“Qara eşşək” adlandırılan fəhlələr üsyan etdilər

-qara-essek-adlandirilan-fehleler-usyan-etdiler
Oxunma sayı: 726

Bu barədə “Qafqazinfo”ya Demokratiyaya Yardım İctimai Birliyinin sədri Emil Məmmədov məlumat verib. Onun sözlərinə görə, İtaliyanın “Todini” şirkətinin apardığı tikintidə iş şəraitinin və əmək haqlarının fəhlələri qane etməməsi onların etirazına səbəb olub: “Şirkət işə başlayandan biz ictimai birlik olaraq işə nəzarət edirik. Tikintidə çalışan fəhlələr iş şəraitindən çox narazıdırlar buna görə də onlar şirkətin Salyanın Çuxanlı kəndində yerləşən ofisi qarşısında toplanıb etiraz aksiyası keçirirlər”. Birlik sədrinin sözlərinə görə, fəhlələr ilk növbədə şirkət rəhbərinin istefasını tələb edir: “Şirkət rəhbəri cənab Baxatelli fəhlələrlə çox kobud davranır, hətta onları “qara eşşək” adlandırır. Bundan başqa fəhlələr əmək haqlarının artırılmasını, əmək şəraitinin, yaşayış şəraitinin və yemək şəraitinin yaxşılaşdırılmasını tələb edirlər”. Birlik sədri fəhlələr arasında ayrı-seçkiliyin də edildiyini bildirib: “Eyni işi görən italiyalı işçi 3-4 min avro maaş alır, yerli işçi isə 300-400 manat maaş alır. Həmçinin fəhlələr haqsız yerə işdən çıxarılanların da işə qaytarılmasını tələb edirlər”.

Birlik sədri iddia edib ki, şirkətin bu cür davranmasının səbəbi Azərbaycanın dövlət məmurları ilə bağlıdır: “Adətən insanlar xarici şirkətlərə can atırlar, amma indi vəziyyət o yerə çatıb ki, fəhlələr “Akkord”a şükür edirlər. Xarici şirkətlərin fəhlələrlə bu cür rəftarının səbəbi onların arxasında oliqarxların, dövlət məmurlarının durmasıdır. Ona görə də onlar yerli işçilərlə qul kimi davranırlar. Əgər tədbir görülməsə mən onların adlarını da açıqlayacam”.

Fatimə Kərimli