Azercell prezidenti dünya iqtisadi liderlərinin London konfransında

azercell-prezidenti-dunya-iqtisadi-liderlerinin-london-konfransinda-
Oxunma sayı: 641

Şirkətdən “Qafqazinfo”ya verilən məlumata görə, dünya iqtisadi nəşrləri sırasında ən məşhur dərgilərdən olan “The Economist”in təşkilatçılığı ilə baş tutan toplantıda 20-dən artıq ölkənin təmsilçiləri bir araya gəlib. Konfransın sponsorlarından biri də Azercell şirkəti olub.

Tədbir zamanı şirkətin prezidenti Ali Ağan “Şərqi Avropa: yeni imkanlar necə və harada tapılmalıdır” mövzusunda məruzə edib, şirkətin həyata keçirdiyi yeniliklərdən danışıb. Azercell-in kontur sistemindən manat sisteminə keçidi abonentlərə öz mobil rabitə xərclərini daha yaxşı planlaşdırmaq imkanını yaratdığını, alıcılara ən yaxşı variantı seçmək məqsədilə onlayn rejimində işləyən tarif kalkulyatorunun, onlayn müştəri xidmətinin yaradıldığını qeyd edib. İnsan qaynaqları sahəsində görülən işlərlə bağlı Azercell-in yerli universitetlərlə birgə reallaşdırdığı texniki universitetlərin birində Mobil Texnologiya kurslarını və 3G laboratoriyası, Barama İnnovasiya Mərkəzinin yaradılması barədə söhbət açıb. Həmçinin, ümumilikdə maliyyə mənbələrinin çatışmaması və insan qaynaqlarının saxlanması kimi mürəkkəb məsələlərin həlli ilə bağlı əldə olunan uğurlardan, sosial mediadan istifadənin gücləndirilməsi, bununla reklama çəkilən xərclərin azaldılması, reklamın konkret auditoriyaya yönəlməsinin təmin olunduğundan danışıb.

Qeyd edək ki, “The Economist” dərgisi 1843-cü ildən nəşr olunur. Nəşrin əsas məqsədi müxtəlif iqtisadi mövzularda debatlar təşkil etməklə fikir plüralizmini təmin etməkdən ibarətdir. Artıq 30 ilə yaxındır ki, “The Economist” jurnalı müxtəlif formatlı müzakirələr təşkil edir. Nəşrin təşəbbüsü ilə keçirilən məruzələr, debatlar, konfrans və seminarlarda dünya iqtisadiyyatının inkişafı üçün önəmli məsələlər müzakirə olunur. “The Economist”in təşəbbüsü ilə baş tutan konfrans materialları dünya biznesi üçün tədqiqat mənbəyi sayılır.

Nigar Məmmədli