Mədəniyyət Nazirliyi mediatur təşkil edib - Fotolar

medeniyyet-nazirliyi-mediatur-teskil-edib
Oxunma sayı: 353

Bu gün Mədəniyyət Nazirliyi “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan İstiqlal Muzeyi və Milli Azərbaycan Tarixi Muzeyini əhatə edən mediatur təşkil edib.

“Qafqazinfo” xəbər verir ki, mediaturda bir qrup jurnalist iştirak edib. Tədbir çərçivəsində jurnalistlər əvvəlcə Azərbaycan İstiqlal Muzeyini ziyarət ediblər. Burada milli dövlətçilik tariximizi əks etdirən eksponatlar, istiqlal mübarizəsi və suverenlik yolunda atılan mühüm addımlar barədə ətraflı məlumat verilib.

Daha sonra media nümayəndələri Muzey Mərkəzində təşkil olunan “Milli Motivlər” adlı ustad dərsində iştirak ediblər. Ustad dərsi zamanı milli ornamentlər, ənənəvi sənət nümunələri və onların müasir təqdimat formaları barədə məlumatlar paylaşılıb, praktik nümunələr nümayiş etdirilib. 

Mediatur yalnız muzey ziyarətləri ilə kifayətlənməyib. Belə ki, mediatur çərçivəsində media nümayəndələri üçün yaradıcı fəaliyyət də təşkil olunub. İştirakçılar milli mövzuları əks etdirən rəsm məşğələsində iştirak ediblər. Rəsm prosesi zamanı milli ornamentlər, tarixi motivlər və Azərbaycan mədəniyyətinə aid simvollar təsvir olunub. Bu, mediaturun daha interaktiv və yadda qalan keçməsinə şərait yaradıb.  

Mediatur Milli Azərbaycan Tarixi Muzeyinə səfərlə yekunlaşıb. Jurnalistlər burada Azərbaycan tarixinin müxtəlif dövrlərini əks etdirən zəngin ekspozisiya ilə tanış olub, ölkənin tarixi irsi barədə ətraflı məlumat əldə ediblər.

Tədbir çərçivəsində Milli Azərbaycan Tarixi Muzeyi ilə yanaşı Hacı Zeynalabdin Tağıyevin ev-muzeyinə də baxış keçirilib. Burada XIX–XX əsrlərdə Azərbaycanın ictimai-siyasi və mədəni həyatında mühüm rol oynamış görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyəti, eləcə də dövrün məişət və memarlıq xüsusiyyətlərini əks etdirən eksponatlar barədə ətraflı məlumat verilib. 

Qeyd edək ki, mediaturun əsas məqsədi “Konstitusiya və Suverenlik İli” çərçivəsində milli-mədəni irsin təbliği və media nümayəndələrinin bu sahədə məlumatlandırılması olub.

Lamiyə Məmmədova