Azərbaycanda adını yaza bilməyən 11-ci sinif şagirdləri var

azerbaycanda-adini-yaza-bilmeyen-11-ci-sinif-sagirdleri-var
Oxunma sayı: 653

TQDK-dan APA-ya verilən xəbərə görə, 11-ci sinif şagirdləri arasında 8, 9-cu sinif şagirdləri arasında isə 122 nəfər oxumaq-yazmaq bilməyənlərin olduğu müəyyənləşib:

“Bu statistika imtahan rəhbərlərinin protokolları əsasında ortaya çıxıb. Bu cür faktların bir çox imtahan rəhbərlərinin protokollarında qeyd olunmamasını nəzərə alsaq, yuxarıda göstərilən faktların əslində daha çox olduğunu ehtimal etmək olar. Belə şagirdlərin hansı bilik və bacarıqlar sayəsində 9-cu və hətta 11-ci sinfə qədər gəlib çatması bizim üçün müəmmalı olaraq qalır.

Bu cür şagirdlərin böyük əksəriyyəti cənub zonasındadır. 11-ci siniflər üzrə oxumağı və yazmağı bacarmayan şagirdlərin rayonlar (şəhərlər) üzrə sayı belədir: Cəlilabad – 4 nəfər, Bakı şəhəri, Füzuli, İmişli və Salyan rayonlarının hərəsində 1 nəfər. 9-cu siniflər üzrə isə oxumağı və yazmağı bacarmayan şagirdlərin sayı belədir: Cəlilabad – 34 nəfər, Masallı – 18 nəfər, Sabirabad – 15 nəfər, Tovuz – 8 nəfər, Şəmkir – 6 nəfər, Biləsuvar, Lerik və Tərtər rayonlarının hərəsində 4 nəfər, Astara, Beyləqan, Goranboy və İmişli rayonlarının hərəsində 3 nəfər, Ağdaş, Saatlı və Salyan rayonlarının hərəsində 2 nəfər, Ağcabədi, Ağdam, Ağstafa, Bərdə, Füzuli, Hacıqabul, Lənkəran, Qazax, Qəbələ, Siyəzən və Ucar rayonlarının hərəsində 1 nəfər”.

TQDK-dan bildirilib ki, buraxılış imtahanlarında şagirdlərə ana dili və riyaziyyat fənləri üzrə test tapşırıqları ilə yanaşı, yazı işi üçün mövzular da təqdim edilib: “Çox təəssüfləndirici haldır ki, yazı işləri yoxlanılan şagirdlərin bir çoxu, yəni 9-cu siniflər üzrə şagirdlərin 45.0 faizi, 11-ci siniflər üzrə 47.8 faizi ya ümumiyyətlə yazı işini yerinə yetirməkdən imtina edib, ya da yazı işindən qeyri-kafi qiymət alıb. Yazı işini yerinə yetirənlərin çox cüzi bir hissəsi, 9-cu siniflər üzrə 1.2 faiz, 11-ci siniflər üzrə 1.6 faiz yazı işindən “əla” qiymət alıb. Bu fakt ümumilikdə şagirdlərdə söz ehtiyatının çox kasad və öz fikrini ifadə etmək qabiliyyətinin çox aşağı səviyyədə olduğunu göstərir”.