Azərbaycandan Fransaya rəsmi etiraz

azerbaycandan-fransaya-resmi-etiraz
Oxunma sayı: 654

"Biz qeyd etmişik ki, bu qərar ədalətli deyil. Bu, əslində bu gün Fransanın özünün demokratik bir dövlət, cəmiyyət kimi imicinə təsir göstərir, fikir azadlığının, mövqe azadlığının həddindən artıq məhdudlaşması deməkdir", - Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

Məmmədovun sözlərinə görə, Fransa parlamentinin qərarı münasibətlərimizə şübhəsiz ki, təsir edə bilər. "Hələlik bu, Fransa parlamentinin bir palatasında qəbul edilən qərardır. Bir qədər gözləmək lazımdır. Əks halda, adekvat addımlar şübhəsiz ki, atıla bilər", - Məmmədov bildirib.

Bu gün Fransa parlamenti qondarma "erməni soyqırımı" ilə bağlı qanunu qəbul edib. Fransa parlamentinin 577 deputatından səsvermədə 45-i iştirak edib. Bu 45 deputatdan 38-i lehinə, 7-si isə əleyhinə səs verib.

Dekabrın əvvəllərində Fransada parlament çoxluğunu təşkil edən Xalq Hərəkatı Naminə Birlik Partiyasından (UMP) olan deputatlar Milli Yığıncağın qanunvericilik komissiyasına qanun layihəsi təqdim ediblər. Layihənin məqsədi qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət cəzasının tətbiq edilməsidir.

Yeni qanun layihəsi UMP-nin 40 deputatı və Yeni Mərkəz Partiyası tərəfindən imzalanıb və qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilə qədər azadlıqdan məhrum etmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.

Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırım"ı tanıyıblar.
Novruz Məmmədovun bəyanatını onun Twitter sosial şəbəkəsindəki şəxsi səhifəsində - www.twitter.com/NovruzMammadov ünvanında da izləmək mümkündür.