Azercell online müştəri xidmətini istifadəyə verir

azercell-online-musteri-xidmetini-istifadeye-verir
Oxunma sayı: 720

Azercell şirkəti online müştəri xidmətlərini istifadəyə verir. Şirkətdən “Qafqazinfo”ya verilən məlumata görə, iyulun 6-dan etibarən hansısa sualı olan və ya öz nömrəsində əməliyyat aparmaq istəyən abonentlər www.azercell.com saytında qeydiyyatdan keçməklə online müştəri xidmətlərindən yararlana biləcəklər.

Artıq müştəri xidmətlərinə getmək və ya telefonda Azercell operatoru ilə bağlantını gözləməyə ehtiyac yoxdur. Saytda qeydiyyatdan keçən abonentlər dərhal müştərilərlə əlaqələr təmsilçisi ilə canlı söhbətə (çata) daxil olub onlara istədikləri sualı verib və ya nömrədə müvafiq əməliyyatı aparmaq imkanını əldə edirlər.

Bu yeni xidmət xüsusilə telefona çıxışı olmayan və ya xaricdə səfərdə olan müştərilər üçün faydalıdır. Onlar rouminqdə ikən bahalı beynəlxalq zənglərə pul xərcləmədən Azercell ilə əlaqə yaradacaq, xidmətlər və tariflər barədə sualları birbaşa müştəri xidmətləri təmsilçisinə yönəldəcəklər.

Online müştəri xidmətləri bütün kateqoriyaya aid abonentlər – Fakturalı Xətt, Fakturasız Xətt və Korporativ abonentlər üçün tətbiq edilir.

Mövcud sistem, müştərilər ilə əlaqə mərkəzləri sahəsində dünyada lider olan Avaya şirkətinin avadanlığı əsasında fəaliyyət göstərir. Avaya şirkətinin rəsmi təmsilçisi və qızıl partnyoru, Orta Asiya və Qafqazda Call Center üzrə aparıcı sistem inteqratoru olan R.I.S.K. şirkəti, mövcud layihəni uğurla həyata keçirib.

Nigar Məmmədli