Biz Rusiyaya güvənməliyikmi?

biz-rusiyaya-guvenmeliyikmi
Oxunma sayı: 2572

Yəqin ki, bir çoxunuz bu mənzərə ilə rastlaşmısınız. Hansısa məclisdə yanında oturan mobil telefonları götürüb kənara qoyur, maşında oturan musiqinin, otaqda olan isə televizorun səsini yüksəldib alçaqdan soruşur. Qardaş nə baş verir? Soruşursan ki, bəs nəyi deyirsən? Bu ruslar, doğrudan da, gedir? Cənab nələr edir? Sonda məcbursan and içəsən ki, vallah gedirlər. Prezidentin köməkçisi də dedi, Rusiya rəsmiləri də dedi, hətta Vladimir Putin də dedi, inanmırsınızsa, baxın Prezident İlham Əliyev də dedi. Artıq ADA-dakı son tədbirdən sonra hamı inanır. Vaxt var idi Xankəndi ilə bağlı, Xocalı ilə bağlı da eyni suallar verilirdi.

Nəinki Xocalı və ya Xankəndi təmizləndi, hətta oranı kirlədən terrorçular da “paketlənib” Bakıya gətirildilər. Hamı şokdadır. İşğal prosesi ilə paralel müxalifətdə olan, illərdir ki, ekran arxasından siyasət və diplomatiya üzrə elmlər doktorluğunu müdafiə etməyə çalışan müxalifət patriarxlarından tutmuş onların söyüş magistrantlarına qədər. Hər dəfə Azərbaycan yeni bir uğur əldə edəndə sosial şəbəkə manqurtları bir-iki gün itirlər. Öz yuvalarına çəkilib xısın-xısın danışırlar. Biri qulağından bərk yapışır, digəri dodağından, o biri burnundan, kimisi də əl atır ki, olmayan vicdanını tuta bilsin, ancaq əli boşa gedir. Bir-birilərinə və ya öz-özlərinə deyirlər ki, bu Adam neyniyir? Bu gedişlə az zamanda mövzu menyumuzda “uşaq pulu”ndan başqa heç nə qalmayacaq. Şablon mövzuların dairəsi və çəmbər darladıqca bir-birilərinə hücuma keçirlər. Belə də olmalıdır, həyat bumeranq effekti ilə işləyir. Bakıda oturub 30 il ərzində özlərindən başqa ətraflarındakıların hamısını həbsə sürükləməkdən və beynəlxalq söyüş və qarğış layihəsini rellaşdırmaqdan başqa heç bir uğur əldə edə bilməyən radikallar eyni proseslərin onlara qarşı yönələcəyindən əmin olsunlar.

Mövzumuz bunlar deyil, Rusiya və onun atdığı addımlar idi. Bəs, doğrudan da, bu gün dünyanı qarşısına alan Rusiya bizim regionda atdığı addımlarda səmimidirmi? Biz Rusiyaya güvənməliyikmi?

Əslində bu sual 44 günlük Vətən müharibəsi və onun nəticələrinə uyğun olaraq Rusiyanın sülhməramlı kontingentinin Qarabağa yerləşdirilməsi zamanı da aktual idi. Çünki ona qədər ötən əsrin 90-cı illərinin əvvəllərində Sovet şinelini hələ tam dəyişməyən rus ordusu xalqımızın yaddaşında 20 yanvar kimi, Xocalı kimi hadisələrlə qalmışdı. Xalqımızın tarixi yaddaşını dəyişmək mümkün olmasa da, şimal qonşumuza münasibətin dəyişməsi üçün hansısa birgə prosesə ehtiyac var idi. Ehtiyac ona görə var idi ki, yerləşdiyin coğrafiyanı da dəyişə bilmərsən, qonşunla düşmən olduqca tam xoşbəxt də ola bilmərsən. Təbii ki, əgər qonşun sənə münasibətini dəyişmək niyyətindədirsə.

Cənubi Qafqazla bağlı siyasətində inanılmaz dəyişiklik edən Rusiya elə təkcə əvvəlki rəhbərliyinə görəmi ermənipərəst siyasət yürüdüb? Müstəqilliyimiz bərpa olunandan sonra ölkəni XVIII əsrdəki xanlıqlara bölmək siyasətinə start verən rəhbərliyinin rolu yox idimi bu məsələdə? Xankəndidə, Şuşada və digər ərazilərimizdə sancılmalı olan bayraqların birini Dərbənddə, digərini Təbrizdə asmaqdan dəm vuranlara cavab necə olmalı idi? Həmin hakimiyyətin Rusiyada olan səfiri özü o zamankı Azərbaycan Prezidenti ilə Rusiya Prezidentinin bir neçə saniyəlik telefon danışığını dəhşətsiz təsvir edə bilməmişdi. Guya Rusiya ilə münasibətlər pis idi, ən yaxın müttəfiqimiz və dostumuz olan Türkiyə ilə münasibət yaxşı idi ki, türk qardaşlarını iki helikopteri verməkdən imtina etməkdə ittiham edirdilər? Deməli, yanlışın böyüyü bu gün o yanlışların hamısını düzəldən Prezident İlham Əliyevin də dediyi kimi özümüzdə və o zaman yürüdülən yanlış siyasətimizdə idi. Bəli, bəli, yanlış deyirik, səriştəsiz deyirik, hətta təcrübəsiz də deyirik, ancaq torpaqlarımızı erməni işğalçılarına təslim edən siyasətə xəyanətkar siyasət demirik. Bizdən fərqli olaraq bizim bütün dünyanın qəbul etdiyi halalca 4 kəndimizi, rayon deyil, kəndimizi bizə təslim edən Paşinyanı ermənilər hər addımda xəyanətkar adlandırırlar. Hələ adam öz kəndlərimizi 30 illik qanunsuz istismardan sonra özümüzə qaytarır və özü də müxalifətdə deyil, hakimiyyətdədir.

Rusiyaya gəlincə isə o dəyişilməyib, sadəcə Azərbaycana münasibətdə siyasəti tam dəyişib. Siyasətini dəyişib ki, İkinci Qarabağ müharibəsində Ermənistanı və onun hiyləgər çağırışlarını iqnor edib neytrallığını nümayiş etdirdi. Münasibətini dəyişib ki, “naqorno karabax” adlı mürtəce ifadələrdən tam imtina edir. Sülhməramlı missiya ilə bağlı fəaliyyətini layiqli şəkildə həyata keçirib məqamı çatanda vaxtından əvvəl dövlətinin rəhbərinin imzasına hörmət əlaməti olaraq Qarabağı tərk edir. Bilirsinizmi niyə? Ona görə ki, qarşılarında hər cümləsində “mən müstəqil dövlətin rəhbəriyəm” ifadəsini yersiz istifadə edən şəxs deyil, həmin o müstəqil siyasəti yürütdüyünü bütün dünyaya, o cümlədən də Rusiyaya fəaliyyəti ilə nümayiş etdirən İlham Əliyev kimi Prezident var. Ona görə də dövlət idarə etməsində güvənmək, inanmaq prinsiplərini əsas tutmaq sadəlövhlükdən başqa bir şey deyil. Dövlətin və dövlətçiliyin maraqları var və o maraqlar nəyi tələb edirsə, o istiqamətdə də getmək lazımdır. Ancaq xalqın güvənmək və inanmaq haqqı var və xalqımız Prezident İlham Əliyevə tam etimad göstərdiyinə görə onun bütün qərarlarına inanır və güvənir. Bizim sığortamız və təminatımız Prezident İlham Əliyevin bu günə qədər bütün vədlərinə sadiq qalan praqmatik siyasətidir!

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov