AzMİU-da İtaliya- Azərbaycan Dizayn Mərkəzi açılıb - Fotolar

azmiu-da-italiya-azerbaycan-dizayn-merkezi-acilib
Oxunma sayı: 1921

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) İtaliya – Azərbaycan Dizayn Mərkəzinin açılış mərasimi olub.

“Qafqazinfo” xəbər verir ki, mərasimdə Təhsil naziri Ceyhun Bayramov, İtaliyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Auqusto Massarini, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova, Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov iştirak edib. Qonaqlar arasında Milan Politexnik Universitetinin Dizayn kafedrasının rəhbəri, professor Silvia Piardi, Dizayn Məktəbinin dekan müavini Francesco Zurlo, professor Mauro Cecenello, dosent Silvia Gramegna və müxtəlif qurumları təmsil edən nümayəndələr də olub. 

AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova mərkəzi yaratmaqda məqsədin ölkəmizdə dizayn ixtisası üzrə təhsil alan savadlı, bacarıqlı mütəxəssislər yetişdirmək, dizayn təhsilinin İtaliya dizayn təhsili səviyyəsinə yüksəlməsinə çalışmaq olduğunu vurğulayıb. O, AzMİU-da dizayn ixtisasını modernləşdirmək üçün təhsil proqramlarını da italyanların proqramına uyğunlaşdırmağın vacibliyini və bu istiqamətdə müəyyən işlər görüldüyünü bildirib. Rektor bu il ilk dəfə olaraq dizayn ixtisası üzrə ingilis dilli tədrisin aparıldığını, bununla da ilkin addımların atıldığını söyləyib. AzMİU-nun və Milan Politexnik Universitetinin birgə həyata keçirdiyi layihənin 2 il müddətində gərçəkləşdiriləcəyini, lakin gələcəkdə bu müddətin artırılması, ikili diplom proqramların həyata keçirilməsinin qarşıya məqsəd olaraq qoyulduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. 

Daha sonra çıxış edən Təhsil naziri Ceyhun Bayramov ümidvar olduğunu bildirib ki, mərkəz ölkəmizdə dizayn ixtisasının daha yüksək səviyyəyə qaldırılmasına və inkişaf etdirilməsinə böyük töhfə verəcək.

İtaliyadan gələn qonaqlar - Milan Politexnik Universitetinin Dizayn Məktəbinin dekan müavini Francesco Zurlo, Dizayn kafedrasının rəhbəri Silvia Elvira Maria Piardi də çıxış edərək Mərkəzin açılmasını yüksək qiymətləndiriblər.