Azərbaycandan beynəlxalq təşkilatlara müraciət

azerbaycandan-beynelxalq-teskilatlara-muraciet
Oxunma sayı: 649

“Qafqazinfo” xəbər verir ki, müraciət Birləşmiş Millətlər Təşkilatına, Avropa Şurasına, Avropada Təhlükəsizlik və Əməkdaşliq Təşkilatına, ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkə başçılarına, Beynəlxalq Qızıl Xaç Komitəsinə ünvanlanacaq.

Qeyd edək ki, BMT-nin Baş Assambleyası 10 dekabr 1948-ci ildə ilk dəfə hamı və hər kəs üçün prinsipi ilə ümumbəşər mahiyyəti olan, geniş əhatə dairəsi üçün nəzərdə tutulmuş insan hüquqlarını müəyyən edən bir sənədi – İnsan Hüquqları Haqqında Ümumi Bəyannaməni qəbul edib.

İrqindən, cinsindən, dilindən, dinindən, mənşəyindən və siyasi əqidəsindən asılı olmayaraq, bütün insanların ləyaqət və bərabərliyini təmin edən bu Bəyannamənin qəbul olunmasının 64-cü ildönümündə Ermənistanın xalqımıza qarşı yeritdiyi etnik təmizləmə və işğalçılıq siyasəti nəticəsində bu gün Azərbaycanda 1 milyondan artıq soydaşımız hüquqları pozulmuş halda, öz doğma el-obasından qovularaq məcburi köçkün həyatı yaşamağa məhkum olunub, 100 minlərlə insan işgəncə və zorakılıqlara məruz qoyularaq şikəst və əlil edilib, 20 mindən artıq vətəndaşımız qətlə yetirilib, 4090 nəfər soydaşımız itkin düşüb, 900 nəfərdən çox soydaşımız şahid ifadələrinə əsasən əsir və girov götürülərək qarşı tərəfdə hüquqları pozulmuş şəkildə ağır fiziki və mənəvi işgəncələrə məruz qalaraq saxlanılır. Erməni əsir və girovluğunda qəbul olunmuş beynəlxalq hüquq normalarına, konvensiyalara və İnsan Hüquqları Haqqında Ümumi Bəyannamənin 5-ci maddəsinə zidd olan işgəncə, təhqir və zorakılıqlara, qeyri-insani alçaldıcı hərəkətlərə məruz qaldıqdan sonra azad edilən 1400 nəfərdən çox soydaşımız mənəvi-psixoloji gərginlik şəraitində yaşayır, onların 169 nəfəri uşaq (65 nəfər azyaşlı qız), 289 nəfəri qocadır (114 nəfər yaşlı qadın). Onlarla şəxs əsirlik dövründə məruz qaldığı işgəncələr nəticəsində ruhi xəstə vəziyyətində qayıdıb. 155 nəfər (55 nəfər qadın) qayıtdıqdan sonra məruz qaldıqları mənəvi və fiziki iztirablara dözməyərək dünyasını dəyişib. 550 nəfər isə əsir və girovluqda qəddarcasına qətlə yetirilib ki, onların da 104 nəfəri qadındır.

Dünyada Azərbaycanın mövqeyi dəstəklənsə də, BMT-nin Azərbaycanın işğal altındakı ərazilərinin vəziyyətinə dair 4 qətnaməsi-822, 853, 874 və 884 saylı qətnamələri qəbul edilsə də, İslam Konfransı Təşkilatı, Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini müdafiə etsə də, təəssüf ki, hələ də bir nəticə yoxdur. Azərbaycanın maraqlarına xidmət edən qəbul olunmuş bütün qərarlar bu günə kimi kağız üzərində qalır və icra olunmur, nədənsə, dünya ictimaiyyəti də buna göz yumur.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən təqdim edilən “İtkin düşmüş şəxslər” adlı qətnamə BMT baş Assambleyasının 2002-ci il dekabr ayının 18-də keçirilən 57-ci sessiyasında qəbul edilsə də bu günə kimi dünya ictimaiyyəti bu istiqamətdə də heç bir təşəbbüs irəli sürməyib.