785 milyon manat gəlir azdır, yoxsa çox?

785-milyon-manat-gelir-azdir-yoxsa-cox
Oxunma sayı: 678




Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) cari ilin 9 ayının yekunlarına həsr olunmuş kollegiya iclasında nazir Əli Abbasov bu dövrdə İKT sektorunun ayrı-ayrı sahələrində həyata keçirilən islahatlardan danışaraq, əldə olunacaq gəlirlərin ölkə iqtisadiyyatının inkişafına güclü təsir göstərəcəyini qeyd edib. Əli Abbasov bildirib ki, göstərilən dövrdə İKT sektorunda artım tempi 12,4 faiz, telekommunikasiya sektorunda 8,3 faiz, informasiya texnologiyaları (İT) sektorunda 1,6 dəfə, informasiya sektorunda isə 38,8 faiz təşkil edib.

Hesabat dövründə mobil abunəçilərin sayı 10 milyona yaxın, əhalinin hər 100 nəfərinə düşən komputerlərin sayı 15, internet istifadəçilərinin sayı isə 60-a bərabər olub. Bu isə ümumdünya orta göstəricilərini 2 dəfədən çox üstələyir. Əli Abbasov hətta mətbuata bildirib ki, Azərbaycan son 3 ildə dalbadal İKT-də dinamik inkişaf tempinə görə MDB ölkələri arasında 1-ci yerə çıxır.

Bu dogurdan da belədirmi, sadalanan rəqəmlər doğurdan da dinamik inkişafın göstəricisi sayıla bilərmi? Bu suala elə yerli və xarici statistika qurumlarının rəsmi hesabatlarına istinad edərək cavab verməyə çalışaq.
Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə 2011-ci ilin yanvar-sentyabr aylarında istehsal olunan İnformasiya və rabitə xidmətlərinin həcmi 883,1 mln manat təşkil edib. Bu göstəricinin ÜDM-da payı 2,55 faiz təşkil edir. DSK-nin məlumatına görə 2010-cu ildə 41,5747 mlrd manatlıq ÜDM hasil olub. İnformasiya və rabitə xidmətlərinin həcmi isə 1,1461 mlrd manat təşkil edib. İKT sektoruna ötən il 300 mln. ABŞ dollar sərmayə qoyulub ki, onun da 50-60 mln dolları birbaşa dövlət investisiyalarıdır.

Əgər Mobil rabitə bazarında əsas paya sahib olan Azercell şirkətinin 2010-cu ildə rabitə sektoruna 108 mln dollar sərmayə qoyduğu haqda məlumata inansaq, Azərbaycanın İKT sektorunun həcminin elə də böyük olmadığı və onun bir şirkətdən nə qədər asılı olduğu üzərə çıxır. Çünki Bu suala abonent il ərzində İKT sektotuna qoyulan sərmayənin 35 faizi cəmi bir şirkətin payına düşür. Digər tərəfdən İKT sektorunun gəlirlərinin də təqribən 70 faizi və ya 785 mln manatı yalnız mobil rabitənın hesabına əldə olunur. Bəs 10 mln abonenti olan mobil raitə bazarından 785 mln manat gəlir azdır yoxsa çox? başına düşən xərclərin vasitəsilə aydınlıq gətirmək olar. Ötən il, abonent başına düşən illik xidmət 78,5 manat, və ya aylıq 6,6 manat təşkil edib. Deməli, bazarın dövriyyəsi istifadəçilərin sayına uygun deyil, ona görə də, abonentlərin sayı hələ inkişafa dəlalət etmir.
“BakıTelekom” və “Aztelekom” kimi fiksal rabitə üzrə inhisarların sahibi olan dövlətin İKT sektoruna yatırdığı birbaşa sərmayə isə ötən il 15 faiz ətrafında olub. Bu bir daha sübüt edir ki, Nazirliyin tabeliyində olan bu qurumlar böyük sərmayələr yatırmır. Bununla belə bu qurumlar birmənalı olaraq bu sektordakı biznes payını özəl sektora təhvil verməyə hazırlaşmır, əksinə bu bazarda RİTN-nin müəssisələri öz bizneslərini genişləndirməkdə davam edir. Buna Azeurotelin özəl payının alınması və Catellin stasionar şəbəkəsinin BakıTelekomun əlinə keçməsi misal ola bilər. Qeyd edək ki, Nazir Əli Abbasov ilin əvvəlində bu sektorda özəlləşmənin sürətlənəcəyini və özəl şirkətlərin bu sektorda rolunun artırılacağını bildirmişdi. Bundan əlavə Nazir Rusiyanın rbc.ru saytına 2011-ci ilin fevral ayında bildirmişdi ki, cari ildə Bakutelekom və Aztelekom Səhmdar Cəmiyyətlərə çevriləcək və 2012 –ci ildə özəlləşdiriləcək. İlin sonunun yaxınlaşmasına baxmayaraq, deyilən vədlərin heç birinə əməl olunmayıb.
MDB ölkələri arasında hansı parametrlərə görə liderlik etdiyimiz məlum olmasa da, uduzulan mövqelərlə bağlı bəzi statistikaya göz yetirək. Məsələn Azərbaycan Beynəlxalq Təşkilatların hesabatında dünyanın ən bahalı telefon danışığı olan dövlətlər sırasında yer alır. Burada söhbət yalnız mobil telefon tariflərinin deyil, həm də fiksal rabitə xidmətləri üzrə də tariflər qonşu ölkələrlə müqayisə də bahalıdır. Məsələn, “Aztelekom”un tariflərinə görə Azərbaycandan 1 dəqiqə danışığın qiyməti MDB və Baltikyanı ölkələr üçün 36 qəpik, İran Türkiyə üçün 45 qəpik, ABŞ və Aİ ölkələri üzrə 54 qəpik təşkil edir. Qeyd edək ki, adıçəkilən ölkələr və regionlardan əksi istiqamətdə qiymətlər 20-40 faiz ucuzdur.
Azərbaycan Cənubi Qafqazda həm ərazisinə, həm əhalisinə, həm də makroiqtisadi göstəricilərinə görə böyük ölkə olsa da, mobil operatorlarının sayına görə regionun ən kiçik və ən kasıb dövləti olan Ermənistandan geridə qalır. Ermənistanda 3G xidmətini 4 operator həyata keçirir. Bunlar ArmenTel, VivaSell, Orange Armenia 3G, Armenian Beeline operatorlarıdır. Özbəkistan artıq 4G xidmətini tətbiq etdiyi halda Azərbaycanın 10 mln mobil istifadəçilərinin cəmi 120 min nəfəri 3G xidmətindən yararlanır. 3G xidmətinin Azərbaycanda 2 ildən çox istifadəyə verilməsinə baxmayaraq, bu ximəti üzrə yeganə operator olan Azerfonun öz rəsmi məlumatına görə onun 1,6 mln abonentlərindən yalnız 120 min nəfəri mütamadi 3G xidmətindən istifadə edir. Bu göstərici inkişafda olmaqda olan ölkələrlə müqayisədə 10-15 faiz, inkişaf etmiş ölkələrdən isə 30 faiz azdır.

Operatorların bazara buraxılması prosedurları da region ölkələri ilə fərqli olub. Gürcüstanda operatorların bazara buraxılması müsabiqə yolu ilə keçirilib və lisenziya üçün böyük məbləğdə vəsait ödənilib. Gürcüstanın ilk 3G operatoru 5 mln dollar start qiymətlə auksiona çıxarılan lisenziyanı 11,32 mln ABŞ dollarına alıb. Sayca ikinci 3G operatoru “Telecom Invest Georgia” lisenziyanı auksiyondan 10,37 mln dollara alıb. Lisenziyanın qiymətinin böyük olmasına baxmayaraq, hazırda bu kiçik və kasıb ölkədə 3G xidmətini 3 operator göstərir.

Azərbaycanda isə lisenziyanın qiymətinin 11 min manat olmasına baxmayaraq hazırda cəmi bir opearor 3G xidmətini göstərir. Qalan iki operatora 2 noyabr 2011 tarixində lisenziya verilsə də tezliklərin olmaması ucbatından onlar fəaliyyətə başlaya bilmirlər.
Mobil Əyləncə Forumun apardığı sorğuya əsasən bütün dünyadakı mobil rabitə istifadəçilərin təxminən 75 faizi hər gün mobil telefon vasitəsilə internetə daxil olur və onların arasında 18 faiz istifadəçi internetə daxil olmaq üçün artıq adi telefon xəttindən istifadə etmir. Azərbaycanda isə, əgər hətta bir aylıq məlumatları götürsək belə, mobil internetdən istifadə cəmi 25 faiz təşkil edir. Bu, o deməkdir ki, bütün mobil rabitə istifadəçilərin təxminən 25 faizi ötən ay ərzində mobil telefonlardan internetə bir dəfə olsa belə, daxil olublar.

“Ovum” adlanan qlobal tədqiqat agentliyin məlumatlarına görə, 3G-i dəstəkləyən telefonlardan istifadə qlobal səviyyədə 2009-cu ildə 15 faizdən 2014-cü ildə 43 faizə qədər artacaq. Azərbaycanda, bu göstərici son 3 – 4 il ərzində təxminən 12% səviyyəsində qalmışdır.
Son 3 il ərzində, dünyada 300 mindən artıq mobil telefon proqramı tərtib edilmişdir və onlar 11 milyard dəfədən artıq yüklənmişdir. 3G sürətinin çatışmaması səbəbindən Azərbaycan bu inkişafdan kənarda qalmışdır. Kollegiya iclasında əhalinin hər 100 nəfərinə düşən kompyuterlərin sayının 15, internet istifadəçilərinin sayının isə 60-a bərabər olması, orta ümumdünya göstəricilərini 2 dəfədən çox üstələdiyi deyilir. Əslində internet istifadəçilərinin kompüterlərin sayından 4 dəfə çox olması faktı ziddiyyətlidir. Bununla belə ölkəmiz hər iki göstərici üçün olduqca geridədir. Məsələn hələ 2006-cı ilin nəticələrinə görə hər 100 nəfərə İsraildə 122, Canadada 87,7 kompüter olub. Rusiyada bu göstərici həmin vaxt 12 ədəd təşkil edib. 2010-cu ilin göstəricilərinə görə şimal qonşumuzda hər 100 nəfərə düşən personal kompüterlərin sayı 43 ədəd təşkil edib.

Azərbaycan MDB ölkələr arasında istifadəçi üzrə işlələnən (istifadə olunan) internet həcminə görə ən aşağı göstəricilərdən birinə malikdir. Azərbaycanda, məlumatlardan orta səviyyədə istifadə edən istifadəçi bir ay ərzində cəmi 18 MB istifadə edir, halbuki, qonşu Gürcüstanda bu rəqəm 63 MB-a çatır. Bütün operatorlar tərəfindən 3G xidmətləri göstərildiyi halda belə, hətta aşağı gəlirli Tacikistanda (bu ölkə MDB-də 3G xidmətlərini başlamış ilk ölkələrdən biridir), bizim ölkə ilə müqayisədə internetdən istifadə 2 dəfə artıqdır.

Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) ən son məlumatlarına görə, Azərbaycanda 100 nəfərə geniş zolaqlı mobil internet istifadəçilərin sayı cəmi 0.9 təşkil edir. Bu, dünyada ən aşağı göstəricilərdən biridir. Yəni, bu rəqəm Anqola (5.6), Gürcüstan (18.8), Rusyia (17.4), Ermənistan (5.2) və digər ölkələrdən də aşağıdır. BTİ-nin məlumatlarına görə, bu ilin əvvəlində qlobal orta göstərici 15 faiz təşkil etmişdir.

Azərbaycanın poçt sistemi də qonşu ölkələrlə müqayisədə olduqca aşağı mövqeyə malikdir. Elə DSK-nin məlumatına görə 2010-cu ildə 5,3 mln nüsxə qəzet, 7,1 mln ədəd məktub daşınıb. Müqayisə üçün qeyd edək ki, Belarusda müvafiq olaraq bu göstəricilər 313 mln və 166 mln, Moldovada isə 23,8 mln və 41,9 mln təşkil edir. Ukraina və Rusiya üzrə bu rəqəmlər daha yüksəkdir. Beləliklə DSK-nın rəmi məlumatından məlum olur ki, bir il ərzində adambaşına düşən qəzet sayı 0,6, məktublarınkı isə 0,8 ədəd təşkil edir.

Beləliklə aydın olur ki, İKT sektorunun qeyri neft sektorunda lider olmasına baxmayaraq bu sektorun inkişafının səviyyəsi fəxr olunan səviyyədə deyil. İKT sekorunu qonşu ölkələrinki ilə müqayisə etdikdə bütün paramerlər üzrə geridə qaldığımız üzərə çıxır. Bazarın İllik 8-11 faiz artım tempi əslində çox ləngdir və bu artım qonşu ölkələrin səviiyəsinə çatmaq üçün yetərli deyil.

contact.az