Bakılı babalar...

bakili-babalar
Oxunma sayı: 4776

Aygün Quliyeva

Onlardan az qalıb, çox az, lap çox az. Bəzilərinə Bakı kəndlərində, bir qisminə isə şəhərin hələ sökülməyən köhnə məhlələrində rast gələ bilərsiniz. Söküntüdən sonra isə tamamilə yoxa çıxacaqlar, ya yaşları çatacaq rəhmətə gedəcəklər, ya da ki, verilən pulun müqabilində şəhərin hansısa ucqar bölgəsinə köçüb ömrünün qalan hissəsini orada yaşamağa məhkum olacaqlar. Beləliklə, köhnə Bakının siması olmaqdan çıxacaqlar...

“Bakıda yaşaya – yaşaya avtobusda bakılıya yer yoxdu...” Bu qoca baba deyinə-deyinə 65 nömrəli avtobusa minib mənzil başına çatmağa tələsirdi. Ya Kubinkada düşəcəkdi, ya da İçərişəhərdə. Zənnim məni aldatmadı. Nizami metrosuna kimi gələn deyingən babaya heç yer verəndə olmadı. Nimdaş paltarı, azca toza batmış ayaqqabıları, tüklü üzü və bığı, başında da ənənəvi bakılılara xas şapkası. O düşdü, mən də onu süzdüm.. Babamı xatırlayaraq, qaçıb boynuna sarılmaq, öpmək istədim onu, 1 il öncə rəhmətə gedən əsl şəhər balası olan babamın qoxusunu almaq istədim həmin bakılı babadan...

Son günlər Nizami metrosu tərəfdə işlədiyim üçün demək olar ki, hər gün belə babalar görürəm: Nurlu, saf və sadəlövh. Həm də kasıb... Bakılı babaların bir fərqi var: onların heç vaxt varı-dövləti olmaz, ölüb gedəndən sonra övlad və nəvələrinə qoyduqları sadəcə balaca, köhnə mülk olar, bir də ən əsası, təmiz ad, vicdan və qürur.. Yaltaqlıq bilməzlər, dilləri acı olar (acı olduğu üçün də ya sevilməz, ya da həyatda ciddi bir şeyə nail olmazlar), quru olar, heç vaxt da sevgisini nə uşaqlarına, nə də nəvələrinə bildirə bilməzlər...

Bəzən ətrafdakıların bakılı babalarla yersiz, şit zarafatlar ediyini də görmüşəm, onlar bundan xoşlanmaz, ciddiliyi sevərlər. Dişlərini heç vaxt ağartmaz, kişidən barıt iyi gələr prinsipi ilə yaşayarlar. Mənim babam da heç vaxt ətir vurmazdı, heç güzgüyə də baxmazdı. “Güzgü qadın üçündür” deyərdi. Kişi gülməz, qadının arsızlığı, şitliyi eybi yox, vay o gündən kişi sırtıq olsun, düşüncəsi ilə ən zəhləsi gedən adamlar da məhz belələri idi.

O gün piyada keçidindən keçmək istəyən bakılı babalardan birini polis saxlayıb ki, dayan maşınlar qoy keçib qurtarsınlar, sıxlıq yaratma. O da yenə deyinməyə başladı – bakılılara xas deyingənliyi ilə (haqlı deyingənliyi ilə) ki, imkan ver keçim, tələsirəm... Heç 3 saniyə keçmədi ki, bir tələbə qız polisi vecə almadan ayağını piyada keçidinə qoydu və dərhal avtomobillər əyləci basdılar. Bu zaman o babanın sifətindəki əsəbin, acığın şahidi olardınız. İllərdir bu məhəllədə yaşayan, Bakının 75 yaşlı sakininin 20 yaşlı gənc qədər də polisin, ZƏMANƏNİN gözündə hörməti yox imiş...

Qoruyun onları, sevin onları. Tez-tez ziyarətlərinə gedin, nəyə ehtiyacları varsa, alın aparın. Onsuzda sizin aldıqlarınızı ya qəbul etməyəcək, ya da deyinə-deyinə bir kənara qoyacaqlar. 90 manat təqaüd ilə dolanan qoca heç vaxt heç kimə boyun əyməz, heç övladlarına da. Axı onlar çox qürurludurlar.

Sevin onları, yol verin, yer verin, az qalıb onlardan, bu babalardan gəlməyəcək daha dünyaya, işıqlı Bakımıza... Şəhər gözəlləşəcək, böyüyəcək, amma bir növ, onun simvoluna çevrilmiş şapkalı, bığlı, ən əsası ləyaqətli babalardan bir daha olmayacaq. Çünki artıq vatsaplı, planşetli, saqqız çeynəyən, xanımı görəndə oturuşuna düzəliş verməyən babalar nəsli yetişməkdədir...