Akif Əli Lütfi Zadənin məzarı başında...

akif-eli-lutfi-zadenin-mezari-basinda
Oxunma sayı: 9429

Raminə Eyvazqızı

Bizim uşaqlar hələ də hörmətli Abid Şərifovun məşhur "Alabala"sına həsr olunmuş videosuna baxıb gülürlər. Hərdən adamın dilinə də düşür. Tragikomik vəziyyətdi əslində. Binəqədi rayonunda bir neçə il əvvəl məmur məsuliyyətsizliyindən alışıb yayan yaşayış binası və həyatını itirmiş insanlardan tək geriyə qalan nazir müavininin lağlağısı oldu. 

Faciənin komissiya sədri də olan insanın fikri insan faciəsinə yaraşmayan sözlər idi. Danışanda özünü el-obanın gülüş obyektinə çevirən saysız səlahiyyətli insanın adını çəkmək olar. Hərdən adam ağzını açmayan, ictimaiyyətdən gizlənən vacib kəslərin evinə təşəkkürnamə, medaldan filandan göndərmək istəyir ki, nə yaxşı ki özünüzü rüsvay etmirsiz. Sən Allah, əcəb edib susursuz, susun!

Akif Əli Azərbaycanın yazıçısı, "Qızıl qələm" mükafatı sahibi, filoloq alimidir. Onun AzTV-də də uzun fəaliyyəti var, üstəlik Azərbaycan milli kinomuza töhvələrini də verib, bir neçə bədii filmdə rol alıb. Görünür,onun hələ də aktyorluq havası başında qalıb. Amma Nazirlər Kabineti kimi böyük əhəmiyyətli qurumun sözcüsü olaraq jurnalistlərin hələ də könlünü ala bilməyib. Ondan küsənlər çoxdur. Bu səbəbdən bu gün "Qafqazinfo"nun müxbirinə verdiyi cavabda jurnalistə qıcığını da hiss etmək olar. Qıçıq da adamın başına bəla olur hərdən. 

Amma Akif müəllim səhər o başdan bilməliydi ki, ona ünvanlana sual elə-belə sual deyildi. Bu həftələrdir, ölümü barədə söz-söhbəti gəzən, nəhayət canını tapşıran dünya şöhrətli alimlə bağlı məsələ idi. Ay Akif müəllim, fındıq-qoz mövsümündə alim həmkarınızın başını  elə fındığa bənzətməyinizə ürəyiyumşaqlıq da göstərə bilərdik. Bəs onda biz jurnalistlər sizi kimi böyüklərdən, yazı-pozu adamından nə tərbiyə götürək? 

Cavabınızda Azərbaycan dilinin qrammatikası, morfologiyası, sintaktikası pozulmayıb, qurduğunuz cümlədə bir alim həyatdan köçmüş həmkarını qəşəngcə təhqir edib. Susmayın, sizi dinləyirik. Bəlkə sağlığında Lütfi-Zadə ilə küsmüşlüyünüz olub, indi lap qıraqda kişinin görüna söyərsiz də. Ya bəlkə ABŞ-a siz də getmək istəmisiz, arzunuz ürəkdə qalıb. İnciməyin təəssüf ki, biz  Nazirlər Kabinetinin tez-tez dəyişən və anlaşılmayan qərarları kimi, bu məsələdə mövqeyimizi dəyişə bilməyəcəyik. Üzr istəsəz belə. 

Mənim övladlarım dərslikdən tanıdıqları Lütfi-Zadəni, sizin "fındıqbaş" deyiminizlə təhqir edə bilməyəcəklər. Ölkədə 2-ci dərəcəli Dövlət müşaviri öz aliminin başını fındığa oxşadırsa, onun ölümü ya dirisi ilə maraqlanmırsa, vay bizim elmimizin qan ağlayan halına. Hərdən adam düşünmək istəyir ki, bəlkə Akif müəllim səhər-səhər zarafat etmək istəyib. Axı o  AzTV-də, milli radioda bir vaxtlar "Satira və yumor"redaksiyasının müdiri işləyib, "Mozalan" kinojurnalının da əməkdarı olub. Yox, "fındıqbaş" sözü heç filoloqların dilində də işlənən kəlmə deyil. Olsa-olsa "taxtabaş", "danabaş" jarqonları var, onu da qanmazlar üçün deyirlər. Lütfi-Zadənin başı tarixə düşən başdır, elə başlarımızı ya tanıdaraq itiririk, ya da tanıtmadan. Akif müəllim üzrxahlıq etdi, amma bu onun nə postuna, nə də səlahiyyətinə yaraşan deyil. Xəbərin təkzibi deyil ki bu, bu polisdə ifadəni dəyişmək kimi şeydi. 

Akif müəllimi Lütfi-Zadənin məzarı başında gözləyirik. Kişi ilə halallaşmağa gəlməlidir mütləq. 

P.S. Bir həftə qabaq Akif müəllim Nazirlər Kabinetində 8 şöbə müdirinin işdən çıxarıldığı xəbərini vermişdi. Mətbuata demişdi ki, struktur dəyişikliyi davam edir. Kaş o, dəyişiklik bizim əlimizdə olardı. Kaş ki...