Bank sektoruna iddialı bank gəlir - Dəyanət Quliyev

bank-sektoruna-iddiali-bank-gelir
Oxunma sayı: 1066

Bankların konsalidisiyası səhmdarların birgə qərarıdır, bu prosesinin sonunda bank sektorunda daha böyük, keyfiyyətcə yeni, müştəriyə fokuslanmış, innovativ və iddialı bir bank ərsəyə gələcək".

"Qafqazinfo" xəbər verir ki, bunu "Atabank" İdarə heyətinin sədri Dəyanət Quliyev “Caspian Development Bank”ın “Atabank”a qoşulmasına münasibət bildirərkən deyib. D. Quliyev deyib ki, hər iki bank müsbət bank və maliyyə göstəricilərinə malik, iqtisadiyyatın müxtəlif sahələrinin kreditləşdirilməsində ixtisaslaşmış və milli bank tariximiz üçün heç də az olmayan təcrübəyə malik banklardır. Bununla belə, səhmdarların qərarına əsasən, qoşulma prosesi məhz 25 illik bir tarixə malik “Atabank” üzərindən aparılacaq. D,Quliyev bildirib ki, bankların resurslarının birləşdirilməsi nəticəsində kifayət həcmdə maliyyə ehtiyatları formalaşacaq və bankın kapital mövqeyi möhkəmlənəcək. Kapital bazasının gücləndirilməsi, etimadın artırılması və rəqabət qabiliyyətinin yüksəldilməsi hesabına müştəri bazası genişlənəcək. Konsolidasiya prosesinə qoşulmuş bankların ölkə iqtisadiyyatının aparıcı sahələrində böyük sərmayələr yatırmış korporativ müştərilərə malik olduğunu qeyd edən D,Quliyev bankın strateji hədəfinin geniş müştəri kateqoriyasına fokuslandığını vurğulayıb.

Bildirilib ki, bank yeni inkişaf strategiyası əsasında işləyəcək. “Atabank” infrastrukturunu gücləndirməyi, bank xidmətlərinin çeşidinin genişləndirilməsini və dəyərinin ucuzlaşmasına nail olunmağı hədəfləyir. Bununla yanaşı, bankın idarəetmə sisteminin təşkili əhəmiyyətıli şəkildə yaxşılaşdırılacaq, daha effektiv, daha çevik, “bir addım öndə” prinsipinə əsaslanan administrativ inzibatçılıq tətbiq ediləcək.

D.Quliyev həmçinin bankların yenidən təşkili ilə əlaqədar aktivlərin qiymətləndirilməsinin aparılmasına dair “PwC” beynəlxalq konsaltinq şirkəti ilə ilkin razılaşma əldə edildiyini qeyd edib. Beynəlxalq təcrübəyə əsaslanaraq, nüfuzlu konsaltinq şirkətinin konsalidasiya prosesinə cəlb edilməsi prosesin qısa zaman kəsiyində, beynəlxalq standartlara uyğun şəkildə başa çatmasına imkan verəcəkdir. Hazırda bankların birləşdirilməsi prosesinin mövcud bank qanunvericiliyinin müddəalarına əsasən hüquqi prosedurlarının, informasiya texnologiyaları, maliyyə hesabları sahəsində inteqrasiyasının həyata keçirilməsinə başlanıb. 

Nigar Məmmədli