Azərbaycan-Koreya İnformasiya təminatı Mərkəzi yenidən qurulub

azerbaycan-koreya-informasiya-teminati-merkezi-yeniden-qurulub
Oxunma sayı: 644

Universitetin mətbuat və informasiya şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, açılış mərasimində çıxış edən Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov 2008-ci ilin dekabrın 17-də açılmış Azərbaycan-Koreya İnformasiya təminatı Mərkəzinin Azərbaycan Dövləti ilə Cənubi Koreya Dövlətinin dostluğunun bir rəmzi olduğunu deyib. Mərkəz haqqında tədbir iştirakçılarına məlumat verən rektor, 3 otaqdan ibarət olan Azərbaycan-Koreya İnformasiya təminatı Mərkəzində Seminar otağı, İnformasiya – Kommunikasiya Texnologiyaları üzrə Treninq Laboratoriyası və İnternet zalının fəaliyyət göstərdiyini vurğulayıb. O, bildirib ki, İnformasiya – Kommunikasiya Texnologiyaları üzrə Treninq Laboratoriyası 75 ədəd kompüter və iki genişekranlı proyektor ilə təchiz olunub. İnternet zalı isə öz növbəsində tələbələrin və tədqiqatla məşğul olan şəxslərin internet vasitəsilə lazımi məlumatları əldə etmələri məqsədinə xidmət edir. Rektorun sözlərindən o da məlum olub ki, Azərbaycan-Koreya İnformasiya təminatı Mərkəzində Beynəlxalq konfranslar və seminarlar keçirilir.

Qeyd edək ki, yenidənqurulmadan sonra mərkəz 30 ən müasir kompüterlə təmin olunub. Təmir və təchizat işləri isə əvəzsiz olaraq (BDU tərəfindən vəsait ödənilmədən) həyata keçirilib.

Xatırladaq ki, açılış mərasimində Koreya Respublikası tərəfindən İnformasiya texnologiyalarının yayılmasının planlaşdırılması və əlaqələndirilməsi şöbəsinin müdiri Ryu İm Çul, Koreyanın Azərbaycandakı səfiri Lee Ci Ha, Azərbaycan Respublikası tərəfindən isə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirinin müavini Elmir Vəlizadə, Bakı Dövlət Universitetinin prorektorları və müəllim-professor heyəti iştirak ediblər.

Nigar Məmmədli