Ana oğlunun həbsi ilə bağlı prezidentə müraciət etdi

ana-oglunun-hebsi-ile-bagli-prezidente-muraciet-etdi
Oxunma sayı: 2363


Şikayətçi bildirir ki, Bakı şəhərində avtomobil təmiri ilə məşğul olan və əzab-əziyyətlə pul qazanan oğlu Cəfərov Laçın Kərəm oğluna qarşı qanunsuz olaraq AR CM-nin 178.3.2-ci maddəsi ilə, yəni guya etibardan sui-istifadə edərək başqasının əmlakını ələ keçirmə maddəsi ilə cinayət işi qaldırılıb: 

“Halbu ki, bu günə qədər mən Azərbaycanın qeyrətli, ağbirçək  anası kimi həmişə ölkəmizin keçmiş prezidenti, Türk dünyasının hamisi, böyük şəxsiyyət cənab Heydər Əliyevin və hazırda çox hörmətli prezidentimiz İlham Əliyevin rəhbərliyi altında ədalətli hüquq sisteminə inanmışam. Amma təəssüflər olsun ki, bəzi səriştəsiz, qeyri-peşəkar əməkdaşların apardıqları istintaq nəticəsində heç bir sübut olmadan, aylarla insanı sevdiklərindən uzaq tutmaq, qanunsuz həbs etmək, dolayısı yolla qarşı tərəfin  xeyrinə “istintaq” aparmaq insanın bu inamını sarsıdır. Halbuki, aşağıda qeyd etdiyim vacib arqumentlər əsasında aydın görünür ki, oğlum həbsdə qanunsuz saxlanılır:

Belə ki, Bakı şəhəri, Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, Polis kapitanı Emin Eminovun qəbil etdiyi ittiham aktından görünür ki, oğlum Cəfərov Laçına qarşı ittihamlar heç bir sübuta yetirilməyən, ümumi mülahizələrdən ibarətdir:

İttiham aktından görünür ki, oğlum Laçın barəsində 14.06.2012-ci il tarixindən AR CM- nin 178.3.2-ci maddəsi ilə cinayət işi qaldırılmış, ona həbs qətimkan tədbiri seçilib. O vaxtdan həbs qətimkan tədbiri bir neçə dəfə uzadılmış, hazırda da, oğlum 10 aydır ki, həbsxanadadır və  onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. İşin də bu qədər uzanması və oğlum haqqında hökm çıxarılmamasının səbəbi kifayət qədər sübutun olmamasıdır. Maraqlıdır ki, məhkəmənin işin bu qədər uzatmasında marağı nədir? Bunun bir cavabı var, bu  kifayət qədər sübutların  və işdə cinayət tərkibinin olmamasıdır.  Amma,  maraqlıdır ki, məhkəmə oğlumu niyə təqsirsiz olduğu halda həbsdə saxlayıb? Axı , AR CPM-nin 42-ci maddəsinə görə  əgər bu məcəllənin 42.2.1-42.2.4-cü maddəsində nəzərdə tutlmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanmadıqda məhkəmə şəxsə bəraət verməlidir. Çünki, AR CPM-nin 21-ci maddəsinə görə hər kəsin Təqsirsizlik prezumpsiyası hüququ vardır. 

Nəyə görə məhkəmə aydınlaşdırmır ki, oğlum ona satılmaq üçün verilən avtomobilləri hansı qaydada satıb, bu avtomobilin sahibinin razılığı olmadan neçə satıla bilər? Oğlum Laçına hər hansı sənəd və ya etibarnəmə verilibmi? Ortada dələduzluğu sübut edən kifayət qədər dəlil varmı? Nə üçün məhkəmə müəyyən etmir ki, oğlumun əməlində dələduzluq maddəsinin tərkibi varmı, yoxsa yoxdur? Yəqin HMO- nın  işə biganə qalması oğluma himayədarlıq edən lazımi adamın olmamasıdır. 

İttiham aktında şahid qismində dindirilən və avtomobili oğluma satmaq üçün verən İsmandiyar özü də, izahatında qeyd edir ki, avtomobillər onun etibarnaməsi əsasında satılıb. Bu zaman alınan pulun bir hissəsini avtomobili alandan alıb, İsmandiyara vermiş, qalan məbləğləri də avtomobili alan verdikdən sonra onlara verəcək. Görünür ki, oğlum ortada sadəcə vasitəçi olub. Satılmış əmlakın dəyərini də mənimsəməyib. Bu da ona əsas verir ki, oğlum Laçın barəsində dələduzluq maddəsi tövsif oluna bilməz, odur ki, bu halda cinayət tərkibi yoxdur. Ona görə ki, ilk növbədə kifayət qədər sübut yoxdur, ikinci növbədə bu halda cinayət tərkibi yoxdur, bu halda yalnız mülki mübahisə vardır”.