“Yüksəliş” müsabiqəsinin qaliblərinin fərdi inkişafı və dünyagörüşünün zənginləşdirilməsinə yönəlmiş təşəbbüslər çərçivəsində həyata keçirilən “Ədibin Evində Yüksəliş” silsilə görüşlərinin üçüncü sessiyası baş tutub.
“Qafqazinfo” xəbər verir ki, görüşdə ADA Universitetinin rektoru Hafiz Paşayev, “Ədibin Evi”nin təsisçiləri filoloq-ədəbiyyatşünas, professor Ədibə Paşayeva və ədəbiyyatşünas alim, professor Təhsin Mütəllimov, gənclər və idman nazirinin müavini, “Yüksəliş” İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev, eləcə də “Ədibin Evi”nin icraçı direktoru Şəfəq Mehrəliyeva iştirak ediblər.
Şəfəq Mehrəliyeva tədbiri giriş nitqi ilə açaraq belə görüşlərin ədəbi-mədəni mühitin zənginləşdirilməsi və maarifləndirici müzakirələrin təşkili baxımından əhəmiyyətini vurğulayıb.
Görüş Səməd Vurğunun anadan olmasının 120 illiyi münasibətilə təşkil olunan “Bahar şairi Səməd Vurğun” mövzusuna həsr edilib.
Görüş zamanı Azərbaycan jurnalının baş redaktoru, tənqidçi-publisist İntiqam Qasımzadə Səməd Vurğunun Azərbaycan ədəbiyyatındakı müstəsna yeri, yaradıcılığının əsas istiqamətləri, poeziyasının milli-mənəvi dəyərlərimizin formalaşmasındakı rolu və Azərbaycan poeziyasının inkişafına verdiyi töhfələr barədə danışıb, eyni zamanda, onun ədəbi irsinin gənc nəslin estetik zövqünün formalaşmasındakı əhəmiyyəti ətrafında fikir mübadiləsi aparılıb.
Mühazirə zamanı Səməd Vurğunun poetik dili, zəngin obrazlar aləmi, Azərbaycan dilinin bədii imkanlarından məharətlə istifadə etməsi, eləcə də ədəbiyyatımıza gətirdiyi yeniliklər diqqətə çatdırılıb.
Tədbir çərçivəsində ADA Universitetinin tələbələri tərəfindən Səməd Vurğunun sevilən şeirlərindən nümunələr qiraət olunub.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.
Sayca altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 10 dekabr 2025-ci il tarixində müvafiq Sərəncam imzalanıb.

Son xəbərlər
Son Xəbərlər