“Almaniya-Azərbaycan müharibəsi dayandırılmalıdır”- Müsahibə

almaniya-azerbaycan-muharibesi-dayandirilmalidir-musahibe-
Oxunma sayı: 663



Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin “Qafqazinfo”ya müsahibəsi:

- Bir neçə gün əvvəl Azərbaycanın Milli Məclisindən Azərbaycanla Almaniya arasında yaranmış gərginliklə bağlı bir qrup millət vəkili Almanıyaya səfər edib. Orada görüşlər keçiriblər. Bu görüşlərdə iki ölkə arasında münasibətlərin hazırkı durumu müzakirə olunub. Görüşlərdə iştirak etmiş şəxs kimi hansı nəticəyə gəlmisiniz, niyə aramız belə sərindir?
- Mən birmənalı deməzdim, aramız sərindir. Bu gün Azərbaycanla Almaniya arasında münasibətlər jurnalistlərin təqdim etdiyi kimi sərin deyil. Azərbaycan və Almaniya bir-birinə çox böyük hörmətlə yanaşır. Azərbaycan Almaniyanı Avropada özünə ən böyük tərəfdaşlardan biri hesab edir. Azərbaycan Almaniyanın 2009-cu ildə Dağlıq Qarabağla bağlı qəbul etdiyi ədalətli və obyektiv qətnaməni yüksək qiymətləndirir. Eyni zamanda, Almaniya da Azərbaycana bölgədə Cənubi Qafqazın ən inkişaf etmiş ölkəsi və tərəfdaşı kimi baxır. Təsadüfi deyil ki, 2011-ci ildə Azərbaycanla Almanıya arasında ticarət dövriyyəsi 2 milyard avrodan çox olub. Biz Almaniyanın Avropadakı çəkisini və fəaliyyətini nəzərə alaraq, müəyyən mənada Avropa İttifaqı ilə əlaqələrimizin təminatında, Avropanın enerji təhlükəsizliyinin təminatında üzərimzə götürdüyümüz öhdəlikləri yüksək səviyyədə yerinə yetiririk. Hətta bu dostluq səviyyəsi o həddə çatıb ki, görüşdüyümüz alman siyasətçiləri, millət vəkiləri ATƏT-in Minsk Qrupunun fəaliyyətindən narazılıqlarını ifadə etdilər və Almaniyanın gələcəkdə Minsk Qrupunun həmsədirliyinə gətirilməsində maraqlı olduqlarını söylədilər.

- Bu fikiri kimlər söylədi?
- Bizim görüşdüyümüz Bundestaqın Beynəlxalq və Xarici Əlaqələr Komitəsinin nümayəndələri dedilər ki, Almaniya Minsk Qrupunun fəaliyyətində yaxından iştirak etmək istəyir. Mən bunları ona görə deyirəm ki, bu gün Azərbaycanla Almaniyanın münasibətləri çox yüksək səviyyədədi. Biz dövlətlə ayrı-ayrı qurupları qarşıdırmayaq. O ki, qaldı narazılığa, bu narazılıq ondan qaynaqlanır ki, bir sıra alman siyasətçisi Azərbaycanla bağlı həqiqətə uyğun olmayan, gerçəyi özündə əks etdirməyən, qeyri-real məlumat yayır və belə bir informasiya müharibəsinə şərait yaradır. Xüsusi ilə bizi narahat edən məsələ budur ki, “Eurovision” mahnı müsabiqəsi sırf mədəniyyət hadisəsi konteksindən çıxarılaraq, siyasi müstəviyə gətirilir və hətta artıq siyasiləşdirilib. Bu da bizə qarşı təzyiq forması kimi istifadə olunur və bəzilər bunu deməkdən çəkinmirlər ki, “Eurovision”la bağlı bütün dünyanın diqqətini Azərbaycana cəlb etmək istəyirlər, bir sıra kiçik nöqsanları şişirdərək ümumi inkişaf tendensiyası kimi təqdim etmək istəyirlər. Biz alman həmkarlarımıza dedik ki, Azərbaycan heç vaxt dialoqdan qaçmayıb, hər zaman dialoqa açıq olub. Azərbaycan səmimi və sağlam tənqiddən qaçmayıb və bu tənqidlərdən nəticə çıxarmağa çalışıb. Yetər ki, bu tənqidlər sağlam məntiqə əsaslansın və xoş niyyətli olsun. Lakin bu gün Almaniya KİV-lərində ölkəmiz haqqında yazılan məqalələrin böyük əksəriyyəti qərəzlidir və xoş niyyətindən xəbər vermir. Bu kampaniya xarakterli gedən yazılarda Azərbaycana qarşı təzyiq elementi aşkar şəkildə görünməkdədir. Düşünürəm ki, ölkəmizlə bu şəkildə danışmaq qəbul edilməzdir. Azərbaycan heç bir halda razı ola bilməz ki, bir qrup xüsusi məqsəd daşıyan, ancaq öz seçdikləri mənbələr hesabına məlumatlar toplayan media mənsublarına və siyasətçilərə məhz Azərbaycanın beynəlxalq imicinə xələr gətirmək istiqamətində iş aparsınlar və yaxud bizim üzərimizdən özlərinin “PR”-nı qursunlar. Ona görə də biz görüşlərimizdə açıq şəkildə bildirdik ki, bütün bu müsbət meyllərə, Azərbaycanın Almaniyaya, alman xalqına və onun mədəniyyətinə qarşı yüksək hörmətinə baxmayaraq, belə hallar Azərbaycan Almaniya dostluğuna xələl gətirir.

- Orada daha kimlərlə görüşdünüz?
- Biz orada Reportiyorlar Təşkilatının nümayəndələri ilə görüşdük. Azərbaycandakı insan hüquqlar ilə, mətbuatla bağlı müzakirələr apardıq. Konkret məsələlər müzakirə olundu. Biz qeyd etdik ki, Azərbaycanda çoxlu sayda QHT, mətbuat orqanları var və bu gün dövlət mətbuatın fəaliyyətinə çox yaxından dəstək verir. Təkcə bunu qeyd etmək kifayət edir ki, müxalifət partiyalarına yaxınlığı ilə seçilən və hər gün səhifələrində Azərbaycan iqtidarının bütün üzvlərini nəyiki tənqid, hətta təhqir edən qəzetlərə də dövlət vəsait ayırır. Bu fikir, söz azadlığı demək deyilmi?!Təklif etdik ki, gələcəkdə Azərbaycan mətbuatı ilə bağlı məlumat əldə etmək istəyəndə seçilmiş bir mənbədən deyil, müxtəlif mənbələrdən məlumatlar alınsın.

Bir yaxşı xəbər də budur ki, Almaniyanın nüfuzlu bir qəzetində Azərbaycan haqda iki səhifəlik çox müsbət yazı gedib. Bu da ondan xəbər verir ki, heç də bütün alman mətbuatı Azərbaycanın əleyhinə köklənməyib. Biz xarici əlaqələr komitəsində Bundestaqın aparıcı fraksiyalarının təmsilçiləriilə görüşdük. Eyni zamanda, həmin görüşdə “Yaşıllar fraksiyası”nın nümayəndəsi də iştirak edirdi. Biz bu görüşlərdə ikitərəfli məsələlərdən, Dağlıq Qarabağ problemində Almaniyanın rolundan və ən nəhayət yenə də bu gün bizi narahat edən bəzi siyasətçilərin bəyanatlarından danışdıq. Fikrimiz belə oldu ki, bundan sonra çalışmalıyıq ki, ümumi maraqlarımıza uyğun olan fəaliyyətə üstünlük verək və verdiyimiz bəyanatlarda diqqətli olaq.

- Görüşdüyünüz şəxslərin arasında rəsmi, yüksək rütbəlilər vardı?
- Biz demək olar ki, bütün aparıcı partiyaların nümayəndələri ilə görüşdük. O cümlədən Almaniyanın xarici siyasətinin müəyyənləşdirilməsində xüsusi çəkiyə malik olan Bundestaqın Xarici Əlaqələr Komitəsinin sədri cənab Rupreht Polenslə görüşdük. Dediyim kimi QHT-lərlə, mətbuat nümayəndələrilə, ayrı-ayrı deputatlarla görüşdük.

- Demək olarmı ki, siz oradan əliboş qayıtmısız?
- Mən hesab etmirəm ki, biz əliboş qayıtmışıq. Ən azı iki səbəbə görə bizim görüşümüz faydalı oldu. Birincisi, Azərbaycan reallığı haqqında, Azərbaycanda son inkişafla, həyata keçirilən islahatlarla, insan hüquq və azadlıqları ilə bağlı, xüsusilə də cənab prezidentin dekabrın 27-də imzaladığı fəaliyyət planı ilə bağlı çox ətraflı məlumat verdik. Onlar da əmin oldular ki, heç də hər şey bəzi qrupların təqdim etdiyi kimi qara rəngdə deyil. İkincisi, biz mesaj verdik ki, cənab prezident də bunu dəfələrlə deyib, beynəlxalq təşkilatlarla, qrumlarla, ayrı-ayrı Avropadakı tərəfdaşlarımızla dialoqa və əməkdaşlığa hazırıq.
Demokratiya bir prosesdir və heç də biz hər şeyin ideal olduğun iddasında deyilik. Ümumiyyətlə, ideal ölkə yoxdur. Hər ölkənin müəyyən problemləri var. Amma biz bu problemləri bilirik və onun həlli istiqamətində konkret addımlar atırıq.

- Azay müəllim, onlar sizdən Azərbaycan mətbuatında Almaniya haqqında gedən qara piarla bağlı soruşmadılar?
- Açığı bu barədə bizim müzakirələrimiz olmadı. İstənilən halda bizim fikrimiz ondan ibarət idi ki, Almaniya ilə Azərbaycan arasındakı informasiya savaşı dayandırılmalıdır.


- Siz düşünürsünüz ki, Azərbaycan və Almaniya arasında aparılan bu müharibə dayandırılmalıdır?

- Bu gün Azərbaycan, sözün əsil mənasında, Avroatlantik məkana inteqrasiya siyasətini yürüdən Cənubi Qafqazın ən güclü ölkəsidir. Bu gün Azərbaycan Avropa üçün, Almaniya üçün çox lazımlı tərəfdaşdır və Almaniya Avropada Azərbaycan üçün çox güclü müttəfiq, böyük güc mərkəzidir. Belə olan halda hər iki tərəfin lazımsız yerə münasibətlərini korlamağa lüzum yoxdur. Azərbaycana qarşı aparılan kampaniyadan nə Azərbaycan, nə Almaniya fayda götürəcək. Ola bilsin ki, burada üçüncü tərəf daha çox maraqlıdır. Ona görə də, bu informasiya müharibəsi dayandırılmalıdır. Bəzi qüvvələr Azərbaycanın Avropaya yaxınlaşmasını, enerji və digər sahələrdə sıx əməkdaşlıq etməsində maraqlı deyil. Ona görə burada təmkin nümayiş etdirmək lazımdı, illər boyu formalaşmış dostluq münasibətlərinin üzərindən belə asanlıqla xətt çəkmək olmaz və bizim də alman deputatlarına mesajımız bu idi və onlarda bu mesajla razılaşdılar.

-Bəs onlar soruşmadılarmı Christof Strasseri Azərbaycana niyə buraxmırsız?
- Onlar bu barədə soruşdular. Biz dedik ki, onun Avropa Şurasının ona verdiyi mandatla Azərbaycana gəlməsinə etiraz etmirik. Amma bu gün Strasser Avropa Şurasının mandatından kənara çıxaraq, məxsusi olaraq Azərbaycanda siyasi məhbuslarla bağlı araşdırma aparmaq üçün buraya səfər etmək istəyir, bu da onunu mandatına uyğun deyil. Biz Strasserin heç bir halda Azərbaycana gəlməsinə problem yaratmamışıq və yaratmayacağıq. O, alman deputatı, Avropa Şurasının üzvü kimi də istənilən vaxt Azərbaycana səfər edə və görüşlər keçirə bilər. Amma mandatın dəyişdirilməsi və mandatın Azərbaycana münasibətdə fərqli şəkilə salınması yolverilməzdir.

- Biz niyə Strasseri buraxmırıq? Qoy məruzəçi kimi gəlib görsün ki, bizim həbsxanalar və həbsxanadakı şəxslər gizli deyil. Bütün dünya bilir ki, Arif Hacılı, Bəxtiyar Hacıyev həbsxanadadır və biz bunu gizlətmirik. Biz axı onları oğurlamamışıq… Bu adam Qrossdan, Herkeldən sərt olmayacaq ki?
- Mən sizin sayt vasitəsilə Christof Strasserin Azərbaycana buraxılmaması məsələsinə aydınlıq gətirmək istəyirəm. Biz bu günə qədər Avropa Şurasının bütün məruzəçiləriylə əməkdaşlıq etmişik. Məsələ burasındadır ki, indiki halda bizim haqlı arqumentleri bilərəkdən gözardı edənlər var. Biz demirik ki, Strasser Azərbaycana gəlməsin, gəlsin, buyursun. Amma mənə verilən məlumata görə, o, Azərbaycanla bağlı məxsusi statusla gəlmək istəyir. Onun statusu, mandatı bütün Avropa Şurasında siyasi məhbuslarla bağlı vəziyyəti araşdırmaqdır. Məndə olan məlumata görə isə o, Azərbaycanda siyasi məhbuslar problemini araşdırmaq və onu hesabata salmaq üçün təşrif buyurmaq istəyir.

-Yəni bir növ qərəzli mövqeylə gəlmək istəyir?
- Bəli, o mandatından kənara çıxaraq gəlmək istəyir.

- Artıq Azərbaycan dövləti düşünür ki, o güclüdür və kobud müdaxilələrə yol verə bilməz?
- Burada söhbət gücdən deyil, ədalətli yanaşmadan gedir. Əgər eyni mandatla kifayət qədər məhbusu olan Ermənistana, Gürcüstana və başqa ölkələrə getsəydi, biz bunu başa düşərdik. Niyə məhz bu Azərbaycanda başlayıb və Azərbaycandakı siyasi məhbuslar haqqda hesabat hazırlamaq istəyir?! Hələ Avropa Şurasının bununla bağlı mövqeyini ortaya qoysun və baxılsın ki, doğurdan da siyasi məhbus kimə deyilir və nədən ibarətdir. Burada bu nüansdan söhbət gedir. Strasser buyurub gəlsin, böyük məmnuniyyətlə ona qonaqlıq da verərik, yemək-içmək də …

- Azərbaycanda hakimiyyətə yaxın olan media orqanlarında Almanıyanın əlehinə materiallar dərc olunmuşdu. Hətta o materiallarda Almaniyanın xarici işlər nazirliyi səviyyəsində tənqidlər olmuşdu ki, niyə Azərbaycan müxalifəti ilə əməkdaşlıq edirlər? Bir siyasətçi kimi siz düşünürsünüzmü Əli Kərimlinin Almaniyanının xarici işlər naziri ilə görüşməsi təhlükəlidir?
- Mən şəxsən burada heç bir təhlükə görmürəm. Azərbaycan dövləti kifayət qədər güclüdür və hesab etmirəm ki, hər hansı bir diplomatın müxalifətlə görüşməyi Azərbaycan üçün təhlükə yarada bilsin. Mən hər bir siyasi yanaşmanı hörmətlə qarşılamağın tərəfdarıyam.

- Bu görüşdən sonra iki ölkə arasında diplomatik gərginliyin aradan qaldırılması üçün nə addımlar atılacaq?
- “Eurovision”a iyirmi gündən az qalıb. “Eurovision”dan sonra hər şey düzələcək. Bütün bunlar “Eurovision” ərəfəsi siyasi hərarətin süni şəkildə artırılmasına cəhddi və Almaniyanın bəzi qüvvələri burada iştirak edir. Mən Almaniyada da dedim, indi də demək istəyirəm ki, “Eurovision” həyatın nə başlanğıcı, nə də sonudur. Eurovisionla nə bütün məsələlər, problemlər başlayıb, nə də bütün məsələlər həll olacaq. Biz bütün gücümüzü səfərbər edib Eurovisionu ən yüksək səviyyədə keçirməliyik. Almaniyada bizim dostumuzdu və oda bizim bu uğurumuza sevinməlidir, bizə problem yaratmamalıdır.

-Siz bu gün yenidən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri seçilmisiniz?
-Bəli.

- Sizi təbrik edirəm. Belə informasiyalar da var ki, “Eurovision” öncəsi Azərbaycanda müxtəlif, yerli və ya xarici QHT-in vasitəsiylə gərginlik yaratmaq istəyənlər olacaq.
- Bəli, belə məlumatlar var. Bizə Almaniyada dedilər ki, belə bir tədbir mayın 18-də keçiriləcək. Mən bu gün çox üzülürəm ki, bizə Azərbaycan təşkilatlarının belə bir prosesdə iştirakı haqqında məlumatlar daxil olur. Amma mən inanıram ki, xalqımız dəyərli, təmkinli xalqdır. Heç bir azərbaycanlı öz vicdanına sığışdıra bilməz ki, hər hansı təşkilatın maraqlarına görə öz ölkəsinin, dövlətinin adına zərbə gəlsin, imici zədələnsin, hər hansı xarici qüvvənin əlində alətə çevrilsin. Buna heç kim yol verməz, verməməlidir.

- Bakı Eurovisiona necə hazırlaşır?
- Bakı ən yüksək səviyyədə hazırlaşır. Hesab edirəm ki, Bakı Eurovision keçirməsi ilə bağlı indiyə qədər qeydə alınan bütün uğurlardan da yüksək uğurlara imza atacaq və Azərbaycan xalqı, gəncliyi, iqtidarı, müxalifəti, QHT-ləri, mətbuatı, hər kəs əl-ələ verib, bir millət olaraq birləşib bu böyük sınaqdan alnı açıq, üzüağ çıxacayıq.

-Təmsilçimiz Səbinə Babayevanı dinləmisinizmi?
- Dinləmişəm və çox bəyənmişəm, ona uğurlar arzulayıram.