116 yaşlı Əkrəm Əylisli

116-yasli-ekrem-eylisli
Oxunma sayı: 656

Ə.Əylislinin “Kulis.az” saytında Aqşinə verdiyi cavabda belə bir məqam var: “Aqşin bizim normal qocalmadığımızı deyir. Mən arzu edirəm ki, o da 75 yaşına çatsın, görək o necə qocalacaq. Biz görməsək də, o birilər baxıb görərlər o necə qocalacaq”.

Gəlin bu məsələyə bir az baməzə baxaq və fikirləşək ki, 41 ildən sonra Aqşinin 75 yaşı var, Əkrəm Əylislinin isə 116 yaşı. Aqşin onda “Cəhənnəmdə gup-gup” romanının nəşr sevincini yaşayar yəqin. Bəs Əkrəm Əylisli indiki inadı ilə neyləyər, müsahibə verib nə deyərdi?

a) Dünyada məndən yaxşı tərcüməçi yoxdur.
b) Dünyada “Azərbaycan” jurnalından yaxşı jurnal olmayıb.
c) Dünyada məndən yaxşı adam yoxdur.
d) Dünyada məndən yaxşı deputat olmayıb.
e) Çingiz Aytmatov o vaxtı mənə dedi ki, “Əlvida Gülsarı” adlı əsər yazmışam, bu əsərin əlin-ayağın bir yerə yığ. Əsərin adın dəyişib “Mənim Nəğməkar Bibim Gülsarı” qoyacaqdım, amma Sovet senzurası izn vermədi.
f) Mən mənəm, bəs siz kimsiz?
g) Dostoyevski də yazırdı, nolsun... axırı nə oldu ki?
h) “İncil” mən yazmışam, xristianlar da götürüb tərcümə ediblər...
i) Əslində, bunu yazmaya da bilərsən – Adəm də mənəm...

Ə.Əylisli yaxşı yazıçıdı, amma cığal adamdı. Oynayır, amma “ruka-muka” bilmir. Ona görə də hər dəfə top Əlinə dəyəndə oyuna davam etmək istəyir, hərdən də hakim adamlar onu susdurur. Yadıma bir lətifə düşür bunu mənə Orxan Fikrətoğlu danışmışdı: “Səttar Zərdablı adlı maraqlı bir adam var idi. Həmişə Lenindən yazardı, əksər kitabları Lenin haqda idi. Ə.Əylisli həmişə onu ələ salıb deyərmiş ki “Ayə, Leylin baban nətərdi, Leylin baban neyniyir?”. Bir gün də hansısa iclasda Ə.Əylisli, Səttarı görüb soruşur ki, “Ayə Lenin baban neyniyir?”.

Səttar Zərdablı da eləmir tənbəllik cavab verir:
– Lenin babam Gilənar çiçəklərinin altında sənin nəğməkar bibini “o məsələ”.

P.S. Ə.Əylislinin son müsahibəsində bir məqam var: kişi, bəzi məsələlərə aydınlıq gətirib yaxşı bir etiraf edir: Ümumiyyətlə isə sözümü ucuzlaşdırdığımı hiss edirəm. Əvvəlki müsahibələrimə baxıram, necə müsahibələr vermişəm, necə fikirlər səsləndirmişəm. Bilirəm ki, indi bu fikirləri get-gedə primitivləşdirir, bəsitləşdirir, bayağılaşdırıram. Çox danışıb öz səviyyəmi aşağı salıram”.

Bəs bunu bilə-bilə niyə danışır, görəsən?