“Azərbaycan 10 ildir, fikirlərin azad ifadəsi üçün imkan yaradır”

azerbaycan-10-ildir-fikirlerin-azad-ifadesi-ucun-imkan-yaradir
Oxunma sayı: 2114

“Prezident İlham  Əliyevin təşəbbüsü əsasında keçirilən VI Bakı Beynəlxalq Humanitar Forumu bütün beynəlxalq təşkilatların cədvəlində yer alıb. Bu təşəbbüs bütün dünyada böyük əks səda doğurdu”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Mədəniyyət  və turizm naziri Əbülfəz Qarayev forumun əhəmiyyətindən danışarkən deyib.

Nazir bildirib ki, builki tədbirdə 28 beynəlxalq təşkilat və 97 ölkə iştirak üçün qeydiyyatdan keçib:

“Forumun mövzuları bu gün dünyada aktual olan problemlərə aid idi. Tədbir beynəlxalq aləmdə mövcud olan vacib platformadır. Dünyadakı konfliktlər, ideoloji ziddiyyətlər fonunda bu gün fikirlərin normal ifadəsi böyük hadisə kimi dəyərləndirilir. Azərbaycan isə 10 ildir, dünya ictimaiyyəti üçün fikirlərini azad şəkildə ifadə etmək imkanı yaradır. Ölkəmiz  artıq humanitar dialoqun bir parçasına çevrilib. 

Hər il Azərbaycanda dövlət və Heydər Əliyev Fondu tərəfindən müxtəlik dinlər, mədəniyyətlərarası dialoqu tənzimləyən tədbirlər keçirilir. Bu tədbirləri keçirdiyimiz ilk illərdə iştirakçı dövlətlərin sayı 20-30-dan çox olmurdu. Bu gün bütün dünya ölkələrindən Azərbaycana gəlirlər. Təbii ki, bu fərq ölkəmizin bütün işlərdə ədalətli mövqe nümayiş etdirməsi və cənab prezidentin uğurlu siyasətinin nəticəsidir. Hesab edirəm ki, bu iki gün müddətində maraqlı və işgüzar şəraitdə keçirilən forum Azərbaycanın sivilizasiyalar arasında körpü meydanı kimi qəbulu üçün uğurlu addımdır”.