Argentinada Azərbaycan həftəsi başladı

-argentinada-azerbaycan-heftesi-basladi
Oxunma sayı: 678

Xarici İşlər Nazirliyi Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, tədbirlərdə iştirak üçün Argentinaya millət vəkilləri Mirkazım Kazımov, Asim Mollazadə və Ceyhun Osmanlı, Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayeva və Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Elman Abdullayevdən ibarət nümayəndə heyəti səfər edib.
Bu çərçivədə ilk tədbir Argentina Respublikası Milli Kitabxanasında Azərbaycanla bağlı nəşrlərdən ibarət fondun yaradılmasının təqdimat mərasimi keçirilib. Mərasimi giriş sözü ilə açan səfir Məmməd Əhmədzadə Argentina Respublikası Milli Kitabxanası kimi Latın Amerikasının aparıcı elmi, intelektual və mədəni mərkəzlərindən birində Azərbaycan haqqında müxtəlif dillərdə çap olunmuş nəşrlərdən ibarət fondun yaradılmasını vacib hadisə kimi qiymətləndirib. Argentinada Azərbaycan haqqında nəşrlərdən ibarət ilk belə bir fondun yaradılmasının Azərbaycanın tarixi, mədəniyyəti, ənənələri, hazırkı reallıqları haqqında argentinalıların yaxından tanış olmasına töhfə verəcəyini bildirərək fondun getdikcə daha da zənginləşdirilməsinə Səfirliyin daimi dəstək verəcəyini bildirib.
Sonra M.Əhmədzadə Azərbaycanla bağlı belə bir fondun yaradılması üçün Səfirlik tərəfindən Argentina Respublikası Milli Kitabxanasına hədiyyə olunan ölkəmiz haqqında 100-dən artıq müxtəlif dillərdə kitab, jurnal və materiallardan ibarət nəşrlərin siyasını Heydər Əliyev Fondu tərəfindən nəşr olunmuş “Azərbaycan” kitabı ilə birlikdə Milli Kitabxananın prezidenti, Argentinanın tanınmış sosioloqu və ictimai xadimi Horasio Gonzalesə təqdim edib. Öz tərəfindən, Milli Kitabxanada Azərbaycanla bağlı belə bir fondun yaradılmasından məmnunluğunu ifadə edən H.Gonzales bunun məsafəcə bir-birinə uzaq olan Azərbaycan və Argentinanı yaxınlaşdıran simvolik amillərdən birinə çevriləcəyini və Azərbaycanın zəngin mədəni və tarixi irsini Argentinada tanıtmaqda faydalı olacağına əminliyini bildirib.
Azərbaycandan Argentinaya səfər etmiş Azərbaycan nümayəndə heyəti adından çıxış edən millət vəkili Asim Mollazadə Azərbaycanın tarixən müxtəlif sivilizasiyaların qovşağında yerləşən çoxmədəniyyətli bir ölkə olmasından, ölkəmizin qədim və zəngin tarixi-mədəni irsindən danışmış və bu gün də Azərbaycanın sivilizasiyalar arası dialoqa, habelə Xəzər bölgəsi ilə Avropa arasındakı əməkdaşlığa verdiyi töhfə barədə məlumat verib. Gələn il Avropanın ən nüfuzlu musiqi festivalı olan Avroviziyanın Bakıda keçiriləcəyini vurğulayan millət vəkili Azərbaycan gözəllikləri ilə tanış olmaq üçün argentinalıları ölkəmizə dəvət edib.
Tədbirdə Argentina Respublikası Milli Kitabxanasında yaradılan Azərbaycanla bağlı fonddakı nəşrlərin nümayişi, habelə Azərbaycanın görməli yerlərinin foto sərgisi və milli mətbəximiz təqdim olunub.
Tədbirə Argentinanın elmi-mədəni, ictimai-siyasi çevrələrinin, kütləvi informasiya vasitələrinin, Buenos-Ayresdə akkreditə olunan diplomatik korpusun nümayəndələri qatılıblar.