Azərbaycanda mənzil şəraitini yaxşılaşdıran ailələrin sayı azalıb

azerbaycanda-menzil-seraitini-yaxsilasdiran-ailelerin-sayi-azalib
Oxunma sayı: 641

Əhalinin mənzilə əlçatanlığını təmin etmək üçün hökumət təcili olaraq Sosial Mənzil Fondu yaratmalıdır. “Qafqazinfo”nun məlumatına görə, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Cavid Xəlilov bu barədə mətbuata açıqlamasında bildirib. C. Xəlilovun sözlərinə görə, 2010-cu ildə ölkədə cəmi 743 ailə mənzil şəraitini yaxşılaşdıra bilib, halbuki 2000-ci ildə belə ailələrin sayı 1758-ə bərabər olub.

Dövlət Statistika Komitəsinin məlumatlarına istinad edən ekspert qeyd edib ki, 2003 və 2008-ci illər istisna olmaqla, 1998-ci ildən başlayaraq Azərbaycanda mənzil şəraitini yaxşılaşdıra bilmiş ailələrin illik sayında azalma tendensiyası müşahidə edilir. Onun sözlərinə görə, 1998-ci ildən başlayaraq ölkədə mənzil şəraitini yaxşılaşdıra bilən ailələrin sayı hər il orta hesabla 7% azalır.

C. Xəlilovun sözlərinə görə, bu göstəricilər Azərbaycanda geniş əhali kütləsinin mənzilə əlçatanlığının getdikcə azaldığını göstərir. “Bu sahədə olan vəziyyəti yaxşılaşdırmaq, geniş əhali kütləsinin mənzilə əlçatanlığını təmin etmək üçün ölkədə təcili Sosial Mənzil Fondu yaradılmalıdır. Bu məqsədlə xüsusi dövlət proqramı hazırlanmalı və büdcə subsidiyaları ayrılmalıdır”.

Nigar Məmmədli