Azərbaycanlı rejissorun film çəkilişində faciə - - 5 ölü

azerbaycanli-rejissorun-film-cekilisinde-facie-
Oxunma sayı: 6605


Yanvarın 8-i İranda azərbaycanlı kinorejissor Məsud Dehnəməkinin “Meraca yüksələnlər” (farsca: “Meraciha”) filminin çəkilişi zamanı baş verən güclü partlayışda 5 nəfər həlak olub, 2 nəfər ağır yaralanıb.

“Media forum” saytının məlumatına görə, Tehranla Qum şəhərləri arasında yerləşən kino şəhərciyində İran-İraq müharibəsi motivi əsasında hazırlanan filmin çəkilişi zamanı baş verən hadisəyə partlayıcı maddələrlə ehtiyatsız davranış səbəb olub. Nəticədə kino şəhərciyinin rəhbəri Əli Əkbər Rəncbər, səhnə tərtibatçısı Cavad Şərifirad, çəkiliş rəhbərinin köməkçisi Rza Fərəci, səhnə tərtibatı rəhbərinin köməkçisi Murtuza Mövlayi və gözətçi Cəmşid Ehsani həlak olublar. Səhnə tərtibatçıları Həmid Şəhiri və Mehdi Muradi ağır bədən xəsarəti alaraq xəstəxanaya yerləşdiriliblər.

İran Kino Evinin rəyasət heyətinin üzvü Abbas Şövqi jurnalistlərə deyib ki, hadisə İran kinematoqrafçılarına qoyulan bir sıra məhdudiyyətlərlə əlaqədardır: “Partlayışa çəkilişdə həqiqi hərbi partlayıcı maddələrdən istifadə səbəb olub. Bizə hərbi kino səhnəsində istifadə olunan qondarma partlayıcı maddə idxal etməyə icazə vermirlər və biz bu kimi filmlərdə həqiqi partlayıcı maddələrdən istifadə etmək məcburiyyətində qalırıq. Dəfələrlə bu məsələyə etiraz etsək də, xeyri yoxdur”.