Azərbaycanlılar üzr istəməyi xoşlamır

azerbaycanlilar-uzr-istemeyi-xoslamir
Oxunma sayı: 3085

Azər Qismət

“Sorry” ingilislərin dilinin əzbərinə çevrilib. Adi səhvə yol verirlər və gülümsəyərək deyirlər ki, “sorry”. Ruslar da üzr istəmək cəhətdən çətinlik çəkmirlər. İctimai nəqliyyatda, ümumiyyətlə cəmiyyətdə kiminsə xətrinə dəyirlərsə, ya toxunurlarsa, uzaqlaşmadan “простите” söyləyirlər, məsələ yerindəcə həllini tapır.

Azərbaycanda bu sahədə problem yaşanır. Bizdə üzr istəmək başqa cür anlaşılır: “Əgər üzr istəyirsənsə, deməli zəifsən”. “Sən bilirsən mən kiməm? Başına oyun açaram” tipli hədyanları hər gün eşidirik. “Allah vurmuşdu onu, hələ üzr də istəyərəm” statuslu bəyanatları səsləndirən valideynlərin övladları da bu yolla gedirlər. Həmin övladların yaratdığı şirkətlərdə də heç kim heç kimdən üzr istəmir. İşlədikləri bankların əməkdaşları da bağışlanma diləmirlər. Çünki valideynlərinin dilindən “Allah vurmuşdu onu” ifadəsini çox eşidiblər. Bəzən bu ölkəyə xas olmayan jestlə də çıxış edirsən. Qarşındakı şəxs günahkar olsa belə, üzr istəyirsən ki, pis olmasın. O isə əksinə özünü dağ başına qoyur və deyir ki, “buralarda ol, mən səni bağışlamıram”.

Buna misal olaraq son neçə gündə facebook sosial şəbəkəsində üzr istəməklə bağlı adamların yazdıqlarına nəzər salaq.

Mehman Xəlilov, studiya rəhbəri

“Keçən ay Azərbaycanın ən böyük mobil operatoru “Azərcell”in ünvanına deyilməyən sözlər qalmadı, amma üzr istəmədi. Hərçənd varidatı 100 milyardlarla ölçülən “Apple” boyda nəhəng üzr istəməyə utanmadı. “Space” telekanalı başının üzərindən də o tərəfə atlandı. Alpinistlərin faciəsindən guya canlı yayım şousu düzəltdi. Guya reyqinqini artırdı. Yaxşı, tutaq ki, bir xəta olub. Rəsmi olaraq üzr istəsəniz dil-dodağımız uçuqlayar? Yox, əlbəttə. Əksinə. Etdiyi səhvi düzəldər, bəlkə də xətaya görə üzr istəyib bir qədər ucalardı, amma istəmədi”.

Hikmət Həsənov, müxbir

“Bir neçə gün əvvəl balansıma 10 manat yükləmişəm, 6 yanvar tarixində 500 meqabayt paket üçün balansımdan 3 manat tutulub. Bu gün səhər “Bakcell”dən telefonuma sms gəlib ki, 500 meqabaytlıq paketiniz ləğv edilib. Min bir əziyyətlə müştəri xidmətlərinə zəng etmişəm, dedilər ki, “problem həll ediləcək, gün ərzində sizə 4 rəqəmli nömrədən zəng olacaq. Sonra telefona sms gəldi ki, “sizə 7 gün 25 meqabaytlıq paket verilir. Bundan sonra hər 25 meqabayta görə pul ödəyəcəksiniz. Qoşulmaq istəmirsinizsə, rəqəmi yığın, qoşulmayın”. Etdim, qoşulmadım.

Bayaq əl atmışam telefona zəng üçün, 6 manat 60 qəpik silinib. Düşüb 1 manatlıq kontur yükləyib yenidən müştəri xidmətlərinə zəng etmişəm. Deyir ki, “siz internetdən istifadə etmisiniz, 6 manat 60 qəpik uçub havaya”. Bütün bu etdiklərinə görə heç bir üzr istəmədilər”.

Rumiyyə Miraslan, müxbir

“Nərimanovda (N.Nərimanov metrostansiyası nəzərdə tutulur) piyada keçidini keçirdim. Bir yaramaz başladı yol keçənləri təhqir etməyə, söyməyə . Etirazımı bildirdim və üzr istəməsini tələb etdim. Etmədi, əksinə az qaldı hələ məni də vura. Etmədim tənbəllik, yaxasından tutub saxladım. 102-ə zəng vurdum, polis tələb etdim. Qaçmağa çalışsa da, onun şəkillərini çəkdim. Az keçmədi polis gəldi, təhvil verdim. Sonradan yalvarsa da, bağışlamadım, ərizə yazıb şikayət etdim. Səhəri gün polis zəng etdi ki, valideynləri gəlib sizdən bağışlanmağı xahiş edirlər. Getmədim, “valideyni olan başqasının valideynini təhqir etməz, söyməz” dedim və bağışlamayacağımı bildirdim”.

Beləliklə, 3 statusdan yenə də aydın oldu ki, üzr istəməyə çalışmırıq. Ayaqqabımız tapdanır, qarşı tərəf üzünü turşudub deyir ki, “yolunu düz yeri, mən də tapdamayım”. Avtomobil su çalasının üstündən keçib paltarımıza palçıq sıçradır, etirazını bildirəndə qışqırır ki, “uzaqdan maşını görəndə kənara qaç”. Mağazada vaxtı keçmiş mal görəndə, satıcı üzr istəmək əvəzinə sübut etməyə çalışır ki, “bizə şər atmayın, bu, istehsal tarixidir”. Deyirsən “axı istehsal tarixinin altında bitmə vaxtı da yazılıb”. Qayıdır ki, “xatakar adama oxşayırsınız”. Axı, bircə üzr istəmək nədir ki, onu deməyə çətinlik çəkirsiniz? Təsəvvür edin, gülə-gülə deyirik ki, “üzr istəyirəm”. Bunu demək elə asandır ki.