Azərbaycan Universitetində “Kağız qəbir” filminin nümayişi olub

azerbaycan-universitetinde-kagiz-qebir-filminin-numayisi-olub
Oxunma sayı: 1272

Azərbaycan Universitetində Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşəbbüsü, Türk Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyinin (İLESAM) dəstəyi ilə çəkilmiş və Xocalı soyqırımına həsr olunmuş “Kağız qəbir” filminin nümayişi olub.

"Qafqazinfo" xəbər verir ki, tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti, inzibati heyət, tələbələr, AYB-nin mətbuat katibi, şair Xəyal Rza, İLESAM rəhbəri Mehmet Nuri Parmaksız və filmin yaradıcı heyəti iştirak edib.

Filmin nümayişindən əvvəl soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.

Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva qeyd edib ki, Azərbaycan dövləti beynəlxalq ictimaiyyətin Xocalı soyqırımı ilə bağlı məlumatlandırılması və beynəlxalq səviyyədə anılmasını təmin etmək məqsədiylə xeyli iş görüb və görür. Amma belə ağır hərbi cinayət beynəlxalq miqyasda hələ ki, öz hüquqi qiymətini almayıb, heç kəs bu soyqırımı aktı ilə bağlı beynəlxalq məhkəmə qarşısında cavab verməyib.

Rektor bildirib ki, beynəlxalq ictimaiyyətin bu faciəni hiss etməsi və anlaya bilməsi üçün bədii sözə də böyük ehtiyac var. Bu baxımdan “Kağız qəbir” filmi bu istiqamətdə özünəməxsus yer tutur.

AYB-nin Mətbuat katibi Xəyal Rza qeyd edib ki, janr olaraq Azərbaycanda ilk olan film hadisə zamanı girov götürülən və taleyi bu günədək məlum olmayan 150 nəfər haqqındadır.

İLESAM rəhbəri Mehmet Nuri Parmaksız bildirib ki, film “kar və kor” dünyaya bir çağrıdır. Məqsəd ermənilərin 100 ildir davam edən soyqırımı yalanını ifşa etmək və əsl soyqırımının 26 il əvvəl dünyanın gözü önündə Xocalı şəhərində törədildiyini beynəlxalq ictimaiyyətə çatdırmaqdır.

Ssenari müəllifi və rejissoru Elçin Arifoğlu olan tammetrajlı filmin baş rollarını Anar Əliyev və Leyla Babayeva canlandırıblar. Filmin çəkilişləri Qubanın İkinci Nügədi kəndində aparılıb.

Filmin nümayişindən əvvəl Azərbaycan Universiteti ilə İLESAM arasında əməkdaşlığa dair memorandum imzalanıb. Memoranduma əsasən tərəflər elm və bədii əsərlərin tərcüməsi və çap olunması, konfrans və simpoziumların təşkili, alim və yazıçıların imza günləri və kitab təqdimat günləri keçirilməsi və başqa bu kimi qarşılıqlı maraq kəsb edən sahələr üzrə  əməkdaşlıq edəcək.