2012 Azərbaycanın iqtisadi həyatına nə vəd verir? - Proqnoz

2012-azerbaycanin-iqtisadi-heyatina-ne-ved-verir-proqnoz
Oxunma sayı: 846

2012-ci ildə Azərbaycan Mərkəzi Bankının pul və məzənnə siyasəti ölkədə makroiqtisadi sabitliyin qorunmasına yönəldiləcək, kontr-tsiklik siyasət çərçivəsinin formalaşması mühüm prioritet olacaq. Bu barədə “Qafqazinfo”ya daxil olan Mərkəzi Bankın 2012-ci il üçün proqnozunda qeyd olunub. Bildirilib ki, pul siyasəti inflyasiya və iqtisadi artım, pulun dəyəri və iqtisadiyyatda gəlirlik norması arasında mümkün optimal balansın tapılmasına istiqamətlənəcək. Bank sektorunda dayanıqlığın və sabitliyin qorunması, bank aktivliyinin optimallaşması, sektorun tarazlı və sağlam inkişafı 2012-ci ildə maliyyə sabitliyi siyasətinin əsas imperativləridir.

Son qlobal proqnozları nəzərə alaraq 2012-ci ildə də Azərbaycanın ixracını təşkil edən əmtəə qiymətlərinin tədiyə balansına müsbət təsir edəcəyi gözlənilir. Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə növbəti ildə neftin bir barelinin qiyməti 100 dollardan çox olacaq ki, bu da büdcə paketində nəzərdə tutulmuş səviyyədən (80 dollar) daha yüksəkdir. Bu şəraitdə cari əməliyyatlar balansında profisit hesabına valyuta ehtiyatları artmaqda davam edəcək. Mərkəzi Bankın qiymətləndirmələrinə görə isə 2012-ci ildə tədiyə balansının cari əməliyyatlar hesabında Ümumi Daxili Məhsulun 20-25%-i qədər profisitin olacağı gözlənilir.
2012-ci ildə daxili dövlət tələbinin yüksək səviyyəsi şəraitində iqtisadi artımın davam edəcəyi proqnozlaşdırılır. Ölkənin sosial-iqtisadi inkişaf proqnozlarına uyğun olaraq növbəti ildə Ümumi Daxili Məhsulun 5.7% artacağı proqnozlaşdırılır. Neft hasilatının gözlənilən həcmini nəzərə alaraq iqtisadi artım qeyri-neft sektoru hesabına (əsasən daxili tələbin təsiri altında) baş verəcək. Dövlət xərcləri qeyri-neft sektorunda artım templərini formalaşdıran mühüm amil olacaq.
Makroiqtisadi proqnozları nəzərə alaraq inflyasiya amillərinə koordinasiya olunmuş nəzarətin gücləndirilməsi zərurəti artır. Qarşıdakı ildə inflyasiya amillərinin həm daxili tələbin, həm də xarici amillərin təsiri altında formalaşacağı gözlənilir. Bu şəraitdə növbəti ildə makroiqtisadi sabitlik hədəflərinin aktuallığı daha da artır.
Növbəti ildə də antiinflyasiya siyasəti öz aktuallığını saxlayacaq. Mərkəzi Bankın 2012-ci il üçün pul siyasətinin başlıca hədəfini illik inflyasiyanın təkrəqəmli səviyyədə saxlanması təşkil edəcək. İnflyasiyanın aşağı səviyyədə saxlanması ödəniş qabiliyyətli tələbin təmin olunmasında, əhalinin və biznesin maliyyə yığımlarının real dəyərinin qorunmasında, faiz dərəcələrinin aşağı düşməsində və manatın real məzənnəsinin rəqabətli olmasında həlledici amildir.
İnflyasiya üzrə hədəfə nail olmaq üçün Mərkəzi Bank pul təklifi və valyuta məzənnəsindən aralıq hədəflər kimi istifadə edəcək. Strateji dövrdə isə Mərkəzi Bankın qarşısında duran vəzifə məcmu tələbə təsir etmək və bu yolla inflyasiyanı birbaşa hədəfləmək imkanlarının artırılmasıdır. Bu imkanın yaranması pul siyasətinin məcmu tələb və pulun dəyəri üzərində monetar nəzarətinin güclənməsini təmin edən amildir. İqtisadiyyatın diversifikasiyası, qeyri-nağd pul dövriyyəsinin miqyasının genişlənməsi, makroiqtisadi siyasətin koordinasiyası mexanimzlərinin güclənməsi, kapital bazarlarının inkişafı pul siyasəti qərarlarının iqtisadi aktivliyə və inflyasiya səviyyəsinə yüksək ötürücülük qabiliyyətini təmin edən başlıca şərtlərdir.
Manatın məzənnəsi makroiqtisadi sabitliyin saxlanmasında, maliyyə sabitliyinin idarə olunmasında, habelə qeyri-neft sektorunun beynəlxalq rəqabət qabiliyyətinin qorunmasında əhəmiyyətli amil olaraq qalacaq. 2012-ci ildə ölkəyə valyuta daxilolmalarının artması manatın məzənnəsinə təsir edən əsas makroiqtisadi amildir. Manatın real effektiv məzənnəsinə neft gəlirlərinin əhəmiyyətli təsirini nəzərə alaraq orta müddətli dövr üçün daha çevik məzənnə rejiminə tədrici keçid imkanları nəzərdən keçiriləcək.
Pul təklifinin artım templərinə mümkün təsiri təmin etmək üçün Mərkəzi Bank pul siyasəti alətlərindən adekvat istifadə edəcək. Faiz dəhlizinin parametrləri, o cümlədən uçot dərəcəsi iqtisadi tsikldəki və maliyyə bazarlarındakı vəziyyətdən asılı olaraq adekvat tənzimlənəcək. Bank sistemindəki likvidlik həm inyeksiya (likvidliyin verilməsi), həm də sterilizasiya alətləri vasitəsilə tənzimlənəcək. Pul siyasəti alətlərinin tətbiqinin makroiqtisadi effektivliyini yüksəltmək üçün maliyyə dərinliyinin daha da artırılması vacib şərtdir. Bunu nəzərə alaraq qarşıdakı ildə də Mərkəzi Bank mütəşəkkil banklararası pul bazarının aktivləşməsini dəstəkləməkdə davam edəcək.

Pul siyasətinin intellektual bazasının inkişafı diqqətdə saxlanacaq, iqtisadi diaqnostika, tədqiqat və proqnozlaşdırma bazası gücləndiriləcək. Empirik tədqiqat bazasının genişləndirilməsi, diaqnostik və proqnozlaşdırma aparatının dərinləşdirilməsi, modern və standartlaşdırılmış statistika sisteminin yaradılması diqqət mərkəzində saxlanılacaq. Ölkə iqtisadiyyatının orta və uzunmüddətli dövrlərə modelləşdirilməsi üçün konseptual fəaliyyət davam etdiriləcək. İxracyönümlü iqtisadiyyatlar üçün məqbul hesab edilən modellərin proqnozlaşdırmada praktiki tətbiqinə başlanacaq. İqtisadi maarifləndirmə, o cümlədən əhalinin maliyyə maarifləndirilməsi tədbirləri həyata keçiriləcək.

2012-ci ildə Mərkəzi Bankın maliyyə sabitliyi siyasəti banklarda sağlamlaşdırma tədbirlərinin davam etdirilməsinə və risklərin preventiv qaydada tənzimlənməsinə yönəldiləcək. Bu məqsədlə, prudensial nəzarətin post-krizis dövrünün tələblərinə və ən son qlobal çağırışlara uyğunlaşdırılması təmin olunacaq. Risklərə davamlılığının artırılması üçün nəzarət mexanizmləri vasitəsilə bankların mövcud makroiqtisadi vəziyyətə adekvat davranışı və maliyyə ehtiyatlanması səviyyəsinin yüksəldilməsi təşviq olunacaq. Bu kontekstdə, banklarda, xüsusilə sistem əhəmiyyətli banklarda aktivlərin keyfiyyəti ilə bağlı risk mövqeləri, likvidlik və sağlamlaşdırma tədbirləri diqqət mərkəzində saxlanılacaq. Kapital adekvatlığının “sağlam” zonada saxlanılması və “leverec” (bankın I dərəcəli kapitalının balans aktivlərinə və balansdankənar öhdəliklərə nisbəti göstəricisidir) əmsalının səviyyəsinin gözlənilməsi təmin ediləcək. Erkən xəbərdarlıq sistemlərinin, stress-testlərin potensialının təkmilləşdirilməsi işləri davam etdiriləcək.
Maliyyə sabitliyi üzrə əsas hədəflərə nail olunması və Bazel-III standartları ilə harmonizasiya məqsədilə prudensial nəzarət çərçivəsi təkmilləşdiriləcək. Bank kapitalının kəmiyyət və keyfiyyətinin artırılması çərçivəsində kapitalın “konservativ buferi”nin tətbiq edilməsi və kapitalın sabit mənbələrinin rolunun yüksəldilməsi istiqamətində tədbirlər görüləcək. Qısamüddətli likvidlik mövqeyinin daha təkmil idarə olunması üçün Bazel-III standartlarının təklif etdiyi yeni likvidlik normativinin tətbiqi də istisna edilmir. Eyni zamanda maliyyə itkilərinin tanınması üzrə Maliyyə Hesabatlığının Beynəlxalq Standartları ilə yaxınlaşmaya nail olunması (qlobal səviyyədə əldə olunacaq konsensus çərçivəsində) diqqətdə saxlanılacaq.
Bank sektorunun restrukturizasiyası və dövlətsizləşdirilməsi, sektorda rəqabətin stimullaşdırılması 2012-ci ildə də əsas prioritetlərdən biri olacaq. Sektorda rəqabət mühitinin gücləndirilməsi məqsədilə “brend” xarici bankların investisiya qoyuluşları təşviq olunacaq. Bank sisteminin xarici mühitdən yarana biləcək mümkün riskləri daha hazırlıqlı qarşılaması üçün daxili institusional potensialı artırılacaq və inkişaf etdiriləcək. Korporativ idarəetmə standartlarına uyğunlaşmaq və risklərin idarə edilməsi sistemini təkmilləşdirməklə yanaşı banklarda idarəetmə çərçivəsinin və daxili resursların optimizasiyası təmin ediləcək.
2012-ci ildə Mərkəzi Bank maliyyə sektorunun dərinliyinin artırılması istiqamətində tədbirlərini də davam etdirəcək. Regionların maliyyə resurslarına çıxış imkanlarını artırmaq üçün maliyyə institutlarının regional şəbəkəsinin, o cümlədən qeyri-bank kredit institutlarının fəaliyyəti və “Azərpoçt” MMC tərəfindən maliyyə xidmətlərinin daha da genişlənməsi təşviq olunacaq. Bununla belə, bankların kredit aktivliyinin iqtisadi situasiyaya və biznes profilinə adekvatlığı diqqətdə saxlanılacaq.
Qeyri-nağd ödənişlərin stimullaşdırılması çərçivəsində kart hesablaşmalarının miqyasının artırılması, elektron hökumət layihəsi çərçivəsində elektron ödənişlərin təşviqi davam etdiriləcək. Bank infrastrukturunun və bankların daxili potensiallarının inkişafı maliyyə xidmətlərinin maya dəyərinin azalmasına və iqtisadi subyektlərin maliyyə resurslarına çıxış imkanlarının genişlənməsinə müsbət təsir göstərməlidir. Banklar üçün daha uzun müddətli və ucuz resurs mənbələrinin yaradılması əhəmiyyətli dərəcədə ölkədə kapital bazarlarının, sığorta sektorunun, investisiya və özəl pensiya fondlarının inkişafından asılıdır. Eyni zamanda girov və mülkiyyət hüquqları institutlarının inkişafı, real sektorda maliyyə hesabatlılığının şəffaflığı iqtisadi subyektlərin maliyyə xidmətlərinə çıxış imkanlarını artıran başlıca amillərdir.
Yeni proqram əsasında 2012-ci ildə ölkədə ipoteka kreditləşdirilməsi sisteminin inkişafı istiqamətində də tədbirlər davam etdiriləcək. İqtisadi artım, məşğulluq, gənclər siyasətinin effektiv realizasiyası baxımından sosial ipotekanın inkişafı və onun miqyasının genişlənməsi öz aktuallığını yenə də saxlayacaq. İpoteka kreditləşməsinin kommersiyalaşmasının dərinləşməsi və bu əsasda ipoteka kreditlərinə çıxışın genişləndirilməsi istiqamətində tədbirlər davam etdiriləcək.
Mərkəzi Bankın tənzimləmə potensialının və şəffaflıq göstəricilərinin daha da yüksəldilməsi istiqamətində zəruri tədbirlər görüləcək. Mərkəzi Bankın qoşulduğu FSAP proqramı çərçivəsində 2012-ci ildə gözlənilən qiymətləndirmələrin nəticələri Mərkəzi Bankın və bank sisteminin inkişaf prioritetlərinin müəyyən edilməsində mühüm rol oynayacaq.
Mərkəzi Bank özünün sayca IV strateji fəaliyyət planını həyata keçirməyə başlayır. Bu plan çərçivəsində nəzərdə tutulan tədbirlər qlobal iqtisadi transformasiyalar və ölkə iqtisadiyyatının keyfiyyətcə yeni inkişaf mərhələsinə daxil olması şəraitində bankın missiyasının daha effektiv həyata keçirilməsinə yönəlib. Yeni strateji planlaşma dövründə Bank “XXI əsrin mərkəzi bankı” konsepsiyasını rəhbər tutaraq özünün institusional inkişafının daha da sürətləndirilməsini prioritet kimi nəzərdə tutur. Bu yolla Mərkəzi Bank makroiqtisadi və maliyyə sabitliyinin idarə olunmasını, habelə qanunvericiliklə təsbit olunmuş mühüm funksiyaların realizasiyasını təmin edən fəaliyyət çərçivələrini əsaslı müasirləşdimək və standartlaşdırmaq əzmindədir.

Nigar Məmmədli