Zakir Qaralovun qardaşına Gürcüstanda cinayət işi açıldı - Yenilənib

zakir-qaralovun-qardasina-gurcustanda-cinayet-isi-acildi
Oxunma sayı: 10787

Azərbaycanın sabiq Baş Prokuroru Zakir Qaralovun qardaşı Tahir Qaralova cinayət işi açılıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Gununsesi.org məlumat yayıb.

Qeyd olunur ki, sabiq Baş Prokurorun Gürcüstan vətəndaşı olan qardaşı Tahir Qaralov bu ölkədə başqa bir şəxsi ölümlə təhdid etdiyinə görə barəsində cinayət işi başlanıb. Cinayət işinin açılmasına səbəb isə Gürcüstan vətəndaşı Emil Ocaqquliyevin Zakir Qaralov barəsində Azərbaycanın yeni Baş Prokuroru Kamran Əliyevə şikayət ərizəsi göndərməsi olub.

Faktı təsdiqləyən Emil Ocaqquliyev birdirib ki, Kamran Əliyevə şikayətindən sonra Zakir Qaralovun qardaşı onu təhdid edib, ölümlə hədələyib:

“Mən də buna görə Gürcüstanın hüquq-mühafizə orqanlarına şikayət etdim. Artıq Tahir Qaralov barəsində cinayət işi başlanıb və dünən onun ilkin ifadəsi alınıb”.

***

Zakir Qaralovun qardaşı Tahir Qaralov Gürcüstanda cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı barəsində yayılan məlumatlara münasibət bildirib.

T.Qaralov APA-ya açıqlamasında qeyd edib ki, barəsində yayılan bu məlumatlar yalandır: “Mənim barəmdə Gürcüstanda cinayət işi başlanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Bu məlumatlar sifarişli və qərəzli yazılardır. Həmin yazıda adı çəkilən şəxsi mən ümumiyyətlə tanımıram. Azərbaycan ictimaiyyətini provokasiya xarakterli belə yazılara inanmamağa çağırıram”.