“Qafqazinfo” “Gənclərin problemlərinin mediada müzakirəsi-ictimai debatlar” adlı layihə çərçivəsində növbəti debatı oxuculara təqdim edir. Bu dəfəki debatın mövzusu gənclərin işsizlik problemi ilə bağlıdır. Debat iştirakçıları Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə, “İrəli” İctimai Birliyinin sədri Rauf Mərdiyev, Müsavat Gənclər Komitəsinin sədri Tural Abbaslı, iqtisadçı ekspert Qadir ibrahimli və jurnalist Seymur Verdizadədir.
Günel Türksoy: Azərbaycanda gənclərin işsizlik problemi varmı?
Qadir İbrahimli: Ölkəmizdə işsizlik probleminə bir sistemli elmi yanaşma yoxdur. Birincisi, əgər hökumətdə belə sistemli yanaşma olsaydı, Azərbaycanda real işsizlərin sayı bəlli olardı. Ölkədə nə qədər işsiz var? Onlardan neçəsi gənc, neçəsi qadın, neçəsi kişidir? Çox təəssüf ki, uzun illərdir Dövlət Statistika Komitəsi yalnız qeydiyyatdan keçmiş rəsmi işsizlərin sayını göstərməklə məşğuldur. Müxtəlif dövrlərdə ayrı ayrı nazirliklər bu məsələnin araşdırmağa çalışıblar. 2003-cü ildə İqtisadi İnkişaf Nazirliyinin araşdırmalarına görə, Azərbaycanda təxminən 600 min işsiz var idi. Ancaq Nazirlər Kabinetinin araşdırmalarına görə işsizlərin sayı 440 min idi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin araşdırmalarına görə isə bu rəqəm 200 min təşkil edirdi. Dəqiq statistika olmadığına görə də Azərbaycanda nə qədər gəncin işsiz olduğunu bilmirik. Dövlətin iqtisadiyyatını müəyyənləşdirəndə ilk növbədə real staistika hesablanmalıdır. Əgər real statistika olmasa, gənclərin işlə təmin olunması məsələsi effektiv ola bilməz. Ali təhsilli gənclərin işsizlik probleminə toxunmaq istəyirəm. Absurd bir vəziyyət yaranıb ki, dövlət sifarişi ilə təhsil alan gənclər işlə təmin oluna bilmirlər. Əgər dövlətin ehtiyacı yox idisə niyə həmin ixtisasları dövlət sifarişinə daxil edirdi? Nə üçün TQDK-ya sifariş göndərir ki, bu qədər mütəxəssisə ehtiyac var? Dövlət strukturlarında işlə təmin olunmaq məsələsi açıq qalıb. İkinci absurd məsələ isə öz hesabına təhsil alan tələbələrin də işsiz qalmasıdır. Əgər sənin kadra ehtiyacın yox idisə, niyə məcbur edirdin ki, tələbə öz hesabına təhsil alsın, sonra da işsiz qalsın. Təəssüflər olsun ki, bu gün Azərbaycan iqtisadiyyatını 5-6 iri holdinq idarə edir. Onlar bazarda monopolist mövqeyə sahib olduqlarına görə, rəqabət mühiti də yoxdur. Rəqabət mühiti olmadığına görə də ölkədə iş yerlərinin sayı azdır. İşsizlərin sayı isə çoxdur. Tutaq ki, hansısa holdinq fikirləşir ki, mən nə istehsal edirəmsə, onu da satacağam. Mənim üçün hansısa xüsusi bir menecere ehtiyac yoxdur. Onsuz da bu bazar mənə verilib. İnzibati yollarla məni rəqiblərim aradan götürülüb. Azərbaycanda “gənclərin işsizlik problemi” kimi bölgü aparmaq da düzgün deyil. Mən buna Azərbaycan vətəndaşlarının işsizlik problemi kimi baxıram. Biz bu gün bilmirik ki, Azərbaycanda nə qədər işsiz var. Dövlət hansısa sahələri stimullaşdırmalıdır ki, yeni iş yerləri açılsın və bu insanlar işlə təmin olunsun.
Günel Türksoy: Ümumiyyətlə, ölkədə 31 faiz gənc olduğu deyilir. Qeyri rəsmi rəqəmlərə görə isə onların yarıdan çoxu işsizdir.
Qadir İbrahimli: İşsizliyə siz kəmiyyət baxımından belə yanaşa bilərsiniz. Bu gənclərin ümumiyyətlə 1 faizi iş qabiliyyəti olmayan gənclərdir. İkinci, bir qismi isə işləməyə meylli olmayan insanlardan ibarətdir. Bunlar da əsasən evdar qadınlardır. Ailə başçısı evi dolandırır. Xanımın özünün də işləməyə marağı olmur. Yəni bunları biz işsiz kimi dəyərləndirə bilmərik. Bu insanlar könüllü olaraq ictimai əməkdən imtina edir. Hesab edir ki, onun ailəsinin gəliri kifayət qədər var və o həmin şərtlərlə yaşaya bilər. Ona görə də deyirəm ki, real statistika aparılmalıdır. Yəni bir çox iş yerlərində işçilərlə əmək müqaviləsi bağlanmır. Onlar qeyri-rəsmi işləyirlər. Real statistika aparmaq lazımdır ki, bu kateqoriyaya nə qədər gənc daxildir. Onlar rəsmən işləmirlər. Sosial yardım fondunda uçotda deyillər. Amma hər halda gəlirləri var. Belə bir diferensiallaşma aparılmadan, real nəticə əldə etmədən buna gənclərin problemi kimi baxmazdım. Hərçənd ki, bu problem də var.
Şahin Seyidzadə: Ümumiyyətlə, bu məsələyə iki aspektdən baxmaq olar. Biz iqtisadi-hüquqi baxımdan baxsaq bilməliyik ki, mütləq halda işsiz o şəxsə deyilir ki, kim qeydiyyatdan keçib və məvacib alır. Yəni Avropada tez-tez işlədilən işsizlik problemi və faizi bununla ölçülür. İkinci isə ictimai cəhətdən baxsaq, bütün günü işləmirsənsə, işsiz sayılır. Kütləvi şəkildə baxsaq, bu gün çoxlu suallar əmələ gəlir. Biz daima məlumat portallarda hər ay orta hesabla 600-800 vakansiya elanları müşahidə edə bilərik.
Tural Abbaslı: Harada verilir bu vakansiyalar?
Şahin Seyidzadə: Bütün portallarda gedir. Biz sorğular da keçirmişik. Vaxtilə insan idarəetməsi ilə məşğul idim. Bu gün 12-15-ə yaxın portallar var ki, orada daimi olaraq vakansiyalar elan edilir. Bu da sübut edir ki, hazırda vakansiyalar var. Bu günki gəncin valideyni psixolji cəhətdən övladını hazırlaşdırıb ki, sən universiteti bitirmisənsə, işin olmalıdır. Birinicisi, keyfiyyətsiz təhsillə iş tapmaq çox çətindir. Bu gün bu problem var. Beş ildən sonra da bu məsələ çox sərtləşəcək. Xaricdə oxuyan tələbələr vətənə qayıdırlar. Bunlar çox böyük bir kütlədir, investisiyadır. Və yerli diplomu əldə edən tələbələrlə çox ciddi bir rəqibdir. Yəni Amerika oturub düşünmür ki, Harvard bitirən tələbə işlə təmin olunacaq ya yox. Harvard adı artıq onu işə düzəldir. Çünki o Harvarddır. İkinci kursdan tələbəni şirkətlər aparır ki, onlarla işləsin. Birinicisi, təhsil sistemi özü tələbəni iş həyatına, peşəkar xüsusiyyətlər verməyə və sanki bu kimi məqamlara hazırlamalıdır. Bu çox vacib bir məsələdir. Bu gün necə iş axtarılır? CV vasitəsi ilə. Reallıqda baxaq görək ki , bu gün neçə adamın CV-si var? CV-lər necə vəziyyətdədir? Yəni biz qəbul edə bilərik ki, işsizlik problemi mövcuddur. Digər məsələ isə gənclərin özlərinin düzgün iş tapmağa hazır olub-olmaması ilə əlaqədardır. Şirkətlər, dövlət müəssisələri sorğu aparıblarmı? Razıdırlarmı orada işləyən kadrlardan? Kimisə işə götürmək, vakansiya bağlamaq üçün dəyərli kadrdırmı?. Yəni ki, hər hansı problemə iki tərəfdən baxmağa çox böyük ehtiyac var. Bu gün təhsil sistemi kifayət qədər kadr hazırlaşdırmır. Dünyada hər bir möhtəşəm universitetin nəzdində iki qurum var. 1) Elmi tədqiqat insitutları. Yəni sən alınmış biliklərin əsasında elmə gedirsən. 2) Biznes məktəb. Ya da alınmış biliklərin əsasında pul qazanırsan. Bu gün Azərbaycanda heç bir universitetin nəzdində biznes məktəb mövcud deyil. Elmi tədqiqat Elmlər Akademiyasına tərkibinə daxil etdilər. Bu gün tələbə dördüncü kursu bitirərkən deyir ki, mən necə iş tapa bilərəm? iş haqqında 4-cü kursda yox, birinci kursdan fikirləşmək lazımdır. Psixolji cəhətdən bizim istəklərimizlə şərait üst-üstə gəlirmi?
Tural Abbaslı : Həm də imkanlar...
Şahin Seyidzadə: İmkanlar. Yəni o nədən irəli gəlir? İş axtaranların çoxusu daimi hər hansı bir məvacib istəyir. Nəyə görə şirkət 300 manat verməlidir? Sahibkar işə götürür. Niyə 300 manat verməlidir? Cavab: “Mən dolanmalıyam”. Hansı şirkət öhdəlik götürüb ki, o dolandırmalıdır. Şəxs sübut edə bilərki ki, onun kadr bazarında qiyməti 300 manatdır.
Günel Türksoy: Dediklərinizdən belə başa düşdük ki, təhsilimiz keyfiyyətsizdir.
Şahin Seyidzadə: Yox. Mənim dediklərimdən belə nəticə çıxartmaq lazımdır ki, təhsil sistemi özü kifayət qədər kadr hazırlamır ki, tələbə uğurlu karyera qursun. Valideynlərimiz sovet sisteminin məhsullarıdır. 1992-93-cü illərdə çox böyük psixoloji-siyasi-iqtisadi stress oldu. Hamı stressə düşdü. Bu gün “x”, “y”, “z” nəsli var. Yəqin ki, bunu eşitmisiniz. Hal-hazırda “y” nəsli gəlir. “Y” nəsil kimdir? Ya ən çox oxuyandır, ya da oxumayandır. Orta nəsil yoxdur. Ona görə də hər il 600 baldan artıq yığan tələbələrin sayı çoxalır və minimal balı yığmayan tələbələrin də sayı çoxalır. “Y” nəsli çox ambisiyalıdır. Tez vəzifə, maaş, nəticə əldə etmək istəyir. Çox da tənqidçidir. “X” nəsil 1983-86-ci ilə kimi anadan olmuş şəxslərdir. Bu gün “X” nəsil deyir ki, niyə tələbələrimiz bu vəziyyətdədir? Onlar işləmirlər, fəal deyillər, tənbəldirlər, pulun dalınca qaçırlar. Bunun çox asan bir cavabı var. 90-ci illərdə bu tələbələr anadan olub. Həmin dövrlərdə mitinq, Qarabağ problemi olub. Onlar ailədə ilkin təhsil almayıblar. Valideynlərin diqqəti mövcüd siyasi vəziyyətə yönəldib. Yəni valideynlər kifayyət qədər vərdişlər verməyiblər. Digər məsələ isə, gənclər öz üzərində işləməyirlər. İşsizlik probleminə tək işsizlik cəhətdən yox, iş axtaranın psixologiyası, obrazı baxımından da baxmaq lazımdır. Sənin qiymətin bu qədərdir. Artıq qiymətin olsaydı, səni axtarardılar.Yaxşı, peşəkar işçini axtarırlar .
Günel Türksoy: Peşəkar olmaq üçün də hansısa bir işdən başlamaq lazımdır....
Şahin Seyidzadə: Mütləq 0-dan başlamaq lazımdır. Nə qədər gənc buna hazırdır? Dövlət hər hansı stimullaşdırıcı işlər görə bilər. Dövlət Qulluğunda işləmək, investisiya yatırıb xaricə tələbə oxumağa göndərmək. Bu təkan verdi , digər valideynlər öz hesablarına uşaqlarını xaricə oxumağa göndərdilər. Xaricdən qayıdandan sonra dövlət dedi ki, mən səni birinci turdan avtomatik azad edirəm, sən ikinci tura düşürsən. Yəni dövlət sənə investisiya edir və bunu qaytarmalısan.
Tural Abbaslı: Yəni ayrı-seçkiliklə məşğuldur...
Şahin Seyidzadə: Yox. 600 bal yığmısan, Sən ödənişsizsən. 400 bal yığmısan, ödənişlisən. Məsələ ondadır ki, onu hamı bacarmır. Kimsə idarə edir, kimisi isə icra edir. Biz fərd olaraq icra etməyə hazır deyilik. Biz daim idarə etmək istəyirik. Biz rəhbər, menecer, lider olmaq istəyirik. Əslində, liderlər 4 faizdir. 96 faizin hamısı icraçılardır. Bu cəmiyyətin qanunudur. Məsələ orasındadır ki, 96 faiz deyir ki, mən necə işləyəcəm. Mən bilirsən kiməm? Mənim köküm kimdir? Sən karyera qurmağa gəlmisən ya yox? Çoxlu bu kimi məqamlar var.
Tural Abbaslı: Mən Qadir və Şahin bəyin çıxışlarına qulaq asdım. Qadir bəy öz sənətinə uyğun olaraq iqtisadi rəqəmləri sadaladı. Və burda özünün yanaşması var idi. Yəni ölkəmizdə iki dövlət qurumu eyni statistik rəqəmi verə bilmir. Statistika idarəsi Neft şirkətinin hasilatı haqqında bir rəqəm deyir, neft şirkəti başqa bir rəqəm deyir. Belə bir dövlətdə hansısa rəsmi rəqəmlərə inanmaq və onun ətrafında hansısa məsələnin diskusiyasını aparmaq problemin mahiyyətini ortaya çıxarmayacaq. Qadir bəyin işi odur ki, hansısa rəqəmlərlə danışsın. Bizim kimi siyasətlə məşgul olan insanlar adətən pafoslu danışırlar. Şahin bəyin çıxışından belə başa düşdüm ki, bu gün biz işsizik ona görə ki, biz buyuq. Bilirsiniz, Şahin bəy, dövlət tək ağıllının, varlının, savadlının, qeyri-adi xüsusiyyətlərə malik insanların dövləti dyil. Dövlətin 9 milyonluq əhalisi var. Onun ən yaxşı halda 100 mini intellektual savada, xüsusi göstəricələrə malik ola bilər. Onun ən yaxşı halda 1-2 faizi övladlarını xaricə oxumağa göndərə bilər. Dövlət bilirsiniz, kimindir? Ən savadsızına, kənddə qoyun otaranına, Harvardda oxuyanına qədər bərabər yanaşmalıdır. Siz deyirsiniz ki, biri 400 bal yığıbsa, avtomatik olaraq dövlət bunu birinci turdan azad edir. Yaxşı tutaq ki, 600 bal yığıb xaricə getmək istəməyən və BDU-ni qurtaranla, 600 bal yığıb Harvardı qurtarıb gələn arasında niyə seçim olmalıdır?
Yaxşı, təhsilimizi bizə kim verir? Eyni dövlət verir. Yaxşı, bu təhsil bizə lazım deyilsə, BDU-ya, Texniki, İnşaat Universitetinə niyə büdcə ayrılır?. Bu investisiyanı universitetlərə yatırmasın, hansısa dövlətlə müqavilə imzalasın. Kütləvi şəkildə hamını xaricə oxumağa göndərsin.TQDK, Təhsil Nazirliyi, universitetlər dövlət komitəsidir. Biz burada pillə-pillə oxuyuruq. Qurtaranda məlum olur ki, biz dövlətə lazım deyilimiş. Niyə? Çünki sən Harvardda oxumamısan. Onda sual yaranır kı, ay dövlət bəs məni niyə oxutdurdun? Niə deyirdin ki, attestat , diplom lazımdır? Yəni o bu anlayış deyil. 1) Dövlət Harvardda oxuyanla oxumayana bərabər yanaşmaldır. 2) Dövlət kasıbın da dövlətidir. Bir dəfə Gənclər və İdman Nazirliyi təsadüfən bizi bir məsələnin müzakirəsinə dəvət etmişdi. Gənclər haqqında qanun hazırlanırdı. Orada bir bənd var idi. Xüsusi qabiliyyətə malik olan gənclərə dövlət qayğısı. Yəni bu ayırımın özü demokratik cəmiyyətlərdə başa düşülən deyil. O nə deməkdir ki, xüsusi istedada və qabiliyyətə malik olan insanlar. Orada bu suala nazir də cavab verərək dedi ki, bu Avropada da var. Qardaşım, mənim atam, anam üçün ən istedadlı mənəm. Dövlət məsələlərə şəxsi yanaşmamalıdır. Hamıya eyni, bərabər yanaşmalıdır. Dövlət məcburdur ki, çobanı da işlə təmin etsin. Dövlət o işləməyənə də müavinət verməlidir. Bu gün qeyd elədilər ki, heç kim gedib işsiz kimi qeydiyyatdan keçmir. İşsiz kimi qeydiyyatdan keçmək üçün kifayət qədər sənəd tələb olunur. İşsizliyə görə alınan müavinət 40 manatdır. 40 manata görə kim 200 manatlıq sənəd toplaya bilər? Məsələn, sən işsizliyə görə 300 manat müavinət ver. Gör nə qədər işsiz adamların rəsmi statistikası ortaya çıxacaq.
Qadir ibrahimli: Qeydiyyat məsələsi ilə bağlı bir arayış verim. Məşğulluq idarəsinə gedib işsizlik statusu alan insanlara müavinət verilir. Tutaq ki, mən işləmirəmsə, mənə müavinət verilməyəcək. İşsizsənsə, işsizsən. Heç məni qeydə də almırlar. Bu özü də korrupsiya oyununa çevrilib.
Tural Abbaslı: Sonra o statistikaya əsasən işsizlərin sayını müəyyən edirlər.
Qadir İbrahimli: Dediyim məsələ ondan ibarətdir ki, əgər gənclərin məşğulluq siyasəti dövlət tərəfindən ayrıca bir siyasət kimi həyata keçirələcəksə, ilk növbədə həmin gənclərin sayı qadın, kişi, orta təhsilli, ali təhsilli olması bilinməlidir.
Şahin Seyidzadə: Mən sadəcə bir neçə məqamlara aydınlıq gətirmək istədim. Siz məsələyə siyasi baxımdan yanaşdınız. Biz Gənclər Təşkilatların Milli Şurası olaraq gənclərlə işləyirik.
Tural Abbaslı: Dövlət də sizinlə işləyir, bizimlə işləmir.
Şahin Seyidzadə: Milli Şura bütün qurumlara açıqdır. Və bu gün hər hansı bir debatlarda iştirak ediriksə, başqa mövzularda da müzakirələr aparmağa hazırıq. Milli Şura hər hansı siyasətdə deyil. Gənclərlə işlədiyimiz üçün ona görə bu məsələyə iki tərəfdən yanaşmaq lazımdır. Mən birinci olaraq təhsil məsələsini əvvəldə dedim. İkinci məsələ, gənclərin məsuliyyətini azaltmaq lazım deyil. Gəncin özünün, valideynin üzərinə kifayət qədər məsuliyyət düşür.
Tural Abbaslı: İstənilən halda dövlət günahkardır.
Şahin Seyidzadə: Mən hal-hazırda günahkarı axtarmıram.
Tural Abbaslı: Necə yəni, problemin səbəbini axtarmaq lazım deyil?
Şahin Seyidzadə: Biz gənclərlə daim təmasda oluruq. Siz də siyasətlə məşğul olduğunuz üçün sizin fikirləriniz o cür əsaslanır. Bu gün gənclərin özündə kifayət qədər fəallıq yoxdur. Əgər sizin təklifləriniz varsa, dövlətlə bağlı hər hansı irəliləyişlər ola bilər. Həm də gənclərlə bağlı irəliləyişlərin olmasına kifayət qədər əsaslar var. Mən elementar məqamları sadaladım. CV yazmağa təşəbbüs etmək, karyeranı planlaşdırmaq. Burada valideynlərin də kifayət qədər önəmi var. “Mən kim olacağam?” sualına artıq məktəb vaxtından cavab vermək lazımdır. Universitet bitirəndən sonra yox.
Rauf Mərdiyev: İşsizlik sosial-iqtisadi hadisədir. Bu bütün dövlətlərdə müxtəlif vaxtlarda həmişə olub. Bundan sonra da olacaq. Bazar iqtisadiyyatında yaşayırıqsa, işsizlik bunun ayrılmaz elementidir. Məsələ burada işsizliyin səviyyəsindən və faizindən gedir. Və həmin faiz nisbətinin əhalinin ümumi yaşayışına, dövlət büdcəsinə, inkişafına olan təsirindən gedir. Statistika barədə müəyyən şübhələr söylənildi. Mənim iqtisadi təhsilim olduğuna görə, sırf iqtisadi tərəfdən məsələyə yanaşmaq istəyirəm. Ümumiyyətlə, iqtisadiyyatda Okon qanunu var. Həmin qanuna görə, işsizlik səviyyəsinin 1 faiz artması ümumdaxili məhsulun 2 faiz aşağı düşməsinə səbəb olur. Və yaxud da əksinə. Azərbaycanın son beş illik statistikasını götürsək, yalnız 2011-ci ildə ümumdaxili məhsul 17 faiz artıb. Və bu arta-arta gedir. Ümumdaxili məhsulun artması ölkə daxilində istehsalatın, xidmət sferasının inkişafı deməkdir. Əgər bu arta-arta gedirsə, demək həmin məhsulu istehsal edən müəssisələr, orada çalışan insanlar, işin keyfiyyəti də məntiqə uyğun olaraq artır. Məncə bizim əsas üzərində dayanacağımız məsələ iş bazarında tələb və təklifin arasında olan nisbətdir. Hazırda Azərbaycan bazarında işçilərə tələblə bağlı problem varmı? Yox deyərdim. Ötən illərdə də iqtisadiyyatın inkişafı, yeni açılan iş yerləri və proqramların olduğunu bilirik. Söhbət təklifdədir. Biz hal-hazırda təklif edə bilmirik. Azərbaycanda ali məktəbləri bitirən insanlar bir çox hallarda həmin tələblərə cavab vermir. Ona görə də dövlət əlavə qanunlar, stimullaşdırıcı vasitələr üzərində düşünür. Xaricdə təhsil üzrə proqram birbaşa ona hədəflənib ki, ixtisaslı kadrlar yetişdirilsin. Onlar Azərbaycana qayıdanda hansısa sahənin novatorları olsunlar. Sahibkarlara Yardım Fondu regionlarda insanlara çox güzəştli şərtlərlə kreditlər verir ki, onlar iş qursunlar. Həmin bu imtahanlardan faydalanacaq gənclərin faizi nə qədərdir? Azərbaycanda statistikaya görə əhalinin 65 faizi 30 yaşına qədər olan insanlardır. Gənclər də ümumi təbəqələr arasında ən zəifidir. Qoruması ən zəif olanlardır. Ona görə də işsizlik məsələsi birbaşa gənclərə təsir edir. Bu məsələnin həllinə xüsusi diqqət ayrılması önəmlidir. Dövlətin bu sahədə etdiklərini yəqin ki, biz debat müddətində danışacağıq.
SeymurVerdizadə: Biz hamımız razılaşdıq ki, Azərbaycanda işsizlik problemi ciddi xarakter alıb. Amma bu işsizliyi doğuran səbəblər müxtəlifdir. Yəni mən hesab edirəm ki, bu keyfiyyətsiz təhsillə bağlıdır. Həmin təhsildən sonra tələbələr müvafiq işlə təmin oluna bilmir. Azərbaycanda mən dəfələrlə şahidi olmuşam ki, Pedaqoji Universitetin məzunu olan gənc müəllim olmaq üçün Təhsil Nazirliyinin keçirdiyi müsabiqədən keçə bilmir. Sual yaranır bu adam savadsız idisə, o universitetdən necə məzun ola bilib? SSRİ yarananda Azərbaycanda əhalini kütləvi şəkildə elmə yönəltdilər. Tarixdən bilirik ki, gecə məktəbləri də var idi. Bu ənənə halını aldı. Azərbaycan cəmiyyətində belə bi fikir formalaşdı ki, hamı ali təhsil almalıdır. Əsas problem odur ki, bizdə texniki peşə məktəblərini sıradan çıxartdılar. Hamı ali təhsil ala bilməz. Hamının təhsilli olması şərt deyil. Kimsə nəsə bir iş bacarmalıdır. Ya düccar, ya qəssab, ya dülgər olmalıdır. Mən Azərbaycanda Misir Mərdanovun şanlı yetirmələrini tanıyıram ki, heç nə bacarmırlar. Adlarını da yaza bilmirlər. Mən hərbi xidmətdə olanda gənc görmüşəm ki, imza ata bilməyib, barmağını basıb. Bu gənci dövlət, iş adamları necə işlə təmin etsin? Biz valideynlər arasında maarifləndirmə işləri aparmalıyıq. Uşağın artıq 10-12 yaşında hansı qabiliyyətə malik olduğu ortaya çıxır. Dövlət öz gələcək vətəndaşlarına mütləq bir peşə öyrətməlidir.
Günel Türksoy: Azərbaycanda olan iş yerlərinin əksəriyyəti mövsümidir. Dövlətin həyata keçirdiyi investisiya layihələrin bir müddət gənclər işləyir. Sonra yenə işsiz qalır. Bu mövsümi iş yerlərdən daimi iş yerlərinə keçilməsi lazımdır.
Qadir İbrahimli: Mövsümi işlər, yəni körpü tikinitisi. Tikilib bitdikdən sonra yenə işsiz qalırsan. İqtisadi nəzəriyyələrdə əmək tutumlu iş yerlərinin açılması anlayışı var. Meyvə-tərəvəz emalı zavodu davamlı iş yeridir. Daim işçilər bununla məşğul olurlar. Tutaq ki, həmin konserva müəssisəsində 50 nəfər çalışır. Təəssüf ki, Azərbaycanda davamlı iş yerlərinin artım dinamikası çox zəifdir. Ən pisi də odur ki, həmin davamlı iş yerlərinin artırılması monopolist şəxslərə xidmət edir. Mən iqtisadçı olaraq etirazımı bildirirəm ki, bütün səbəblər burada təhsil sistemi üzərində fokuslaşdı. Düzdür, Azərbaycan təhsil sistemi haqqında fikirlərim vətəndaş və valideyn olaraq mənfidir. Ancaq işsizliyin kökünün ön sırasında təhsil problemi dayanmır. İşsizliyin kökündə Azərbaycanda rəqabət mühitinin olmaması dayanır. Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov (Azərbaycanda azsaylı kadrlardandır ki, ona hörmətim var) günlərin birində açıqlama verir ki, Azərbaycan rabitə bazarına 4-cü, 5-ci operatorun buraxılmasına ehtiyac yoxdur. İqtisadçı kimi sual yaranır məndə. Hörmətli Əli müəllim, siz necə müüəyyənləşdirirsiniz ki, mobil rabitə bazarını 3 ya 4 operator müəyyənləşdirməlidir? Buna Əli Abbasov yox, bazar müəyyənləşdirməlidir. Həmin Rabitə Nazirliyinin funksiyası texniki imkanları müəyyənləşdirib şirkətlərə lisenziya verməkdən ibarətdir. Azərbaycanın Maliyyə naziri Samir Şərifov açıqlama verir ki, Azərbaycanda 5-6 sığorta şirkətinin olması kifayətdir. Çoxu da bunu dəstəkləyir. Onların iqtisadi nəzəriyyələrdən xəbəri yoxdur. Ola bilər ki, 105 şirkət olsun. Əsas odur ki, qanun fəaliyyət göstərir, ya yox. Bu gün vətəndaşlar qarşısında məsuliyyətini yerinə yetirirmi yetirmirmi? Mərkəzi Bankın sədri deyir ki, Azərbaycanda bankların sayı 20-yə qədər azaldılmalıdır. Niyə azaldılmalıdır? Sanki hər şey limitləşdirilir bu ölkədə. Bir dəfə cənab prezident çıxışında demişdi ki, məndə olan məlumata görə taxıl idxalı ilə beş şirkət məşğul olur. Niyə ancaq beş şirkətə icazə verilir? Sonradan məlum oldu ki, həmin 5 şirkətin təsisçisi elə bir nəfərdir. Çünki bazarda rəqabət mühiti yoxdur. Mənim sinif yoldaşım var idi. Çox pis oxuyurdu. Biz onun gələcəyi haqqında yaxşı düşünmürdük. Amma hazırda o adam Lənkəranda böyük oliqarxlardan biridir. Yaxşı ticarət qabiliyyəti var. Rəqabət mühitində insanlar öz bacarıqlarına, istedadlarına görə iş tapırlar. Mənə elə gəlir ki, problemlər daha çox orta təhsil sistemi ilə bağlıdır. Çünki orta təhsil həmin uşağın hansı sahədə istedadının olmasını müəyyənləşdirməlidir.Təəsüf ki, bizim orta məktəblərimiz həmin kriteriyaları müəyyənləşdirə bilmir. Ötən əsrin 30-cu illəri Qərb dövlətlərində böyük depressiya illəri sayılırdı.
Eyniylə Azərbaycandakı vəziyyət idi. Əksər şirkətlərdə heç bir əmək müqaviləsi yoxdur. Birinci vergiyə görə sərf eləmir. Çünki Sosial Yardım Fonduna ayırmalar çox olur. Məhşur Keyners nəzəriyyəsi Qərb ölkələrini iqtisadi böhrandan azad etdi. Keyners nəzəriyyəsinin mahiyyəti ondan ibarət idi ki, dövlət iqtisadiyyata müdaxilə etdi. Bazarda elə bir iqtisadi rəqabət yaratdı ki, monopoliya olmadı. Əgər mən bu gün sahibkar olmaq istəyirəmsə, icazə almağa ehtiyac yoxdur, lisenziya alırsan, fəaliyyət göstərirsən.
Tural Abbaslı: Deyəcəklər ki, bizdə də bir pəncərə sistemi var, məsələləri başlatmayın.
Qadir İbrahimli: Bu sırf texniki məsələdir. Mən yüzlərlə müəssisə tanıyıram ki, qeydiyyatdan keçib ofisi də var, ancaq heç bir fəaliyyət göstərmir.
Tural Abbaslı: Bu polemikadan məsələnin mahiyyəti ona gəlir ki, bu iqtisadi baxımdan düzgün nəticədir, ancaq bunların hamısı siyasi motivlərə bağlanır. Azərbaycanda monopoliya var. Abdulbari Gözəl bütün ərzaq istehsalı sahəsini inhisara alıbsa, nə var ki bunun ailə ilə yaxınlıqları var, gəlirlərin bəlli hissəsi onlara çatır. Sabah mən Tural, Rüfət olaraq hər hansı investisiya tapıb Azərbaycanda şirkət qura bilərəmmi? Tutaq ki, hər hansı fantastik cəhdlər nəticəsində nəsə istehsal etdim. Bunu bazara çıxara bilərəmmi? Mən iş qura bilmirəmsə, deməli işə götürən də ola bilməyəcəm. İşə götürən yoxdursa, deməli iş yeri də yoxdur. 30-35 min dövlət qulluqçusu var ölkədə. Tutalım bu yerlər dolduruldu. Mən Qubad İbadoğlunun büdcə haqqında çıxışına qulaq asdım. Ən çox ölkəmizdə maaş alan şəxs Prezident Aparatının rəhbəridir. 1900 manat maaş alır. Sumqayıtın icra başçısı 1500 manat maaş alır. Lənkəranın icra başçısı 650 manat maaş alır.Yəni, rəsmi statistika budur. Tutaq ki, icra başçısı 650 manat alırsa, mən də həmin qurumda 300 manat maaş alacam. 5 nəfər 300 manat maaş aldı, bəs Lənkəran qalan əhalisi necə olsun? İndiki orta təbəqə sovet dövründə ev ala biliblər, iş qura biliblər,həyatlarını bəlli səviyyədə reysə oturda biliblər. Sən Rauf bəy, icra başçısı olub 650 manat maaş aldın, indiki şərtlərlə ev ala bilərsən özünə? Gəlin evlərin qiymətinə baxaq. Ərəbistanda Palma adalarında villanın biri 2 milyondur, burda Bayılda bataqlıqda da villa 2 milyondur. Evləri “Azenco”, “Akkord” tikir. Onlara da maraqlıdır ki, evlər baha qiymətə satılsın. Bazarda rəqabət yoxdur ki, hamı ucuz ev ala bilsin.
Qadir İbrahimli: Ümumiyyətlə, məsələyə konseptual yanaşmaq lazımdır.
Tural Abbaslı: Bu konseptuallığın səbəbi nədir, kimlər etmir bunu?
Qadir İbrahimli: Birinci rəqabət mühitinin olmaması, ikinci əmək məcəlləsinin işləməməsidir. Bunlar da işsizliyə birbaşa təsir göstərən faktordur. Bir neçə gün əvvəl bir statistikaya nəzər saldım. Avtobus sürücüsü yuxulayıb və qəza törədib.
Tural Abbaslı: 24 saatın 16 saatını işləyəndə belə olacaq da...
Ardı var...
Günel Türksoy
Debat “Qızılbaş” GMİB-nin QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən dəstəklənən “Gənclərin problemlərinin mediada müzakirəsi, ictimai debatlar” layihəsi çərçivəsində hazırlanıb.