“Anana gözüm kimi baxacam” dedi, aldatdı...

anana-gozum-kimi-baxacam-dedi-aldatdi
Oxunma sayı: 763

Nərmin Dadaşova    

Salam oxucu dost. İki gün əvvəl anam ağır əməliyyat keçirdi. Həmin günü xatırlamaqda çətinlik çəkirəm. Əlim-ayağım hər yerdən üzülmüşdü. Əməliyyat bitincə xəstəxananın dəhlizini tapdaq-tapdaq etdik bacımla. İkimiz də eyni şeyləri hiss edir, ikimiz də eyni ağrını yaşayırdıq. O baş bu başa vargəl etdiyimiz dəhlizdə arada toqquşur, bir-birimizə mütləq hər şeyin yaxşı olacağı vədini verib yolumuza davam edirdik. Əməliyyat otağından reanimasiya şöbəsinə  qədər qısa məsafəni anamla bərabər addımladıq. Süründük, daha doğrusu. Onu ilk dəfə bu qədər səssiz, bu qədər uzaq görürdüm. Əlimi üzünə qoydum, isti idi. Ona heç vaxt, heç nəyə görə belə ürəkdən təşəkkür etməmişdim. Alnı, üzü, əlləri isti olduğuna görə ona bütün varlığımla minnətdar idim.

Əməliyyat üçün anamın təkidi ilə Respublika Klinik xəstəxanasını seçdik. Həkiminə olan sonsuz inamından dolayı bacardıqca uzaq durmağa çalışdığım “Respublikanski”nin ocağına düşəsi olduq.  Yolu düşənlər geridə qoyduğumuz iki gündə orda nələr yaşadığımızı təxmin etmiş olar yəqin ki. Ümumiyyətlə, mənə elə gəlir ki, bu xəstəxananın 20 yanvar metrostansiyası yaxınlığında yerləşməsi, hansısa mistik qüvvə tərəfindən insanlara  böyük bir uyarıdır.  Metrodan çıxıb həyəcanla xəstəxanın ikinci korpusuna tərəf şığımaq istəyirdim ki, bir topa adam kəsdi başımın üstünü. Bəli, bəli taksi sürücüləri. Hətta aralarından biri məni inandırdı ki, mən əslində xəstəxanaya yox, Astaraya getməliyəm. Bircə nəfərlik yeri qalmışdı, o yer də mütləq şəkildə mənə məxsus idi. Eyforiyadan ayılıb qələbəliyi yara-yara xəstəxanadan içəri özümü atmışdım ki, gördüm burda da eyni mənzərə.Sadəcə buradakı hücumçular qadınlar idi. Və taksi sürücülərinin niyyətləri onlarınkından daha təmiz  idi.  Anam reanimasiya şöbəsinin qapısından keçər- keçməz bir sarışın qadın məni qolumdan tutub divarın küncünə sıxışdırdı. “Təzə xəstənin nəyisən?”- dedi. “Qızıyam” deyən kimi üzümün -gözümün yaşını silib, qorxma, mən burdayam, anana gözüm kimi baxacam dedi. Alınmalı olan şeylərin siyahısını verib, zəhmət haqqını istədi. Xanımın istədiyindən də çox pul verib, “Xahiş eləyirəm, anama çox yaxşı baxın” dedim. Əlini çiynimə qoyub, arxayın ol deyib qeybə çəkildi.

Qapının ağzında bir balaca rahatlamış şəkildə divara söykənmişdim ki, içəridən çıxan növbəti trio anama qulluq edəcəkləri, lazım olan şeylərin siyahısı və zəhmət haqları haqqında qısa bir çıxışda bulundular. Və o məşum həqiqət daş kimi boğazımdan asıldı. Sən demə bayaq məni divara dirəyən qadın  o şöbənin işçisi deyilmiş, anamla da yaxından uzaqdan bir əlaqəsi yox imiş. Sadəcə pərişan halımızdan istifadə edən uca Allahın yaradıb amma həyat və fəaliyyətini izləmədiyi bir bəndəsi imiş.  Abırsızlığın nirvanasına imza atmış o qadına matım-mutum qurudu, oxucu dost.  

 Üzündə zəhrimar tumurcuqları  açmış növbətçi həkim baba,  ortaq anamıza görə bacımla məndən ayrı-ayrı qulluq haqqı tələb edən tibb bacıları, reanimasiya otağındakı o dəhşətül -vəhşət mənzərə, məni günlərdir  yediyimdən-içdiyimdən edən o qoxu, anamın narazı üzü, ağrıyan canı, bir də əməliyyata girən əri üçün narahat olub həkimə verdiyi “qarantiya verirsənmi” sualına həkimdən aldığı o müdhiş  “televizor alırsan?” cavabı  içimdəki xəstəxana fobiyasını, ağ xalat nifrətini  birə beş artırdı. 

O bir gecəlik reanimasiya otağı xatirələrinin arasında bircə xoşhal olduğum  olduqca qənaətcil və hər qəpiyinin qədrini, yerini bilən, hər daim bədxərcliyimdən narazı qalıb məni danlayan anamın, yanımdan ötən hamıya pul payladığımı görüb qısıq səslə “Nərmin, day bəsdir” deyib üstümə acıqlanması oldu. “Oh,”  dedim ürəyimdə. “Yaqut back to us”