Zakir İbrahimov Özbəkistan səfiri ilə görüşüb - Foto

zakir-ibrahimov-ozbekistan-sefiri-ile-gorusub
Oxunma sayı: 1223

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimov Özbəkistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, görüşdə Azərbaycan-Özbəkistan münasibətlərinin zəngin tarixə malik olduğu, ortaq mədəni irsə, eyni etnik və dini köklərə sahib olan xalqlarımız arasında əlaqələrin dostluq, qardaşlıq və qarşılıqlı hörmətə əsaslandığını qeyd edən Z.İbrahimov iki ölkə arasında bütün sahələrdə olduğu kimi, iqtisadi əməkdaşlığın da yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırıb. O, Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin uzun illərdən bəri gələn ənənələrə uyğun sıx dostluq əlaqələrinin bu inkişafın təməlində dayandığını qeyd edib, dövlətlərarası əlaqələrin günü-gündən gücləndiyini, qardaş xalqlarımız arasında münasibətlərin daha da möhkəmləndiyini bildirib.

İdarə Heyətinin sədri “AzerGold” QSC-nin fəaliyyət sahələri üzrə əldə etdiyi nailiyyətlər, QSC-nin strateji planları və dağ-mədən sektorunda görülən işlər haqqında danışıb. Z.İbrahimov Azərbaycanda dağ-mədən sahəsinin neft-qaz sənayesi ilə müqayisədə yeni sahə olmasına baxmayaraq, son illər xüsusilə qızıl hasilatında böyük uğurlar əldə edildiyini qeyd edib. İdarə Heyətinin sədri Səhmdar Cəmiyyətin qızıl yataqları üzrə dövlət büdcəsindən asılılığı tam olaraq aradan qaldırmağa nail olduğunu, yeni əlvan və qara metal yataqlarının istismarına hazırlıq işlərini uğurla davam etdirdiyini bildirib.

Z.İbrahimov “AzerGold” QSC-nin hazırda 3 mədən layihəsi – “Çovdar”, “Mərəh” və “Tülallar” qızıl yataqlarının istismarını, “Daşkəsən” dəmir yataqları qrupu, “Filizçay” polimetal, “Ortakənd” qızıl mədəni kimi irimiqyaslı layihələrin icrası ilə bağlı fəaliyyətini uğurla davam etdirdiyini, sözügedən yataqların QSC-nin xarici investisiyaya açıq layihələri olduğunu qeyd edib. İdarə Heyətinin sədri işğaldan azad edilmiş Kəlbəcər rayonunda yerləşən “Tutxun” qızıl təzahürləri sahəsi ilə bağlı geoloji tədqiqatların davam etdirildiyini, işğal dövründə həmin ərazilərin mina və partlamamış hərbi sursatlarla çirkləndirildiyi üçün prosesin sürətlə icrasının mümkün olmadığını, vaxt itkisinin qarşısının alınması üçün tədqiqatlarda innovativ axtarış metodlarından sayılan qeyri-invaziv hiperspektral peyk görüntülərinin çəkilişlərinin həyata keçirildiyini qeyd edib.

“AzerGold” QSC-nin Azərbaycanda uğurlu mədənçilik fəaliyyəti həyata keçirməklə yanaşı, ölkə hüdudlarından kənarda da əməkdaşlıq əlaqələri quraraq, fəaliyyətini genişləndirməkdə maraqlı olduğunu diqqətə çatdıran Z.İbrahimov qızıl ehtiyatlarına görə dünyanın ilk 10-luğuna daxil olan qardaş Özbəkistan Respublikasında bu sahədə birgə əməkdaşlıq əlaqələrinin yaradılması üçün tərəflər arasında həyata

keçirilmiş qarşılıqlı səfərlər, işgüzar görüşləri xatırladıb. O, 2023-cü ilin 24 fevral tarixində Özbəkistanın paytaxtı Daşkənd şəhərində “AzerGold” və Özbəkistan Respublikasının Dağ-Mədən Sənayesi və Geologiya Nazirliyi arasında Özbəkistan ərazisində geoloji kəşfiyyat işlərinin həyata keçirilməsi və qızıl yataqlarının işlənməsi sahəsində birgə əməkdaşlığın qurulması haqqında imzalanan Anlaşma və Razılaşma Memorandumu ilə bu istiqamətdə əlaqələrin üst səviyyəyə qaldırılmasından məmnunluğunu ifadə edib.

Öz növbəsində, Azərbaycanın Özbəkistan üçün vacib tərəfdaş olduğunu qeyd edən B.Aşrafxanov ölkəsində yeni əlvan metal yataqlarının öyrənilməsi və idarə olunması sahəsində “AzerGold” QSC ilə əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib. İki ölkə arasında əməkdaşlığın yeni istiqaməti kimi, dağ-mədən sahəsində müştərək fəaliyyətin təşkil edilməsinin əhəmiyyətini qeyd edən səfir həm geoloji kəşfiyyat, həm də mədənlərin istismarı sahəsində böyük təcrübəyə malik “AzerGold” QSC ilə birgə əməkdaşlığın qurulmasının qarşılıqlı faydalı olacağına diqqət çəkib.

Görüşdə, həmçinin digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.