Araz Əzimov narazı qalıb

araz-ezimov-narazi-qalib
Oxunma sayı: 646

Əzimov qeyd edib ki, bu görüşün nəticələri əvvəlkilərdən fərqlənməyib və rəsmi Bakını razı salmayıb.

Xarici işlər nazirinin müavini Minsk prossesinə yeni bir təşəbbüs verilməsinin vacibliyini vurğulayıb.

"Azərbaycan tərəfi bu təşəbbüsü irəli sürüb və təəssüf ki, Ermənistan buna müsbət cavab vermir və Dağlıq -Qarabağ münaqişəsinin həllində öz ənənəsinə uyğun mənfi mövqe tutmaqdadır. Ermənistanda bu il seçkilər keçiriləcək, bəlkə də seçkilərdən sonra nə isə dəyişə bilər. Biz Minsk qrupu ilə birgə çalışmalıyıq", - Əzimov deyib.

O vurğulayıb ki, Ermənistan vaxt udmaq istəyir, amma anlamır ki, vaxt onların əleyhinə işləyir.

"Bu məsələdə udanın kim, uduzanın kim olduğunu öyrənmək istəyirlərsə, özlərinin və Azərbaycanın inkişafına baxsınlar. Azərbaycanınişğal olunmuş torpaqlarını bu və ya digər yolla geri qaytaracağına heç kəsin şübhəsi olmasın. Ona görə təklif edirəm ki, praktiki addımlara keçək," - Əzimov deyib.
Əzimovun sözlərinə görə, yəqin ki, həmsədrlər ənənəyə uyğun olaraq 2013-cü ildə Azərbaycanda və Ermənistanda seçkilərin keçiriləməsinə görə bu ili "siləcəklər".

O qeyd edib ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin yeni təklifləri yoxdur, səylər var.

"Səylər ondan ibarətdir ki, prosesin ölü nöqtədən tərpədilməsi üçün hər hansı bir formada təkan olsun" XİN müavini bildirib.

Əzimov xatırladıb ki, Ermənistan 2010-cu ildə münaqişənin həllinə dair həmsədrlərin hazırladığı əsas prinsiplər layihəsini rədd edib. Bundan sonra 2 il Rusiya tərəfindən aparılan vasitəçilik də heç bir nəticə vermədi. Bir sözlə, 2010-cu ildən sonra heç bir konkret inkişaf qeydə alınmayıb.

O bildirib ki, amma vaxt gedir, münaqişənin həll edilməməsi Azərbaycanı, ölkənin üzv olduğu beynəlxalq təşkilatları və Azərbaycanı dəstəkləyən ölkələri narahat edir.

"Ermənistan getdikcə izoliyasiyaya düşür və onun bu vəziyyətdən çıxış yolu Azərbaycanla barışmasından keçir", - Əzimov vurğulayıb.