daxili İşlər Nazirliyinə, ya da bizə təqdim etsin. Hansısa maşının ardınca “Niva”markalı maşının getməsi hələ o demək deyil ki, iddialar doğrudur”.

Tunar Rəhmanoğlunun vəkili Emin Zeynalov faktla bağlı məhkəməyə müraciət edəcəklərini deyir. Artıq bununla bağlı sənədləşmə işləri yekunlaşmaq üzrədir.

Aynur Elgünəş