“Yuxarıların haqqını verməsən işləməkmi olar?..” - Oğru Duman

yuxarilarin-haqqini-vermesen-islemekmi-olar-ogru-duman
Oxunma sayı: 1017


Onu hamı oğru Duman kimi tanıyır. Özü də belə tanınması üçün az əmək sərf etməmişdi. Gözünü açandan anasının qonşudan oğurladığı kartof, toyuq, meyvə ilə böyümüşdü. Sonra atasının oğurladığı qoyun-quzu, inək-dananın pulu ilə geyinib -kecinmişdi. Özü “əmək fəaliyyətinə” nə vaxt başladığını xatırlamır. Ancaq kəndçiləri danışırdılar ki, Duman uşaqlıqdan oğurluğa başlayıb. İlk oğurluğu da qonşusu, özü yaşda olan Arifin südünü oğurlamağı olub. Duman qapılarına birinci quzunu 13 yaşında gətirdi. Arandan dağa köçən sürüdən oğurlamışdı. Quzu da quzu idi haa. Dədəsi Dumanın çiynindəki quzunu görəndə, gözü yaşardı : “Yaradana şükür, əziyyətim hədər getməyib”. Anası da balasının ilk qazancını – indiyə qədər oğurladığı qaz, toyuq, hinduşka əsl qazanc hesab olunmurdu - görəndə əməlli-başlı sevinmişdi: “Balama da qurban olum, onun qazancına da”. Duman özü də öz qarşısında böyük gələcək görürdü. Dumanın 16 yaşı olanda, arandan dağa, dağdan arana köçən bütün sürülərin çobanları ona haqq verirdilər.

Danışırdılar ki, bir sürünün çobanları Dumana haqq verməyəcəklərinə and içiblər. Hələ başqa çobanlarla mərc də gəlib ki, Dumanın “ərazisindən” keçəndə sürüdəki qoyun-quzulardan birinin burnu belə qanamayacaq. Gündüzlər sürünü atdan adam salan itlər elə qoruyurmuş ki, Duman sürünün həndəvərinə hərlənə bilmirmiş. Gecə isə sürü Zəyəm çayının üstündə ayrılmış yataq yerlərində yatar, itlər və çobanlar isə növbə ilə oyaq qalıb sürünü qoruyarmış. Yenə gecənin birində, sürü yataqda yatdığı vaxt hay-haray qopur, itlər sürünün arasına doluşmuş pişiklərin dalınca pərən-pərən düşürlər, sürü dağılır, ara qarışır, məzhəb itir. Sabah işıq gözünə çobanlar sürünü sayanda , iyirmidən artıq qoyunun yoxa çıxdığını görürlər. Duman gecə yoldaşları ilə birlikdə sürünün içərisinə pişik buraxıb, itlərin diqqətini yayındırıb, qoyunları ürküb pərən-pərən düşmüş sürüdən əllərinə gələni oğurlamışdılar.

Duman belə Duman idi. Duman kimi gələr, boğanaq kimi gedərdi. Duman oğurluq məsələsində çox tolerant idi. Heyvan qohumun olsun, ya yadın, gözünə xoş gəldimi, oğurlayacaq. Bir gün həmin bu Duman gedib meşədə, otladığı yerdəcə əmisi oğlunun ikiillik toy danasını oğurlamazmı? Sonra da danası itən əmioğluya qoşulub bir həftə dana axtarmazmı? Bütün kənd Nürəddin müəllim,vallah , sənin dananı Duman oğurlayıb – desə də, Nürəddin müəllim deyilənlərə inanmadı: - Duman oğurlasa, mənə qoşulub bir həftə dana axtarmazdı- cavabı belə oldu zavallının.

Dana, təbii ki, tapılmadı.Üstündən altı ay keçəndən sonra, Dumandan yanıqlı olan “silahdaşlarından “biri dananı hardan, necə oğurladıqlarını, aranda kimə ötürdüklərini, hətta o dananın puluna Dumanın Nürəddin müəllimə bir xəngəl qonaqlığı verdiyini də müəllimə danışanda, yazığın hirsindən boynunun damarı şişmişdi. Dumana ismarıc göndərmişdi ki, gözümə görünmə, səni görsəm qulağının dibinə bir qapaz ilişdirəcəm. Nürəddin müəllimin qapazının ağrısını məktəbə getdiyi 10-15 gün ərzində daddığı üçün, ismarıcı aldığı günün səhəri, Duman kənddən qazanc adı ilə çıxıb Tbilisə getmişdi. O, əsgərlikdə Tbilisidə oldugu üçün, bu şəhəri yaxşı tanıyırdı. Hər künc-bucağına bələd idi. Duman Tbilisdən bir də üç ay sonra gəldi- iki yekə torba ilə. Dedilər: Duman alverə başlayıb. Duman da Tbilisdən saqqız, üstünə “Montana” yazılmış çantalar, cins şalvar, köynəklər gətirmişdi. Alveri yaxşı getdi, bütün gətirdiklərini satdı deyə, yenə Tbilisiyə qayıtdı. Kənddə az qala hamı dua edirdi ki, Dumanın əli tutsun, başı alverə qarışsın, kəndən oğurluq eləməsin. Ancaq ikinci gedişinin üstündən bir ay keçmədi , səhər qonşular oyandı ki, Duman qapıda odun yarır:
- A Duman, bu dəfə satlıq nə gətirmisən?
- Heç nə. Bu dəfə əlim tutmadı.

Vəssalam. Dumanın Tbilisiyə yolu bağlandı. Orada nə eləmişdi, kimin evini yıxmışdı ki, qorxusundan qayıda bilmədi, bunu bir özü bildi, bir də ağ gündə də, qara gündə də ona dəstək olan arvadı.

Duman qayıtdı əvvəlki sənətinə. Rayonun polis işçilərinin əksəriyyəti Dumanı yaxşı tanıyırdı. Hətta, bəziləri onunla dost idilər. Hərdən Duman onları yığıb bulaq başına aparar, bir quzunu kabab, pörtləmə edib-zoğal, tut arağını da balonla yanlarına qoymaq şərti ilə - qonaqlıq verərdi. Bəs nə? Yuxarıların haqqını verməsən işləməkmi olar? Duman hərdən yanılırdı da. Çoxdan idi gözü qonşunun bir doğmuş cavan inəyini almışdı. Girəvə axtarırdı ki, inəyi oğurlayıb satsın. Payız idi. Bu gün,sabah qış qapını kəsəcəkdi, uşaqların əyni-başı yalın idi. Topal İsmayılla danışdı.Vədələşdi ki, inəyin başını elə çöldəcə kəsəcək, ancaq özü qayıdıb evə gələcək. Cəmdəyi aparıb rayonda kolbasaya vermək İsmayılın boynunadır. Çünki, həmin axşam Duman evdə olmasa, qonşu ondan şübhələnəcək. Belədə, yenə “Allah haqqı,mən sənin inəyini heç yerə aparmamışam, satmamışam” –andını içə bilərdi. Elə də elədilər. Həmin günü hava dumanlı-çisginli idi. Elə bil şər də tez qarışmışdı. Duman xəncərini gödəkcəsinin altına gizlədib meşəyə getdi. Kənd yenə yaxşı idi, göz-gözü görürdü, meşə lap qaranlıq idi. Duman əvvəlcədən inəyin həmişə otladığı talanı müəyyən etmişdi. Düz talaya getdi, inək yox idi. Bir az irəliyə, kol-kosun içinə doğru irəlilədi. Gözü qaraltını güclə seçirdi, inəkdi. Duman vəhşi kimi inəyin üstünə yüyürüb, xəncəri boğazına çəkdi. Bir fit çalıb kəndin üst yanında , fısdıq ağacının altında durub onu gözləyən İsmayıla xəbər verdi. Sonra da , xəncərin qanını torpağa silib evə qayıtdı. Evə çatan kimi, əllərini yuyub qonşunun həyətinə keçdi. Hal-əhval tutub, o yandan- bu yandan söhbət eləməyə başladı. Qoy hamı görsün ki, inəyi itən axşamı Duman qonşunun evində olub. Qonşu da Dumanı evə, çaya dəvət etdi. Dəqiqələr, saatlar ötüşürdü, ancaq nə qonşu, nə də arvadı hələ də gəlib çıxmayan inəklərini axtarmırdılar. Duman elə özünə sual verə-verə qalmışdı ki, qapı açıldı. Gələn arvadı idi:
- A Duman, inək gəlməyib, buzovun səsi pəyəni başına götürüb. Dur, anarı çıx, gör bu mərət harda qalıb?
Dumanı elə bil ilan çaldı, dik atıldı. Qonşusuna baxdı:
- A Söyün, sizin inək gəlibmi?
- Hə, ertədən gəlib, bağlamışam. Duman stula çökdü. Öz inəyini kəsibmiş. Duman belə Duman idi. Dumanın yediyi,içdiyi hətta aldığı arvadı da oğurluq idi. Cavan vaxtı yoldaşlarından biri ilə heyvan almaq bəhanəsilə Gədəbəyin ucqar kəndlərindən birinə gediblərmiş. Niyyətləri alıcı adı ilə evləri bir-bir gəzib gözəgəlimli heyvanları bələdləmək, sonra gecənin birində gəlib oğurlamaq idi. Gözdən pərdə asmaq üçün bir-iki qoyun alıb gətirmək də olardı. Belə işləklərə onlar tez-tez əl atırdılar. Bu dəfə quzu oğurluğuna gedən Duman, qız oğurlayıb gətirdi.Gəzdiyi evlərdən birində gördüyü qarabuğdayı qız o qədər xoşuna gəldi ki, ev yiyəsinə heyvanlara heç baxmadan, satlıq heyvanlarının hamısını alacağına söz verdi. Sevinən ev sahibi də bu qərib alıcıları gecə evində qonaq etmək qərarına gəldi. Gecənin bir vədəsi Duman evin birinci qatında yatan qızı yorğanqarışıq qucağına alanda , qızın heç cınqırı da çıxmadı. Qız ertədən ona qaş-göz atan bu boylu – buxunlu alverçiyə elə aşiq olmuşdu ki, gecəni gözünə yuxu da getmirdi. Gecənin günortası pəncərə yavaşca açılanda da dinmədi,kölgənin boy-buxunundan kim olduğunu bilmişdi. Səhəri ev yiyəsi oyananda dünənki alverçilərin “Qaz 52”- sini qapıda, qızı da yerində görməyəndə hər şeyi anlamışdı. Qızın dalınca Dumangilə qədər gəlib çıxsalar da, qız könüllü gəldiyini deyib, qayıtmağa etiraz etmişdi. Bu qız oğurluğunun üstündən heç bir ay keçməmiş Duman dana oğurluğu üstündə tutulub, iki il həbs cəzasına məhkum olunanda da, qızın qardaşları təzə gəlini nə qədər dilə tutmuşdularsa, o dediyindən dönməyib, oturub Dumanı gözləyəcəyini demişdi. Gözləmişdi də. Duman da həbsxanadan çıxanda ona tibbdə istifadə edilən system şunurundan hörülmüş bir ürək gətirmişdi. O ürək hələ də Dumangilin evinin divarını bəzəyir.

Günlərin birində polis maşını sirenasından kəndə səs sala-sala Dumanın evinə yaxınlaşdı. Kənddə hamı düşündü ki, yüz faiz kiminsə danası itib, ona görə də kəsiblər Dumanın başının üstünü. Amma kənddə heç kimin danası itməmişdi,heç qoyun-quzusuna da xətər dəyməmişdi. Kəndin kişiləri doqqaza yığılıb polisin bu qəfil gəlişini müzakirə eləməyə başladılar: - Bəlkə,qonşu kənddən oğurluq olub. - Onsuz da, Hunna dərəsində birinin bir cücəsi də itəndə, hamı Dumandan görür. - Od olmayan yerdən tüstü çıxmaz. Kişilər çox dedilər, çox eşitdilər, ancaq bu dəfə polisin Dumanın qapısına niyə gəldiyinin səbəbini tapa bilmədilər. Polislər də Dumanı maşına basıb apardılar. İş onda idi ki, bu dəfə heç arvadı da bilmədi ki, polis Dumanı niyə, nəyin üstündə apardı. Odur ki, gecə səhərə gözünə yuxu getmədi. Qonşuları, Dumanın “iş yoldaşı” topal İsmayıl da o gecə gözünü yummadı. Ha ölçüb-biçdi, düşünüb- daşındı, bir yana çıxa bilmədi. Axırda da, “bəlkə məndən xəlvət kimdənsə oğurluq edib, oğraş”- deyib, üzünü divara çevirib, mürgüləməyə çalışdı.

Duman evə bir də səhər axşamtərəfi qayıtdı. Kefi kök idi. Arvadı gözlərinə inanmadı, ilk dəfə idi ki,əri polis idarəsindən belə - kefi kök, dönürdü. Gözü ərinin ağzında, çay, xörək hazırlayıb süfrəyə qoydu .Özü də stul çəkib oturdu, əlləri ilə çənəsinə dayaq verib, gözünü ərinin marçamarçla xörək yeyən ağzına zillədi.

- Bə mən sənə demirdimmi ki, Putinlə əsgərlik yoldaşı olmuşam?
- Putin kimdir?
-Rusiyanın prezidenti. Yadından çıxıbmı, danışmırdımmı ki, arıq, sarıyanız bir oglan idi. Bir hissədə qulluq eləmişik?
- Yadımda deyil. Putini neynirəm, de görüm səni niyə aparmışdılar?
- Putin Bakıya gəlib.
- Ondan mənə nə?
- Putin Bakıda məni soruşub.
- Dolama məni. O səni necə yadında saxlayıb?
- Çox güclü yaddaşı varıymiş. Çatan kimi deyib ki, sizin filan rayonun filan kəndində Kərimov Duman – Tuman yox haa, ruslar “duman”a “ tuman” deyirlər, - var, mənim əsgərlik yoldaşım olub. O hardadır? O dəqiqə də əl-ayağa düşüblər, rayona zəng ediblər, onlar da axtarıb, məni tapıblar. Dünən məni görəndə, rəisin gözü kəlləsinə çıxdı ; “ə, Duman, o Duman sənsən?” . Dedim: - Bəli ,rəis. Dedi: - Ə, oğulsanmış. Bə, bizə niyə demirdin? Dedim: - Desəm də inanmayacaqdınız. Bu gecə də polisin birinin evində qaldım. Səhər dedilər, get, xəbər göndərəcəyik . Arvadı Dumanın söylədiklərini ildırım surəti ilə kəndə yaydı. Bir həftə Dumanın arvadı küçəyə çıxanda, bulağa suya gedəndə , yerişini itirdi.

Bir həftə uşaqları Dumanı adı ilə yox, “dədə” çağırdılar. Bir həftə doqqazda kişilər Dumanın salamını başları ilə yox, dilləri ilə aldılar. Hələ “nağayrırsan, nə var, nə yox?” - deyə, hal-əhval da tuturdular. Bir həftə Duman “West” yox, “Parlament” çəkdi. Bir həftə Duman kəndin qəhrəmanı oldu. Bəs nə, o, Putinin əsgərlik yoldaşı olub, Putin onu tanıyır və Azərbaycana gələndə onu soruşub. Bir həftə Duman gündə iki dəfə, günorta və axşam, doqqaza toplaşan kişilərə və uşaqlara əsgərlikdə Putinlə birlikdə necə xidmət etməsindən, Putini necə “Volodya” çağırmasından, sarışın Volodya ilə birlikdə törətdiyi əməllərdən – hamısı da yalan idi- danışdı. Bir həftə sonra, Dumanı rayona çağırdılar. O, istədi ki, taksi tutub getsin. Sonra düşündü ki,özünü gözə gətirər. Avtobusa oturub rayona getdi. Qayıdanda qanı yaman qara idi. Çırtma vursan qanı tökülərdi. Arvadı əvvəlcə nəsə soruşmağa qorxdu,sonra cəsarətini toplayıb:
- Nə oldu? - soruşdu.
- Canlarına azar oldu. Mən Putinlə görüşməyə yaramırammış. Əslində hadisə belə olmuşdu. Putin dogrudan da Azərbaycana gələndə hərbi xidmətdə olarkən tanış oldugu azərbaycanlı Kərimov Dumanı soruşub. Dumanın doğuldugu rayonun və kəndin də adı yadında qaldığı üçün, tez rayona zəng olunub, xəbər göndərilib ki, Dumanı tapın. Polislər də onun adını tutub, gəlib çıxıblar oğru Dumanın qapısına. Polislər hara gəlib çıxdıqlarını görəndə bilməyiblər nə etsinlər. Əlacları ona qalıb ki, Dumanı götürüb aparıblar rayona-rəisin yanına. Bu zaman rəisin otağında başqa bir kişi də varmış. Bu kişi Bakıdan Dumanın dalınca rayona göndərilən şəxs imiş. Həmin adam bir Dumanın boyuna- buxununa, şramla dolu olan sifətinə, bir də rəisin üzünə baxıb, narazılıq mənasında başını yelləyib. Hə, onu deməyi unutmuşdum, Dumanın sifətinin sağ tərəfi payızda ağacın dibinə düşüb, qalıb büzüşmüş almanı xatırladırdı, qırı-qırış idi. Bir dəfə qonşu kənddən oğurluq etməyə gedən Dumanın üstünə atılan yekəpər itin sağ əlinin dırnaqları Dumanın sol sifətini, dişi isə üzünü qorumağa çalışan sağ qolunu parçalamışdı. Duman düz iki ay xəstəxanada yatdı. Sallanan üz dərisini yerinə tikdilər, amma, daha onun üzünə baxılası olmadı. Çox qorxunc görkəmi vardı. Rəis Dumana əl verib, görüşüb, bir az o yandan - bu yandan danışıb, sonra bura niyə çağrıldığının səbəbini demişdi. Bəlkə də əsl səbəbi deməzdi, çağrışın məqsədini yozardı, ancaq polislər artıq Dumana işin nə yerdə olduğunu demişdi. Odur ki, əlacsız rəis Dumana olanları danışmış, sonra da “yeri evə get,lazım olanda xəbər edəcəm”- deyib, geri göndərmişdi.

Sonra da Dumanın Putinin qarşısına çıxmasını məsləhət bilməyən böyüklər, Putinə Dumanın öldüyü xəbərini veriblər. Rəisə isə “necə bilirsən ,elə də et”- deyiblər. Rəis də bildiyini edib:
- Duman, Putin səni tanımasa da, biz səni yaxşı tanıyırıq. Üzünə baxanda adam qorxur. Bir igidlik edib özünü bu günə qoysaydın, yenə dərd yarı idi. Odur ki, Putinə Duman ölüb dedik. Sən daha ölü siyahısındasan. Bax, məndən xəbərdarlıq etməkdir. Bundan sonra o dərədən bir oğurluq xəbəri eşitsəm, səni basacam bərdən anarı, əlli-ayaqlı gedəcəksən. Ya da açılmamış o qədər ölüm cinayəti var ki. Birini yapışdıracam peysərinə,biryolluq olacaqsan. Get,başını aşağı sal, kartofunu ək, dolan. Bir də oğurluq etdiyini eşitsəm, dədəmin oğlu deyiləm, dediyimi etməsəm. Rəis sonra bir siqaret yandırıb, üzünü pəncərəyə çevirib dodagaltı söyləndi:
- Bir layiqli, adam vidində oğul olaydın, biz də ehtiyatlanmayıb, səni ortaya çıxardaydıq, bizim də üzümüzə gün doğaydı. Sonra qəfil üzünü ona çevirib qışqırmışdı:
- Dur, rədd ol burdan, oğru köpəyoğlu!

Duman o atan, oğurluğun daşını atdı...