Alman jurnalında Azərbaycan hakimiyyəti haqda sərt məqalə - “Lobbiçilik: Diktatorun arzusu”

alman-jurnalinda-azerbaycan-hakimiyyeti-haqda-sert-meqale-lobbicilik-diktatorun-arzusu
Oxunma sayı: 705





Almaniyanın “Şpiqel” jurnalı 02.01.2012-ci il sayında Azərbaycanla bağlı məqalə dərc edib. Həmin məqalə Elnur Məcidli, Qurban Dağlı və Rail Səfiyevin yardımı ilə Azərbaycan dilinə tərcümə edilib. Məqalə “Lobbiçilik: Diktatorun arzusu” adlanır. “Qafqazinfo” həmin məqaləni təqdim edir:

“Azərbaycandakı avtoritar rejim gələn il Avroviziya Mahnı Müsabiqəsinə kimi öz imicini yaxşılaşdırmaq arzusundadır. Alman siyasətçiləri isə bu işdə köməklik etməlidirlər.

Almaniya prezidentinin həyat yoldaşının avtoritar Qafqaz rejiminin tədbirində nə işi ola bilər? Bettina Vulf sərgini bir-bir gəzir, giriş sözü deyir. Tədbirdən çəkilən şəkillərdə onun Azərbaycan prezidentinin xanımı ilə bir yerdə gülümsədiyini görmək olar.

Əliyeva bu payızda Azərbaycan Respublikasının müstəqilliyinin 20 illik yubileyi münasibətilə Berlindəki Alman Tarix muzeyinə dəvət olunmuşdu. Azərbaycan insan hüquqları ilə bağlı götürdüyü öhdəliklərə əməl etməyən ölkələrdəndir. “Mən həmin tədbirə getməzdim” - deyə Almaniya hökumətinin insan hüquqları üzrə müvəkkili Markus Löninq belə deyir.

Almaniya Prezident İdarəsindən isə bildirirlər ki, xanım Vulf ona görə tədbirə getməyə razılıq veribdir ki, tədbir mədəni xarakterli imiş. Doğurdan da xalçalar sərgisi göstərilmişdi. Ancaq məsələ xalçalar məsələsi deyildi axı. Bakıdakı rejim Qərbdə öz imicini düzəltdirməyi düşünür. Bunun üçün də çoxlu pullar yatırır. Bu işdə alman siyasətçilər də kömək etməyə hazırdırlar.

Öz imicinin korreksiyasına Bakının həqiqətən də ehtiyacı var. Amnesti İnterneynşnl (Amnesty International) ölkədə daim tənqidi fikrin boğulmasından xəbərdar edir. Sərhədsiz Reportyorlar Təşkilatının mətbuat azadlığı ilə bağlı siyahısında Azərbaycan 178 ölkə içərisində 152-ci yeri tutur. Almaniya Xarici İşlər Nazirliyinin daxili istifadəçilər üçün nəzərdə tutulmuş məlumatında Azərbaycanda insan haqları ilə bağlı vəziyyətin problemli olduğu vurğulanır.

İmic düzəltmə kampaniyası Almaniyada və digər Avropa ölkələrindəki “piar” peşəkarları ilə birgə aparılır və Bakı hakimiyyəti, eləcə də nüfuzlu oliqarxlar da bu işdə maliyyəçi xidmətlərini əsirgəmirlər. Rejimin belə taktikası pula və alman siyasətçilərinin anlayışsız davranışına söykənir. “Azərbaycanın Almaniyada belə fəaliyyətləri artıq ədəbsizliyin lap son həddindədir” - Almaniya Azad Demokratik Partiyasının deputatı Marina Şuster belə deyir. “Bu cür lobbiçilik işinə yol verilə bilməz.”

Hans Erix Bilges öz bürosunda oturub, ayaqlarının birini o birisinin üstünə aşırıb və qalstukunu da bir azca boşaldıb. Bilges yaxşı baba kimi mehriban və xoşagəlməz adam kimi sərt ola bilər. Mehriban o zaman olur ki, prezident İlham Əliyev haqqında danışır. Onun tənqidçilərindən söhbət düşəndə isə çox kəskin və amansız olur.

Bilges Azərbaycanının Almaniyada reklam edilməsi işində rol oynayan əsas mərkəzi fiqurlardan biridir. O əvvəllər “Bild” qəzetinin redaksiyasının üzvü idi. İndi o, “Konsaltum Kommunikeyşnz” (Consultum Communications) agentliyinə rəhbərlik edir. Bilges indiyə kimi mətbuat azadlığı üzrə Bakını arxada qoyan Belarus və Qazaxıstana da məsləhət yardımı göstərmişdir. Onun dediyinə görə, onun işi Azərbaycanın Qərbə doğru transformasiya prosesinə kömək etməkdən ibarət imiş. Buna məsələn Berlində keçirilən tədbirlər kimi işlər daxildir ki, onun da köməyi sadəcə prosedura, işin necə deyərlər “necə” aparılmasını təmin etməkdən ibarətdir.

Əslində isə onun işi bundan da artıqdır. Berlindəki qala tədbirdə keçmiş xarici işlər naziri Hans Ditrix Genşer, keçmiş iqtisadiyyat naziri Mixael Qlos da iştirak etmişdilər ki, bu da belə tədbirlər üçün heç də gündəlik rastlanacaq hal deyildir. Ancaq məsələnin gizlin tərəflərini öyrəndikcə bunun nədən belə olduğu aydınlaşır. Genşer “Konsaltum Kommunikeyşnz”ın Məsləhətçilər Şurasında fəxri sədrdir, Qlos isə həmin şuranın üzvü. Bilges də məhz müştərilərinin təşkil etdiyi tədbirlərə gələ biləcək belə siyasətçilər ilə əməkdaşlıq edir. Əlbəttə burada qeyri-qanuni heç nə yoxdur, ancaq yenə də xoşagəlməz təsir bağışlayır.

Niyə bu qədər məşhur siyasətçilər elə də ciddi ehtiyac olmadan avtoritar rejimin nüfuzunun artmasına bu qədər yardım göstərsinlər?

Bilges tənqidçilərindən fərqli olaraq Azərbaycandakı vəziyyətin o qədər də pis olduğu fikrində deyildir. Onun əməkdaşı Berlin Senatının uzun illər sözçüsü işləmiş Mixael Andreas Buts bunu belə izah edir: “Siyasi məhbuslar elə götürsən Almaniyada da vardır. Özü-özlüyündə elə Horst Maler də siyasi məhbusdur”. Qeyd edək ki, keçmiş solçu terrorist Horst Maler yəhudilərin soyqırımını (xolokost) inkar və xalqları bir birinə qarşı qoyma maddəsi ilə indi həbsdə yatır.

Bilgesin fəaliyyətləri Azərbaycanın lobbiçilik işinin yalnız bir hissəsini təşkil edir. Ölkə həmçinin “Yaşıllar” partiyasının deputatı Viola fon Kramon-Taubadelin sözləri ilə desək Bakıdakı psevdo-elmi xarakterli konfranslara da dəvətlər paylayır. Kramon bir dəfə belə tədbirlərdə olubdur, indi isə rejimi tənqid edən bir kəs kimi belə dəvətlər almır.

Qlos, Xristian Demokratlar Partiyasının deputatı Karl Qeorq Velman və Linke fraksiyasının üzvü olan Stefan Libix isə sentyabrda Bakıya müstəqillik günü bayramına uçmuşdular. Belə dəvətlərə biznes klas uçuşlar, bahalı otellərdə qalma, bahalı şam yeməkləri və prezident İlham Əliyevin nitqini dinləmək daxildir. Libix və Qlos özləri etiraf etdilər ki, bu səyahətin pulunu Azərbaycan tərəfi veribdir. Libix yenə də heç olmasa əvvəlcədən Löninqlə səfər barədə danışmış və rəsmi proqramdan savayı hansı görüşlərin mühüm ola biləcəyini öyrənmişdi.

Velman isə bizim sorğumuza cavab vermədi. Onun üçün belə səfərlər birinci dəfə deyildir ki, olur. O, bu il artıq bir dəfə Bakıda “demokratik cəmiyyətdə media” mövzusunda keçirilən konfransda da iştirak etmişdi.

Vikiliksin açıqladığı Bakıdakı ABŞ səfirliyinə aid məxfi sənədlərdə Əliyev rejiminin mafioz tendensiyalarından söhbət açılır. Tarixçi Simon Sebag Montefior yazır, “Əliyev artıq hər bir diktatorun arzusu olacaq məqsədə çatıbdır; uğurlu bir sülalə hakimiyyəti qurmuşdur. Adamın gərək incə heysiyyatı olsun ki, bu şəxsin adamları vasitəsilə uçuş səyahətləri və bahalı otellərin haqqının ödənilməsinə yox desin.

Avropa Şurasının Parlament Asambleyasında da Azərbaycan özünə dostlar tapa bilibdir. Belələrinə məsələn keçmiş Xristian Demokratlar Partiyasından olan deputat Eduard Lintneri aid etmək olar. Lintner 2002-ci ildən 2005-ci ilə kimi Avropa Şurası Parlament Assambleyasının hüquq komitəsinin və oradakı monitorinq komissiyasının sədri olmuşdur. O vaxtlar o, həm də Azərbaycandakı insan hüquqları vəziyyəti ilə bağlı hesabatlara da cavabdeh idi.

Bakı əlbəttə Lintnerin öz işini yerinə yetirməsindən xeyli razı qalmışdı. Heç mandatı bitməmiş o yeni vəzifəyə “Alman-Azərbaycan əlaqələrinin inkişafı cəmiyyətinin” icraçı direktoru vəzifəsinə keçirildi. Bunun arxasında Azərbaycanın maliyyələşdirdiyi lobbi qrupunun dayandığı şübhəsizdir. İnsan hüquqları vəzifəsindən lobbiçi xidmətinə birdən-birə qalxışını Lintner belə izah edir: “Avropa Şurasında Azərbaycandakı insan hüquqları pozuntularını sərt mühakimə edən bir qrup var idi. O, özü isə Azərbaycana daha çox yardım etmək istəyirmiş. ” Belə görünür ki, belə xidmət əvəzsiz qalmamışdır.

Amma heç də hamını bu cür tez təsir altına düşənlər sırasına aid etmək olmaz. Almaniya Sosial Demokratlar Partiyasından olan deputat Kristof Ştrasser bu il Avropa Şurası üçün Azərbaycandakı siyasi məhbusların durumu haqqında hesabat hazırlayacaqdır. Azərbaycan rejimi aylarla ona viza verilməsindən imtina etmişdir. Bunun üçün də noyabrın əvvəlində Bundestaqın insan haqları komitəsi Bakı hakimiyyətindən Ştrasserə həbsxanalara baş çəkmək üçün icazə verilməsini tələb etmək qərarına gəlmişdir. Maraqlısı odur ki, həmin qərar layihəsi hələ heç qəbul olunmamış Azərbaycan səfirliyinə çatmışdır. Parlamentdə kimsə bu sənədi gizlincə Azərbaycan səfirliyinə ötürmüşdü, çox güman ki, ya pul ya da bu ölkəyə xüsusi sevgisi müqabilində.

Bundan sonra belə bir qərarın qəbul edilməsinə mane olmaq üçün Azərbaycanın Berlindəki səfiri tez bütün fraksiya rəhbərlərinə məktubla müraciət etmiş, lakin bu da kömək etməmişdir. Bilges isə məktubun tərtibatına yardım etmişdir.

Bilges belə qərarın qəbul edilməsinə hiddətlənir, amma özünü ruhdan da salmır. İndi onun stolunun üstündə parlamentdə “Yaşıllar” fraksiyasının rəhbəri Yürgen Trittinin Azərbaycan səfirinə ünvanladığı cavab məktubu durur. “Trittin indi cavabını alacaqdır.” Bəli belədir, kim ki avtoritar bir dövlətin imicini düzəltmək istəyir, kobudluq etməyi də özünə rəva görə bilər.

Ralf Noykirx
“Şpiqel” jurnalı, 02. 01. 2012