Kredit borcu olanların ikinci qızı

-kredit-borcu-olanlarin-ikinci-qizi
Oxunma sayı: 3183

Fərid Hüseyn

İnsanların ümidsizlikləri daşır... Gündə bir bəd xəbərlə səhərimizi açırıq: Kimsə öldü, tutuldu, harasa yandı... Az qala bir il olur ki, “neft düşəcək, dollar qalxacaq” qılıncı başımızın üstündən asılıb... Narahatedici proqnozlar ürəyimizi üzüb. Bir müddət keçir, deyilənlər yavaş-yavaş gerçəkləşir... Azərbaycan insanınınsa sosial-iqtisadi ümidi günü-gündən daha da itir. Yolla keçərkən fikirli, düşüncəli, tələskən, əsəbi, aqressiv insanları görmək fikirlərimi təsdiq edir...

Əbəs yerə deməyiblər ki, XX əsr insanlar, XXI əsr allahlar müharibə edəcək. Dünya indi ölkələrə yox, ərazilərə bölünüb - Amerika və Rusiyanın döyüş meydanına. Rusiyadakı real acınacaqlı vəziyyət, orda çalışan azərbaycanlıların əlinin gətirməməyi regionlarımıza ciddi təsir göstərir. Soyuq ellərdən, əlləri və güzəranı isidəcək pullar ya kəsilib, ya da az gəlir... Hətta keçmişin xiffəti dövrü başlayıb... Gileylənə-gileylənə bu günə gəlib çıxmışıq, indi də bir vaxtlar gileyləndiyimiz keçmişin həsrətindəyik...

İnsanlar gələn ilin necə olacağını düşünüb indidən qara günlərə don biçmək əzmindədirlər. Belə bir çətin vaxtda ölkəyə xəbər yayılır ki, qız uşaqlarının sayı kəskin azalır, bir neçə ildən sonra az qala 5 oğlana bir qız “düşəcək”... Bu doğru xəbərin ardınca isə “şad” xəbər yayılır: ikinci qız övladı olanlara 10. 000 manat pul verəcəklər. Neçə-neçə adamların həyatı üçün ümid işığı görünür... İnanın, bəzi adamlar xəbərin doğru olub-olmadığını məndən soruşurdular. Hətta rayondan bir qızı olan gənc ailələrdən biri zəng edib hardan dəqiq məlumat əldə etmək barədə “məsləhət” istəyirdi.

10.000 manat ciddi məbləğdir. Adamların müəyyən qisminin ayda 300-400 manat kredit borcları olduğunu nəzərə alsaq, rəqəm gözümüzdə bir az da böyük görünər. Allahın verəcəyi pay əvvəlcədən hər nə qədər bəlli olmasa da, bəzi adamlar borclarını ödəmək üçün ikinci qız uşaqlarını dünyaya gətirməyə razıdırlar. Yaxud bilirsiniz rayonda evlər şəhərə nisbətdə ucuzdu, hətta evsiz insanlar özlərinə bir dam da olsa qaraltmaq ümidi ilə də belə gümana düşə bilərlər...

Olsun ki, ikinci qız uşaqları bəzi ailələrə üçün “xilas mənbəyi” kimi görünür. Və adi bir xəbərin cəmiyyətdə bu qədər reaksiya doğurmasının səbəbi də məhz ümidsizlikdir. İnsanlar nəsə bir işıq ucuna təşnədirlər...
Vəziyyət elə gətirib ki, əksər insanlar bu günü ilə yaşayır. Sabahı düşünənlərin sayı günü-gündən azalır. Çünki sabah haqda çoxları ya bədbindirlər, ya da gələcək onlara dumanlı görünür. Bu qədər ümidsiz adam üçün yaşamağa təbii ki, nəsə bir stimul lazımdır. Və onlar ikinci qız uşağına görə alacaqları 10.000 manatı həyatlarında nələrisə dəyişməyə qadir hesab edirlər. Yaxud hökumətin kredit borclarını siləcəyinə bel bağlayırlar...

İnsanların bu günü ilə yaşaması bir məqamda da aydın görünür. Dünyaya uşaq gətirəcəyini düşünənlər bugünkü problemlərini fikirləşirlər, ancaq doğulacaq uşağın gələcəyini yox. Əgər kimsə bu gün bir və ya iki uşaqla çətin şəraitdə yaşayırsa, sabah ümid yeri olan ikinci qız doğulandan sonra necə olacaq? Bu suallara cavab verməyə isə ürək qalmayıb...