Qıllı sinə, əyri ayaq, yekə baş... -

qilli-sine-eyri-ayaq-yeke-bas-
Oxunma sayı: 4260


Sosial şəbəkələr həyatımızın ayrılmaz parçasına çevrilib. Təkcə yaradıcı adamlar deyil, sadə insanlar da son vaxtlar sosial şəbəkələrdə çox fəallıq göstərirlər. Şəbəkə istifadəçiləri internetin verdiyi sərbəstlikdən yararlanaraq, bəzən ən məlhəm sirləri də ictimailəşdirməkdən çəkinmirlər. Məsələn, uzun illərdən bəri virtual aləmdə dostluq etsəm də, heç vaxt üzünü görmədiyim, səsini eşitmədiyim, halına-xasiyyətinə bələd olmadığım bir xanımın hamilə olduğunu ötən gün sosial şəbəkə vasitəsilə öyrənmişəm. Halbuki əvvəllər bu barədə danışmaq ayıb sayılırdı...

Mən, insanların təkcə sevinci deyil, həm də kədəri paylaşmasının tərəfdarıyam. Bir çoxları kimi, mən də o fikirdəyəm ki, dərdi bölüşdükcə azalır. Amma sosial şəbəkələri qəbiristanlıq şəkilləri ilə “bəzəməyə” yaxşı baxmıram. Elə dərd var ki, insan onu tək çəkməlidir. Həm də içində...

Hazırda sosial şəbəkə istifadəçilərini narahat edən çoxsaylı problemlər var. Bu problemlərin bəziləri yay fəslində daha qabarıq şəkildə üzə çıxır. Xəzər dənizini Allah-Təalanın Azərbaycan xalqına bəxş etdiyi ən gözəl nemətlərdən biri saymaq olar. Məmur-oliqarxlar mavi Xəzəri nə qədər hasarlasalar da, bizim kimi sadə adamlar arabir başımızı suya soxmağa imkan tapırıq. Dənizdə çimmək, “günəş vannası” qəbul etmək insanın səhhətinə müsbət təsir göstərir. Amma bu, hər bir insanın şəxsi işidir və onu ictimailəşdirməyə ehtiyac yoxdur. Kişinin qıllı sinəsini, yekə qarnını, əyri ayaqlarını sosial şəbəkələrdə nümayiş etdirməsi yaxşı hal deyil. Şəxsən mən həmin adamları dərhal dostlarımın siyahısından çıxarıram. Biz niyə kiminsə nağara boyda qarnını, tüklü ayaqlarını görməliyik? Əgər mənim və mənim kimi yüzlərlə insanın diqqətini cəlb etməyə, zövqünü zənginləşdirməyə qabiliyyətin çatmırsa, get, öz səviyyənə uyğun adamlarla dostluq et! Sizə də çılpaq şəkilləri ilə sosial şəbəkələrdə “boy göstərən” adamlarla məhz bu cür davranmağı məsləhət görürəm.

Sonda başqa vacib bir məqama da toxunmaq istəyirəm. Facebook sosial şəbəkəsində dostluq etdiyim təxminən 5 min nəfərin ən azı 4 mininin manqalın yanında şəkli var. Çünki Azərbaycanda kabab yemək prestijli iş sayılır. YAP-çı dostlarım inciməsinlər, onlar Azərbaycan xalqını o qədər acınacaqlı vəziyyətə salıblar ki, insanlar evlərinə iki kiloqram ət alanda sevincdən yerə-göyə sığmırlar. Halbuki milyon illər əvvəl babalarımız mağarada ancaq kabab yeyiblər. Və üstəlik, kabab yediyinə görə heç kim forslanmayıb.

İbtidai insanlar qədər də olmadıq...

“Qafqazinfo”