Azərbaycanla Britaniya arasında protokol imzalandı

Azərbaycanla Britaniya arasında protokol imzalandı
Oxunma sayı: 489

Bu gün Azərbaycan və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, iclas Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə dövlət naziri Rona Ferhedin həmsədrliyi ilə keçirilib.
 
İclasdan sonra jurnalistlərə açıqlamasında Ş.Mustafayev qeyd edib ki, Azərbaycan Böyük Britaniya ilə əlaqələrin inkişafına xüsusi önəm verir. "Bu gün əlaqələrimiz yüksək səviyyədədir. Bu inkişaf ölkələr arasında həm siyasi, iqtisadi, həm də humanitar sahələrə aiddir. Bugünkü iclasda bütün sahələr üzrə potensial imkanlar araşdırılaraq təhlil edildi. Hesab edirik ki, əldə etdiyimiz uğurlar əsasında gələcəkdə daha da yüksək nəticələr əldə edə bilərik. Bizim iqtisadi sahədə əsas uğurlarımız neft-qaz sahəsində əldə olunub. Böyük Britaniya Azərbaycan iqtisadiyyatına ən çox sərmayə yatıran ölkədir. Bu sərmayələrin həcmi 27 milyard dollardan çoxdur. Neft-qaz sahəsində biz çox ciddi uğurlar qazanmışıq. Digər sahələrdə də Böyük Britaniya şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərir. Böyük Britaniyanın 500-dən çox investisiya şirkəti Azərbaycanda fəaliyyətdədir. Bu gün biz əsasən qeyri-neft sektoruna Britaniya şirkətlərinin cəlb olunmasını əsas vəzifə hesab edirik. Biz istəyirik ki, qazanılmış uğurlar əsasında iqtisadiyyatın şaxələndirilməsi istiqamətində Azərbaycan hökumətinin apardığı siyasətə uyğun olaraq xarici investisiya şirkətlərinin cəlbini sürətləndirək", - deyə o qeyd edib.
 
R.Feyrhed də Böyük Britaniyanın Azərbaycanın ən böyük investoru olduğunu təsdiq edib. "Düşünürəm ki, bu, böyük uğurdur. Ən böyük investisiyamız neft-qaz sektoruna yatırılıb. BP və SOCAR hökumətlərimizin dəstəyi ilə birgə çalışır. Ölkələrimiz arasında 23-ə yaxın layihə uğurla həyata keçirilib. BP şirkətində azərbaycanlı vətəndaşların sayı 89% təşkil edir. Bu rəqəm əməkdaşlığımızın göstəricisidir. Ölkələrimiz arasında münasibətlər yüksələn xətlə inkişaf edir", - deyən o bildirib.
 
Yekununda həmsədrlər iclasın protokolunu imzalayıblar.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi