Antikvar fayton

antikvar-fayton
Oxunma sayı: 1814

Kənan Hacı

XIX əsr fransız ədəbi mühiti öz cazibəsiylə məni həmişə özünə çəkib. Paris kafelərində yığışan ədəbi patriarxların qızğın müzakirələri, mübahisələri, fikir toqquşmaları haqda təəssüf ki, heç vaxt heç nə bilməyəcəyik. Dostoyevski “Yazıçının gündəliyi kitabında Nekrasovun onu Belinski ilə necə tanış etməsini və onların birgə söhbətlərinin bir qismini qələmə alıb. Qoqolun da Belinski ilə yazışmaları o dövrdə rus ədəbi mühitində hansı proseslərin getdiyi haqda təsəvvür yaradır. İrvinq Stoun Van Qoq haqqında yazdığı “Yaşamaq yanğısı” romanında Paris kafelərindən birini təsvir edir və həmin kafedə böyük fransız yazıçısı Emil Zolya ilə Pol Qogeni və Van Qoqu qarşılaşdırır. Bədii əsərlərdə real ədəbi simaların təsviri məni həmişə həyəcanlandırır. Gertsenin, Pablo Nerudanın memuarlarını da böyük həyəcan hissiylə oxumuşam.

Bu günlərdə Vudi Allenin çəkdiyi “Parisdə gecəyarısı” filminə baxdım. Mən kinoşünas deyiləm, ona görə də filmin məndə yaratdığı təəssüratlar haqqında yaza bilərəm. Çox hövsələsiz adamam, bir filmə sonadək baxmağa hövsələm çatmır. Nədənsə, kitablardan fərqli olaraq filmlərə qarşı səbrli deyiləm. Yaxşı filmi pis filmdən seçmək üçün insanın mütləq intellektual baqajı, müəyyən hazırlığı olmalıdır. Bu gün gənclərin böyük əksəriyyəti ya boyevik ya da dini filmlərə baxırlar. Boyevik filmləri zorakılığı təbliğ edir, dini filmlərin isə əksəriyyəti tamaşaçıya düşünmək imkanı vermir, əksinə düşünmək qabiliyyətini də korşaldır. Şəhərdə disklər satılan mağazalarda ancaq mağar toylarında çəkilmiş düşük, əttökən meyxana deyişmələri, boyevik və dini filmlər, bir də hırıltı janrında çəkilmiş, türk seriallarının astar üzü olan bayağı seriallara rast gələrsiniz. Bu mağazalarda bir dənə ciddi filmlərdən ibarət diskə rast gəlməzsiniz. Çox dəhşətli mənzərədir. Hər dəfə şəhərdəki disk mağazalarına girəndə ürəyim bulanır. İnsanlar Tarkovskinin, Fellininin, Vudi Allenin filmlərinə baxıb zövq ala biləcək səviyyədə yetişməyiblər. Millətin böyük kəsimi kitab oxumur, kitab oxumayan, zehni inkişaf etməyən insan axı bu filmlərin ifadə etdiyi mətləbləri haradan anlasın? Bu, mümkünsüzdür.

Bizim nəsil daha sağlam ruhda böyüdü, sovet dövründə ekranlarda nümayiş etdirilən tərbiyəvi filmlər bizim nəslin yetkin şəxsiyyət kimi formalaşmasında çox böyük rol oynadı. Serqo Zakariadzenin baş rolu canlandırdığı “Əsgər atası”, bu günlərdə vəfat etmiş görkəmli moldaviyalı aktyor Mixail Volontirin baş rolda çəkildiyi “Qaraçı” filmləri və uşaq yaddaşımıza əbədi həkk olunmuş onlarla bu kimi filmlər bizim şəxsiyyət kimi yetişməyimizdə, dünyagörüşümüzün formalaşmasında çox böyük rol oynadı. İndiki dövrün uşaqları isə zorakılığı, cahilliyi təbliğ edən filmlərlə böyüyür və bu gedişlə yaxın gələcəyimizdə bizi hansı fəlakətlərin gözlədiyini təxmin etmək o qədər də çətin deyil. Uşaqlar indi yaşlarına uyğun olmayan filmlərə baxırlar və bunun fəsadları məhz gələcəkdə üzə çıxacaq. Bu mövzu bir yazıya sığası mövzu deyil, bu mövzuda silsilə yazılar yazmaq olar. Banal, düşük serialların ekranlardan insanların evinə soxulması sadəcə, beyin terrorudur. Nəticədə zombiləşmiş bir nəsil yetişir. Dəfələrlə yazsaq da, danışsaq da heç bir nəticəsi olmur. Bu cəhalət qalasını yıxmaq heç cür mümkün deyil.

Vudi Allenin “Parisdə gecəyarısı” filmi son dövrdə baxdığım filmlər içərisində ən çox sevdiyim film oldu. Bu filmin heç bitməsini istəmirdim. Bədən mütəmadi qidalandığı kimi ruhun da qidaya ehtiyacı var. Ruhu qidalandıran isə bədii əsərlər, musiqi və filmlərdir. Vudi Allenin filmlərindən ana xətt kimi keçən zərif yumor bu filmdən də yan ötməyib. Filmin qəhrəmanı yenicə evlənməyə hazırlaşan gənc və uğursuz bir yazıçıdır, öz nişanlısıyla Parisə səyahətə gəlib. Lakin bu əfsunlu şəhərin gecələrindən birində qəfildən qarşısına antikvar fayton çıxır və o, bu faytona minib keçmişə gedir. Burda ədəbiyyatın və incəsənətin nəhəng simalarıyla rastlaşır. Fitsceraldla, Pikassoyla, Salvador Dali ilə, Heminqueylə, Tomas Eliotla tanış olur. Filmin bu yerində Aqşin Yeniseyin “Yeni il tənhalığı” şeirini xatırladım: “Taksi də baha gedir on doqquzuncu əsrə”. Antikvar fayton Allenin qəhrəmanını iyirminci əsrin əvvəlinə müftə-müsəlləm aparıb gətirir. O, nişanlısını heç cür inandıra bilmir ki, həqiqətən də keçmiş zamana gedib orda Heminqueylə fikir mübadiləsi aparırmış. Nişanlısı onun dəli olduğunu zənn edir, gələcək qayınatası onun hər gecə hara qeyb olmasını bilmək üçün detektiv tutur. Filmdə dramatizm və yumor hissolunmadan bir-birinə hopub. Bu da Vudi Allenə məxsus bir taktikadır.

Filmin qəhrəmanı nostalji dükanında işləyən bir adamın həyatından bəhs edən roman yazır. Nostalgiya indiki zamanın inkarı, daha çox keçmişlə yaşamaq deməkdir. Bu uğursuz yazıçı elə öz yazdığı əsərin qəhrəmanına çevrilir. Onun yazdığı əsər elə özünün həyatıdır. Filmdən inanılmaz dərəcədə zövq aldım. Çox istərdim ki, bir gün o antikvar fayton mənim də rastıma çıxsın.