Qoduqqırxdı

-qoduqqirxdi
Oxunma sayı: 772

Bənzətmə təşbehlərlə yanaşı, bu təbii aləmdə təzadlar da mövcuddur amma. Məsələn: Baharda təbiət libasını dəyişib, güllü donunu geyinməyə başladığı halda, şəhərdə insanlar əynindəkiləri soyunmağa başlayır. Yox canım yenə dedi-qodu etməyəcəm. Geyinmək də, soyunmaq da onların təbii haqqı. Nəyimə lazım? Novruzdan danışmaq istəyirdim.

Dünən Bahar Bayramı haqqında olan bir ensiklopediya da bu bayram ərəfəsində qədim insanların nə etdikləri, necə hazırlıq gördükləri barədə bir çox yeni şeylər öyrəndim. Novruzqabağı Novruza hazırlıq mərasimləri sıralanmağa başlayır. Bu silsilə hazırlıq növlərindən çərşənbələr xüsusən maraqlıdı. Çərşənbələrin sayı yeddidir. Bunlardan dördü həqiqi, üçü yalançı çərşənbələrdi. Bu yeddi rəqəminin müqəddəsliyi ilə bağlı inanclara görəymiş. Dörd həqiqi - Yel, Od, Su, Torpaq çərşənbələrinin hərəsi adına uyğun ünsürün canlanıb dirçəlməsi ilə izah olunur.

Qədimdə insanlar maldarlıq, daha çox əkinçiliklə məşğul olduqları, illik qidaları, yaşayışları torpaqla bağlı olduqları üçün ruzilərinin bol, illərinin bərəkətli, əmin-amanlıq içində keçməyinə görə “çoxbilmişlik” edib torpağa və əlaqəli olan digər ünsürlərə,ümumiyyətlə təbiətə şeirlər ,mahnılar qoşub oxuyardılar. Bununla bağlı xalq oyun –tamaşaları, rituallar, mərasimlər mövcud olmuşdur və onlardan bəzilər indi də yerinə yetirilir. Amma unudulub yalnız tarixdə qalan və müasir dövrümüzdə yerinə yetirliməyən bir çox oyunlar və mərasimlərimiz varmış. Bunlardan, oxuduğum zaman çox güldüyüm bir mərasimi sizə də danışım. Mərasim belə adlanır: QODUQ QIRXDI.

Bilmirəm, bu mərasimin adı kiməsə gülməli gəldi, ya yox, amma mən çox güldüm. Bizlərdən kənddə -kəsəkdə olanlarımız qoyunlarının qırxım vaxtı yunlarının qırxıldığını görmüş, ən azı eşitmişik. Mən özüm bu qoyun qırxımını görmüşəm və buna çox maraqla baxmışam. Bu “Qoduq qırxdıyla” bağlı isə heç təsəvvürüm olmayıb. Qoduğun ki yunu olmur...

Oxudum görüm ki, bu necə həyata keçirilirmiş. Deməli, yazılıb ki, qışda doğulmuş quzu, buzov və ya qoduq olardısa, “Qarı Nənə” əlinə qayçı alıb bu quzunu, buzovu, ya da qoduğu qabağına yıxaraq başlayardı bu ətcəbala tifilin bədənində Qoduq qırxma mərasimini yerinə yetirməyə. Nə var ki, iş bilmişəm yaz gəlib, bunun tükünün qırxılması, azar-bezarı aparıb, uğurlu il gətirəcək bizə. Necə qəribə düşünürmüşlər qədim insanlar. Necə də düşünürmüşlər ki, o eşşəyin balasının iki cüt bir tək tükü kəsilməklə qada-bələları gedə bilər. Yazıq eşşək balası!

Balaca uşaqların saçını kəsəndə necə əsəbləşdiklərini, sakit oturmadıqlarını gördüyümçün sənin o qoduq canınla o “qarı nənənin “ altında necə dözdüyünü anlayıram.Allah bu “qarı nənənin” insafını kəssin! Qoduqluğuna də rəhm etməyib heç olmasa. Yenə eşşək olsaydın nəysə. Ancaq deyəsən bu adətin unudulmasıyla daha modern bir adət yaranıb. İndi eşşəklərə saç uzadıb dişilərininin tellərinin ucuna lent bağlayır,erkəklərinin tellərinisə yağlayıb “şampunçik eşşək ” edirlər.Yəqin ki,bu adət də gələcəkdə ensiklopediyaya düşəcək və hansısa bir oxucu oxuyub biizm dövrdəki adətlərə çox güləcək.