Alternativ axtarışında - I Yazı

alternativ-axtarisinda-i-yazi-
Oxunma sayı: 768

Bir olaydan qaynaqlanan 3 hadisə...

Beləliklə, dayanaq İP-in ilk və 3 aksiya içərisində özlərinin ən uğurlusu kimi təqdim etdikləri 2 aprel mitinqi üzərində...
Xatırladaq ki, 2 aprel mitinqini təyin edənədək, stimulyatoru eyni faktor - “ərəb hadisələri” olan, ən azı, 3 mühüm hadisə baş vermişdi. Hər üç hadisə də siyasətə ağıl sənəti kimi baxanlarda, ona emosiya və eqoistik maraqlarla yanaşmayanlarda səhvə yol verməmək, aydın strategiya qurmaq və uğurlu taktika seçmək üçün kifayət qədər aydın mənzərə yaratmış, hətta konkret nəticələr də ortaya qoymuşdu. Gəlin, həmin hadisələrin nədən ibarət olduğuna və ortaya qoyduğu nəticələrə baxaq:
Birinci hadisə: Həmişə beynəlxalq və daxili ictimai rəyə tüpürmək kursu seçən Azərbaycan iqtidarı qəfildən – yanvarın 27-dən etibarən, korrupsiyaya qarşı mübarizəyə başladığını elan etmişdi və “yuxarıdan islahat”a start verdiyini sübuta yetirmək üçün dövlətin bütün təbliğat mexanizmini işə salmışdı;
Korrupsiyanın mövcud rejimin dayanıqlığındakı əhəmiyyətini anlayanlar üçün bu hadisənin izahı, çıxarılan nəticə belə idi: Azərbaycan hakimiyyəti çox böyük təlaş içərisindədir, qorxur, deməli, Qərbdən beli bağlı deyil və tələyə düşmüş canavar kimi, qurtuluş yolunu da “öz ayağını çeynəyib qırmaqla bədənini xilas etmək”də görür...
İkinci hadisə: Martın əvvəllərindən başlayaraq, heç bir partiya mənsubiyyəti olmayan bir qrup gənc “Facebook” sosial şəbəkəsi vasitəsi ilə həmin ayın 11-də əhalini kütləvi şəkildə etiraz aksiyasına çağırmışdı və toplaşmaq üçün də konkret ünvan göstərməmişdi;
Bunun izahı, çıxarılan nəticə belə idi: artıq Azərbaycanda əsasən gənclərdən ibarət və ənənəvi partiyalardan kənar güc formalaşma mərhələsindədir, ictimai təşəbbüslərə meyl yaranır və həm də kütləvi aksiyaların təşkilində həmişəki “şəkil çəkdirmək” taktikasından fərqli və effektli variantların tətbiqi daha çox uğur gətirəndir.
Üçüncü hadisə: Martın 12-də İP-in iki əsas sütunundan biri – Müsavat Partiyası müttəfiqi AXCP-nin iştirakı olmadan və ciddi hazırılıq işi aparmadan, təkbaşına aksiya keçirməyə təşəbbüs göstərmişdi;
Bunun izahı, çıxarılan nəticə isə belə idi: hakimiyyətə alternativ, real müxalifət ittifaqı olaraq təqdim edilən İP, cəmiyyətə nə qədər birlik mesajları versə də, əslində, onun öz daxilində birlik, yekdillik yoxdur, əksinə, qurumdaxili rəqabət, təşəbbüsdə birinci olmaq istəyi var.
Beləliklə, 2003, 2005, 2008 və 2010-cu illlərin - iki prezident və iki parlament seçkisinin rüsvayçı “uğursuzluq sindromu”ndan çıxmaq, reabilitasiya qazanmaq imkanı əldə etmiş müxalifət cinahı 2011-ci ilin ilk 3 ayı ərzində baş verən bu 3 mühüm məqamı nəzərə almadan, tələm-tələsik aprelin 2-ə “icazəsiz aksiya” təyin etdi...

Bir aksiyanın doğurduğu 3 nəticə

İndi gəlin, İP-in “ən uğurlu” 2 aprel aksiyasının doğurduğu nəticələrə baxaq:
Birinci nəticə: Ərəb ölkələrindəki avtoritar rejimlərin aqibətini izlədikcə canına vəlvələ düşən, qorxu içərisində “görəsən, Azərbaycanda necə olacaq?” sualına cavab axtaran hakimiyyət üçün müxalifətin gücü, imkanları haqda mənzərə tam aydınlaşdı. Ölkədəki ədalətsizlik və mənəviyyatsızlıqdan bezmiş xalqın müxalifətin arxasında duracağından ehtiyatlanan hakimiyyət gördü ki, İP xalqla işləməyib və narazı kütləni öz arxasınca toparlamaq iqtidarında da deyil.
Eyni zamanda, “ərəb dalğası”nın müəllifi olan Qərbin Azərbaycandakı proseslərə dəstəyinin miqyası da üzə çıxdı. Bəlli oldu ki, bu prosesi Qərbin başlatdığı haqda mitinqqabağı aparılan təbliğat blef, “sabun köpüyü”dür və tələm-tələsik aksiyalara başlamaq təşəbbüsü heç də Qərbdən gəlməyib, əksinə, Qərbi “mən də varam” faktı qarşısında qoymaq cəhdləri var.
Qısa desək, 2 aprel aksiyası hakimiyyətə agah etdi ki, İP-in arxasında nə geniş xalq dəstəyi, nə də Qərb durub.
Təsadüfi deyil ki, bu aksiyayadək qorxu içərisində olan məmur eşelonu məhz bu tarixdən sonra rahat nəfəs almağa başladı, hətta hakimiyyətin “korrupsiyaya qarşı mübarizə kampaniyası”nı dayandırdığı haqda məlumatlar yayıldı...
İkinci nəticə: Xalqla, cəmiyyətin təşkilatlanmış hissələriylə işləmədən, gələcəkdə müxalifətin aparıcı hissəsinə çevriləcək və yenicə siyasi proseslərə maraq göstərən xeyli sayda fəal gənc vaxtından qabaq meydana çıxarılaraq, hakimiyyətin hədəfinə gətirildi, nəzarətə alındı, əksəriyyətinin isə gözü qorxuduldu. İP rəhbərliyinə daxil olan şəxslərin etiraflarına görə, 2 aprel aksiyasında iştirak edənlərin böyük əksəriyyəti müxalifətin ənənəvi bazasından kənar şəxslər – partiya mənsubiyyəti olmayan insanlar, xüsusən gənclər idi... Ancaq həmin insanlar nə 17 aprel, nə də 19 iyun aksiyalarında təkrar iştiraka meyl göstərmədilər.

Üçüncü nəticə: İllərdir uğursuzluqlarına, ekstremal situasiyalardakı cəsarətsizliklərinə “lazımi beynəlxalq şərait olmadı” arqumentiylə bəraət qazandırmağa çalışan bəzi müxalifət liderlərinin cəmiyyətin gözündə özlərini rebilitasiya etmək şansı, fürsəti birdəfəlik qaçırıldı. Cəmiyyət gördü ki, hakimiyyətdən dəyişim tələb edən liderlər elə həminkilərdir – dəyişməyiblər, keçmişdən dərs almayıblar: yenə də ətraf oda atılır, özləri isə qorxudan otaqdan çıxmır. Əksər müşahidəçilər və hətta İP üzvləri etiraf edirlər ki, əgər 2 aprel aksiyasında müxalifətin beynəlxalq aləmdə kifayət qədər tanınan liderləri – Müsavat başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimli aksiya iştirakçılarının önünə çıxsaydılar və nəinki hər ikisi, onlardan hətta biri həbs olunsaydı, bu, beynəlxalq diqqətin Azərbaycana yönəlməsi, daha böyük rezonansın yaranması və gələcək prosesin də məhz həmin həbs dalğası üzərində başlaması üçün çox böyük avantaj olacaqdı. Bu, həm də həmin lideri kütlənin qəhrəmanına çevirməklə, onun gələcəkdə “vahid lider” olmaq şanslarını da yüksəldəcəkdi...
Ancaq nə yazıq ki, İP liderləri baş verənlərdən nəticə çıxarmayıb, tələsik qərar qəbul etdikləri kimi, səhvlərini düzəltmək və önə çıxmaq imkanlarını da qaçırdılar...
Və indi iş o yerə çatıb ki, İP daxilində hansı aksiyanın uğurlu olması yox, bütövlükdə 2 aprel, 17 aprel və 19 iyun aksiyalarının doğurduğu ən böyük nəticənin – uğursuzluğun məsuliyyətinin kimin üzərində olması dartışılır. İP-də təmsil olunub-olunmamasından asılı olmayaraq, müxalif fikrin daçıyıcısı sayilan hər kəs bilmək istəyir: bu qədər yanlışlığın, uğursuzluğun məsuliyyətini kim daşıyır? Bütün bunlar bacarıqsızlıqdan, siyasi naşılıqdan irəli gəlir, yoxsa məqsədli şəkildə müxalifətin işini sabotaj etmək, tormozlamaq istəyindən?!

Məsuliyyət kimin üzərində?

Sözsüz ki, məhz məsuliyyətin kimin üzərində olmasının müəyyənləşməsi uğursuzluqların əsl səbəb və səbəbkarının da tapılmasına, konkretləşməsinə gətirib çıxaracaq. Bunu araşdırmaq, müəyyənləşdirmək isə o qədər də çətin deyil. Məsələn, İP-in strukturu və fəaliyyəti ilə, az-çox, tanış olanlar bilir ki, burada qərarları Koordinasiya Şurası versə də, Koordinasiya Şurasının üzvləri, əsasən, iki liderin – Müsavat başqanı İsa Qəmbərlə AXCP sədri Əli Kərimlinin təsir dairəsində olan şəxslərdən formalaşıb. Üstəlik, kütləvi aksiyalara təşkilat olaraq hazırlaşmaq imkanı məhz bu iki partiyaya məxsus olduğundan, Koordinasiya Şurasında siyasi mənsubiyyəti olmayan şəxslər də məhz İsa Qəmbərin və Əli Kərimlinin son sözünü gözləyirlər. Yəni, bu fakt avtomatik olaraq, məsuliyyət daşıyan şəxslərin konkret çevrəsini müəyyən etməyə imkan verir. Deməli, yanlışlığın, uğursuz taktikanın seçilməsinin də məsuliyyəti bütövlükdə İP-in deyil, daha çox qurumun qərarlarının formalaşmasına birbaşa təsir edən bu iki şəxsin - İsa Qəmbərin və Əli Kərimlinin üzərinə düşür.
Belədə isə, haqlı olaraq, cavab verilməsi tələb edilən digər suallar da ortaya çıxır: yaxşı, İsa Qəmbərlə Əli Kərimli bu yanlış qərarları birgəmi verirlər, yoxsa biri-digərinin qərarına təsir etmək gücündədir? Yaxud, hər ikisi bir ələ oynayıb, bilərəkdən müxalifətin uğursuzluq zolağında qalmasınıa çalışmırlar ki?
Bax, elə məsələnin çözüm nöqtəsi də məhz bu sualın cavabındadır. Bir qədər də konkretləşdirsək, İP-in bu iki lideri arasındakı münasibətlərə, hər birinin maraqlarına nəzər salmaqla, bütövlükdə Palatanın uğursuzluğa düçar olmasının əsl səbəbi də aydınlaşar, bu gün müxalifətdə əsas tormozlayıcı qüvvənin kim olduğu da bilinər.

Müttəfiqlər, yoxsa “mehriban düşmənlər”?

Əslində, Azərbaycan siyasətini, az-çox, izləyənlər İsa Qəmbərlə Əli Kərimli arasında kökü AXC hakimiyyətinə gedib çıxan dərin ziddiyyətlərin olması barədə yaxşı məlumatlıdırlar. Çoxları bilir ki, rəhmətlik Əbülfəz Elçibəyin “komanda içərisində komanda yaradan” İsa Qəmbər - Pənah Hüseyn - Arif Hacıyev “trio”suna alternativ olaraq Əli Kərimlinin rəhbərliyi ilə gənclərdən ibarət “Yurd” birliyini çıxarması və onlar arasındakı ziddiyyət AXC hakimiyyətinin iflasından sonrakı müddətdə daha açıq formada cərəyan etmiş, son 15 il ərzində isə klassik AXCP-Müsavat qarşıdurmasına çevrilmişdi. Faktdır ki, hər iki partiyanın siyasi elitası uzun müddət hakimiyyətdən daha çox bir-birlərinə qarşı mübarizəyə, rəqabətə kökləndiklərindən, bu iki partiyanın iştirakıyla yaradılan bütün birliklər son anda iflasa uğrayıb, müxalifətdaxili çəkişməyə rəvac verib...
Və nə qədər qapalı saxlansa da, eyni hal yarandığı gündən ta indiyədək, İP daxilində də cərəyan edib.
Yuxarıda qeyd etdiyimiz kimi, İP-də təmsil oluna-oluna Müsavatın tələm-tələsik martın 12-də aksiya keçirməsi də elə bu rəqabətdən – beynəlxalq aləmə və daxili auditoriyaya Müsavatın “mübariz partiya”, “ana müxalifət” olduğunu göstərmək, AXCP-ni ötüb keçmək, qabaqlamaq istəyindən qaynaqlanırdı.
Artıq inkarolunmaz həqiqətdir ki, Müsavatın, daha doğrusu, başqan İsa Qəmbərin bu “müxalifətdə birinci olmaq” həvəsi, AXCP-nin isə “rəqibdən geri qalmamaq” təlaşı vaxtından qabaq aksiyaların elan olunmasına, hakimiyyətin öz gücünü nümayiş etdirmək imkanı qazanmasına və “ərəb baharı”ndan azacıq ruhlanan, ümidlənən Azərbaycan cəmiyyətində yenidən qorxu xofunun hakim kəsilməsinə səbəb oldu.
Hələlik, bütün bu prosesdən uduşlu çıxan bir hakimiyyət, bir də müxalifətdaxili inteqrasiyada əsas problemə - “tıxac”a çevrilən Müsavat başqanı İsa Qəmbərdir.
Hakimiyyətin uduşu bəllidir – o, İP-in uğursuz aksiyaları fonunda Azərbaycanın demokratikləşməsində maraqlı olan dairələrə ölkə daxilində mövcud rejimi əvəzləyəcək alternativin, mobil siyasi komandanın hələ formalaşmadığı, cəmiyyətin müxalifəti dəstəkləmədiyi təəssüratını yaratmağa nail oldu...
İsa Qəmbərin uduşuna gəldikdə isə, başqan, bir müddət əvvəl AXCP ilə Müsavatın vahid partiyada birləşməsi ideyasına verdiyi açıq və səmimi dəstəklə ictimai rəydə xeyli rəğbət qazanmış Əli Kərimlini yenidən özünün girovuna çevirməyi, AXCP sədri barəsində “İsa Qəmbərin iradəsiylə hərəkət edən adam” imici yaratmağı və ən əsası, özünün başqanlıqdan getmə məsələsini arxa plana keçirməyi bacardı.
Halbuki, son aksiyalara qədər, uzunmüddətli rəqabət şəraitində Əli Kərimli ilk dəfə olaraq İsa Qəmbəri tam şəkildə üstələmiş, onun müxalifətin birləşməsində, vahid gücə çevrilməsində əsas mane olduğu faktını, nəhayət ki, ortaya qoymaq fürsəti əldə etmişdi. Xüsusən də Sülhəddin Əkbər, İbrahim İbrahimli, Qabil Hüseynli kimi nüfuzlu siyasətçilərin məhz “superpartiya” ideyasına dəstək olaraq Müsavatdan aralanmaları və Əli Kərimli ilə yaxınlaşma kursu seçmələri AXCP sədrinin Müsavatın əsas elitasını özünə tərəf çəkib, vahid partiyada birləşmək, onun lideri olmaq və bu təşkilatı müxalifətin əsas inteqrasiya mərkəzinə çevirmək imkanlarını artırmışdı. Ancaq təəsüf ki, Əli Kərimli bunu dəyərləndirə bilmədi, İP formatında İsa Qəmbərlə ittifaqa getməklə, faktiki, Müsavat başqanını düşdüyü ağır vəziyyətdən xilas etdi. Nəticədə isə, indi özü İsa Qəmbərdən asılı vəziyyətə düşərək, onun uğursuzluğunu bölüşmək, paylaşmaq məcburiyyətində qalıb.

Çıxış yolu

Çox yaxşı haldır ki, artıq həm İP daxilində, həm də ondan kənar siyasi təşkilatlar, ziyalılar və xüsusən gənclər arasında İsa Qəmbərin və onun “klassik çevrəsi”nin müxalifətdaxili inteqrasiyada əsas tormozlayıcı amilə çevrildiyi və bunun arxasında da konkret məqsədlərin durduğuna dair fikirlər get-gedə dəstək qazanmaqda, paralel şəkildə hakimiyyətə real alternativ olacaq yeni güc mərkəzinin yaradılması ideyası aktuallaşmaqdadır. Məsələn, İP-in gənc fəallarından Qaya Əliyevin bu yaxınlarda qurumun daxilində baş verənlərlə bağlı cəsarətli açıqlamaları, yeni və daha geniş formatın zəruriliyini bildirən təklifləri, narazıların Vətəndaş Hərəkatı Forumunda birləşməsi, tanınmış vəkil Qurban Məmmədovun “geniş koalisiya” ideyası, ADP-nin İP-dəki üzvlərini geri çəkərək “kölgə parlamenti” yaratmaq istəyi, KXCP ilə AXCP-nin birləşməsi təşəbbüslərinin ortaya atılması və s. indiyədək hakimiyyətə alternativ qüvvə kimi təqdim edilən İP-in artıq bu missiyanın öhdəsindən gələ biləcəyinə dair açıq inamsızlığın bariz ifadəsi sayıla bilər.
Sözsüz ki, belə şəraitdə ən doğru yol yeni, cəmiyyətin daha geniş və sağlam spektrini özündə birləşdirəcək və dünyanın dəyişən geopolitik düzənində Azərbaycanda kritik məqamda həm hakimiyyətin, həm də müxalifətin maraqlarını uzlaşdıra, tarazlaşdıra və ortaq nöqtəyə gətirə biləcək bir konfiqurasiyanın qurulmasıdır.
Bu konfiqurasiya haçan və necə, kimlərdən formalaşdırılmalıdır, ümumiyyətlə, bunu zəruri edən şərtlər hansılardır - bu haqda, inşallah, gələn yazımızda bəhs ediləcək.