Alman neo-faşistləri məscidə hücum ediblər

alman-neo-fasistleri-mescide-hucum-edibler
Oxunma sayı: 641

“Azerimuslims.com” Türkiyə mətbuatına istinadən bildirir ki, Almaniyada bir qrup neo-faşist məscidə və müsəlman işadamına məxsus restorana hücum ediblər.

Ölkənin Saksoniya əyalətinin Qeytan şəhərində Məhəmməd Abid Sayal adlı vətəndaşa məxsus restorana partlayıcı maddə atıldığı, ancaq hadisə zamanı ölən və ya yaralanan şəxslərin olmadığı bildirilib. “Bild” qəzetinə müsahibə verən Abid Sayal həm öz, həm də işçilərinin həyatının təhlükədə olmasından dolayı restoranı işlətməkdən vaz keçdiyini deyib.

Digər tərəfdən, Almaniya mətbuatı ölkənin Hamburq şəhəri yaxınlığındakı Ahrensburq şəhərində inşası davam edən məscidin divarlarına xaç şəkillərinin çəkildiyini yazıb. Türk-İslam Mədəniyyət Dərnəyinin açıqlamasında tikinti işlərinin may ayının sonunadək başa çatdırılmasının nəzərdə tutulduğu bildirilib. Dərnək sədri İbrahim Daşqın hücumların məscidin inşası ilə bağlı planda heç bir dəyişikliyə səbəb olmayacağını deyib.