Ağırlıq-Uğurluq

agirliq-ugurluq
Oxunma sayı: 725

Mərc kontorları idmanı faktiki idarə eləyirlər. Hansısa futbolçunun 100 milyon dollara alınıb-satılması əslində biabırçılıqdır,görməmişlikdir.

O cümlədən bizdə yapokratiya lideri idman sahələrinin ümumi şefi olmaqla bu sahəyə adamda istər-istəməz biganəlik yaradır. Çünki rejim xaricdən xalqın pulu ilə aldığı idmançıların ən kiçik qələbələrini belə həmin xalqı əzmək, özünün reklamını qurmaq üçün istifadə edir.

Dünən xəbər gəldi ki, Londonda bir ağırlıq qaldıranımız bürünc medal alıb. Medalçının adı Valentin Xristovdur. Bu adam bolqardır, yazda Bolqarıstan komandasına 400 min avro ödəyib alıblar. Yeri gəlmişkən, o vaxt Bolqarıstan Ağır Atletika Federasiyası pulun azlığından şikayət eləmişdi, ta bilmədik axırınecə oldu-əlavə pul aldılar, ya yox.

Bürünc medala münasibətlər də gülməlidir. Xristov özü deyib ki, bu medalı Azərbaycan üçün qazanmışam. Bah, bəlkə Bolqarıstan üçün idi? Hələ təsdiqləməyə ehtiyac da duyub, deyir birdən şübhələnərik. Ağır Atletika Federasiyasının prezidenti, AZAL şefi Cahangir Əsgərovun da açıqlaması məzəlidir ( İşi uçmaqla bağlı adama ağırlıq federasiyası vermək də yapokratiyanın bir anormallığıdır. Buna heç olmazsa hündürlüyə tullanmağı verərdiniz). Əsgərov deyib şeytanın qıçını sındırdıq, ağır atletikada ilk olimpiya medalı qazandıq. Sanki Xristov ştanq yox, şeytan qaldırıbmış. Nə biləsən, bəlkə Canik əkə rusdilli ləhcəsində elə şeytana da “şeytanlıq” deyir.

Bütün hallarda zəhmətkeşlərimizi təbrik edirik, çünki Xristov yarışından sonra Bakıya qayıdanda əla həzrət prezident “Məni istəyən Xristova bir xələt!” əmri verəcək, bütün əmlak kollektivləri ona ev, maşın, pul-zad paylamaq yarışına qoşulacaq. Təbii, sonra bu vasitələr həmin kollektivlərin belindən çıxarılacaq. Əsl ağırlıqqaldırma yarışı o zaman olacaq. Yoxsa “bu qədər yük daşıyan millətin niyə öz ağırlıq qaldıranı yoxdur” sualı ortaya çıxır. Var, Xristovu da biz qaldırmışıq, üstəlik, 256 kilo ilə birlikdə. Belimizddə korrupsioner, harın bir hakimiyyət olarkən hələ ştanq və “ştanqist” də qaldırırıq. Qarışqanın öz çəkisindən neçə dəfə artıq yük qaldırması əfsanədri bizim xalqın ağırlıq qaldırmağının yanında. Sadəcə görən, qiymətləndirib medal verən yoxdur.

Qiymət demişkən, bizi heç iqtisadi sahə də qiymətləndirən, qədrimizi bilən olmur. Bugünlərdə “Forbes”jurnalı dünyanın ən gəlirli iş şirkətlərinin adlarını açıqlayıb, orda 42 milyar dollarla ABŞ –ın “Exxon Mobil” şirkəti, üçüncü yeri isə 32 milyard dollarla bir Çin şirkəti tutub.

Çox ədalətsiz yanaşmadır. Halbuki bu yaxında ingilislər hesablamışdı, yapokratlar Azərbaycandan 48 milyard dollar çıxardıb xaricə aparıblar. Belə südverən şirkət- “Azərbaycan” şirkəti niyə “Forbes”in siyahısında yoxdur? Əliyevlərə azı 48 milyard dollar gəlir gətirən “Azərbaycan Respublikası” şirkətinin adını mütləq orda birinci yazmalı idilər. “İsmayıl TV” demişkən, dünya birliyi bu ədalətsizliyə hələ də dözür. Əflatun Amaşovdan xahiş edirik “Forbes” adını reket mətbuat siyahısına salsın. Vüqar Səfərov isəBalaxanıda jurnalistlər üçün tikilənbinadan “Forbes”in redaktoruna qətiyyən ev verməməlidir.

Elə bizim də işimiz ağırdır. Bu yazını birtəhər qaldırıb qoydum qəzetə.

“Yeni Müsavat”