12 yaşlı həmyerlimizin İtaliyadakı uğuru - Fotolar

12-yasli-hemyerlimizin-italiyadaki-uguru
Oxunma sayı: 2575

Azərbaycanlı 12 yaşlı Fidan Hüseynova bu yaxınlarda İtaliyada keçirilən “San Remo – Junior” Beynəlxalq mahnı ifaçılığı festivalında iştirak edərək qalib olub.

"Qafqazinfo" xəbər verir ki, ABŞ, Panama, İsveç, Rumıniya, Çexiya, Slovakiya, İtaliya, Qazaxıstan, Belarus, Ukrayna, Özbəkistan və s. ölkələrdən olan güclü rəqiblərlə mübarizə aparan Fidan istedadı ilə fərqlənməyi bacarıb. İki mərhələdən ibarət müsabiqədə münsiflərin yekdil qərarı ilə üçüncü yerə layiq görülüb. Beynəlxalq tərkibli münsif heyəti ilə yanaşı, müsabiqədə iştirak edən tanınmış sənətçilər də onun istedadını yüksək qiymətləndiriblər.

İfalardan öncə müharibə nəticəsində əlil olmuş uşaqların birgə mahnı oxuduğu film nümayiş etdirilib. Sonra ölkəmizin adı elan olunub və səhnəyə dəvət edilən Fidan əlində Azərbaycan bayrağını dalğalandıraraq “Tell me why” mahnısını simfonik orkestrin müşayiəti ilə ifa edib. Onun ifası müharibələrin günahsız qurbanları, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşmüş, valideynlərini itirmiş, əlil olmuş uşaqlara həsr edilmiş video-kompozisiya ilə müşayiət olunub. Mahnı bitdikdən sonra Fidan zalda əyləşən tamaşaçılara müraciətlə “Biz uşaqlara müharibə verməyin!” - deyə səslənib. Təmsilçimizin çıxışı İtaliyanın kütləvi informasiya vasitələrində işıqlandırılıb və yüksək qiymətləndirilib.

San Remo şəhər bələdiyyəsi və UNICEF-in himayəsi altında keçirilən festivalda dünyanın bir sıra ölkəsindən tanınmış mədəniyyət və iş adamları, kinoaktyorlar, ABŞ-dan dəvət olunmuş prodüserlər iştirak ediblər.

Festivalın sonunda San Remo şəhərinin mərkəzi meydanında parad keçirilib. Azərbaycan heyəti bütün şəhər boyu bayrağımızı dalğalandıraraq yürüşdə iştirak edib. Yürüş zamanı soydaşlarımıza türkiyəli qrup tərəfindən dəstək göstərilib. Onlar Azərbaycan heyətinə qoşularaq Fidan Hüseynovanın qələbəsini “Azərbaycan, Azərbaycan!” şüarları səsləndirməklə qeyd ediblər.

Bildirək ki, F.Hüseynova 2005-ci ildə Moskva şəhərində anadan olub. Hazırda Bakıdakı “Oksford” məkətbinin 6-cı sinif şagirdi olmaqla bərabər, T.Quliyev adına 12 nömrəli onbirillik Musiqi məktəbində də təhsil alır. 2017-ci ilin mart ayında İtaliyanın “Testene Art Baku” Beynəlxalq incəsənət festivalında iştirak edərək 9-12 yaş arası uşaqlar arasında vokal ifaçılığı üzrə birinci yeri qazanıb. O, bir neçə il əvvəl fransalı müğənni Lara Fabianın Bakı konsertində “Je t’aime” mahnısını duet şəklində ifa edib. Fidan həmçinin 4 yaşından rəsmlə məşğul olur, dəfələrlə respublikamızda keçirilən rəsm müsabiqələrində uğur qazanıb. Şahmat da onun sevimli məşğuliyyətidir. Ötən il ölkə üzrə şahmat yarışında birincilik qazanıb.

2016-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə F. Hüseynovanın adı Azərbaycanın gənc istedadlarının “Qırmızı kitabı”na düşüb və o, Prezident təqaüdünə layiq görülüb.