Ailəyə dava salan kürk reklamları

aileye-dava-salan-kurk-reklamlari
Oxunma sayı: 641

Bizim haqlı düşüncəmizə görə kürkü gündəlik həyatda, məktəbə uşaq gətirməyə, bazara geyinməzlər. Amma evində oturan qadın, televizora bağlı insan bu qədər reklamdan sonra aldığı kürkünü harada, necə göstərə bilər? Göstərə bilər deyirəm, çünki kürk geyinməyin ən ümdə səbəbi başqalarına, həmcinslərinə “mənim də var” mesajını verməkdir.

Elə qadınlar var ki, hər kürk reklamından sonra ərini “sındırmağa” çalışır, ondan nəyin bahasına olursa-olsun bu geyimi almasını tələb edir. Məktəbdə, idarələrdə, xəstəxanalarda işləyən qadınlar kürk geyinmək üçün yarışa girirlər. Kürk eşqi kiminsə haramzadalıq etməsinə, başqasının haqqına yeməyə belə yol açır. Zərif və zəif cinsin nümayəndələri kiminsə acığına bir az bahalısını almağa çalışırlar. Qadınlar var evinin ərzağından, uşağının boğazından kəsib pul yığıb o kürkdən birini alıb-geyib qurdunu öldürür. Qadın neyləsin, mindiyi avtobusun üstündə də reklam olunan kürklər gözümüzə “girir”.

Kürk reklamlarında ən çox istifadə olunan təriflər bunlardır: “yüksək keyfiyyətli”, “xarici müsabiqələrin qalibi olmuş”, filan dövlətlərdə istehsal olunmuş, “sertifikatlı və pasportlu kürklər”. Yalansa...Zəhlə tökən reklamlardan belə çıxır ki, ölkədə yaşayanlar heyvanların bir nömrəli düşmənləridir. Hər halda kürk deyilən məhsul müxtəlif yollarla canı alınmış heyvanların dərisindən hazırlanır.

Olar, bir neçə marka, brend dedikləri firmaların məhsullarını reklam etmək, olar. Pulu cibini deşən, özünü göstərmək istəyən, lap elə canın qədrini bilən alıb geyinər, qiymətli olduğunu camaata bəyan edər. Amma bu qədər də yox. Heyvan düşməni deyirəm, amma inanıram ki, bu boyda ölkəyə gətirilən kürklər xalis heyvan dərisindən deyil. Baxmayaraq ki, hər dəfə təmiz məhsullardan dəm vuran işbazlar insanları aldatmaqla məşğuldurlar. Bu da bir başqa problemdir. Axı ölkəyə gətirilən məhsulun keyfiyyətini yoxlayan kimdir ki. Bir ətək pul verib kürk alasan sonra da, əlini kürk paltonun cibindən çıxaranda əllərin rəngə boyanmış olsun.

Bir qadın tanıyıram. Bazara, toya, işə gedəndə ayrı –ayrı kürklər geyinir. Bəli, bazara gedəndə də ayrıca kürkü var. Day bilmir ki, bu kürkü görən bazar adamları onun aldığı məhsulların ya pulundan, ya da kilosundan kəm verəcək.

Dünya ölkələrində günü bu günün özündə kürk geyinənləri qınayan qruplar var. Söhbət əsil heyvanları öz “üzərində gəzdirən”lərə qarşı edilən etirazlardan gedir. Bu düşüncə tərzinə səs verməyimizə hələ çox var.

Dünyanın məşhur və varlı ulduzlarının eləsi var ki, onun qardirobunda heç bir dənə kürkü də yoxdur. Çünki onlar kürk geyimlərə protesto etməklə özlərinin heyvanlara qarşı məhəbbətini nümayiş etdirmək istəyirlər. Hardasa məntiqli fikirdir. Hə də, soyuqdan qorunmaq üçün kürk geymək vacib deyil ki.

İndi deyirəm heç bu qışımız da soyuq keçmədi. Alıcısı kasad, reklamı bol kürksatanların kürkü yenə əlində qaldı. Atacaqlar anbara, saxlayacaqlar növbəti qışa, reklam da ki öz yerində. Bezar yox, bazar olsun!