Avropa nümunəli muxtariyyət

<b>Avropa nümunəli muxtariyyət</b>
Oxunma sayı: 366

Bir neçə gün əvvəl Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsi ilə bağlı növbəti bəyanatını səsləndirdi: “Avropada tətbiq edilən uğurlu muxtariyyət nümunələri Dağlıq Qarabağda da tətbiq edilə bilər”.
Bir neçə ay bundan əvvəl hərbi ritorikaya daha çox üstünlük verən Prezidentin muxtariyyətin Avropa modelindən danışması yaranmış situasiyada növbəti manevrdir. Bunun niyəsi başqa mövzudur. İndi isə Avropanın muxtariyyət nümunələri barədə.

Avropada, o cümlədən də dünyada müxtəlif münaqişəli ərazilər var. Bu ərazilərin özünəməxsusluğu olduğu kimi onlara tətbiq edilən muxtariyyət modelləri də fərqlidir. Avropada hamının bildiyi Kataloniya, Şimali İrlandiya kimi muxtar ərazilər var ki, bu ərazilərdə münaqişənin tam həll olduğu və sülhün tam bərqərar olduğunu söyləmək olmaz.
Amma digər münaqişəli ərazilər də var ki, həmin ərazilərdə sülh bərqərar olub demək yanlış olmazdı: Aland adaları, Cənubi Tirol, Triest muxtariyyəti və sair.
Prezident İlham Əliyev “Avropada tətbiq edilən uğurlu muxtariyyət nümunələri” deyən zaman nəyi və yaxud konkret hansı muxtariyyəti nəzərdə tuturdu demək çətindir. Amma adını çəkdiyim muxtariyyətlərdə nümunə götürüləcək məqamlar var.

Son illər ən çox adı hallanan Aland adaları modelidir. Bu çox yüksək status verən bir modeldir. Finlandiyanın tərkib hissəsi sayılan lakin muxtariyyəti olan Aland adaları parlamentinin təhsil, səhiyyə, mədəniyyət, iqtisadiyyat, nəqliyyat, radio, televiziya, poçt, kommunal təsərrüfatı və polisi idarə etmək səlahiyyəti var. Bu sahələrdə Aland suveren dövlət səlahiyyətlərinə malikdir. Xarici siyasət, gömrük, məhkəmə, pul dövriyyəsi mərkəzi hakimiyyətin Finlandiyanın səlahiyyətindədir.
Finlandiya parlamenti özünüidarə ilə bağlı qanunlarda yalnız Aland parlamentinin icazəsi iıə dəyişiklik edə bilər. Aland parlamentinin qəbul etdiyi qərarlar səlahiyyət həddini aşdıqda və Finlandiyanın daxili və xarici təhlükəsizliyinə problem törətdiyi halda Finlandiya prezidenti bu qanunlara veto qoya bilər.
Bundan başqa Aland hökuməti region, yəni Skandinaviya ölkələri ilə birbaşa əlaqələr qura bilir.
Sözsüz ki, bu modeli məqbul hesab etmək olardı. Amma nəzərə almaq lazımdır ki, Aland əhalisi etnik baxımdan İsveçlilərdən, yəni bir icmadan ibarətdir. Dağlıq Qarabağda isə iki icma olub və problemin həllinə də məhz iki icma prizmasından yanaşmaq lazımdır.

Avropanın ikiicmalı muxtar qurumlarından biri Cənubi Tiroldur. Cənubi Tirol İtalya və Almaniyanın arasında yerləşir. Etnik tərkibi əsasən alman və italyanlardan ibarətdir. Ötən əsrin əvvəlindən sonuna qədər bu ərzi mübahisə predmeti olub. Muxtar qurum İtalyanın tərkibindədir. İki xalq arasında münasibətlərin gərginləşməməyi üçün yüksək vəzifələrə təyinatlar rotasiya qaydasında həyata keçirilir. Cənubi Triol sosial, iqtisadi və mədəni sahədə müstəqil qanunlar qəbul edib, onu reallaşdırmaq səlahiyyətinə malikdir. Müdafiə və hüquq mühafizə məslələri mərkəzin səlahiyyətləridir. Triol xarici siyasət yeritmir.
Bir çoxları, burada iki xalqın “birgə” deyil, “yanaşı” yaşadığını söyləyirlər. Amma bu heç də yaşayış səviyyəsinə təsir etmir.
Triolda toplanan vergilərin təxminən 90 faizinin muxtar qurum hökumətinin sərəncamında qalması, mərkəzi büdcədən ayırmalar burada almandillli əhlinin istədiyi kimi yaşamasına şərait yaradır. Nəticə isə odur ki, separatçı meyllər iqtisadi komfortun təzyiqi ilə sıradan çıxmaqdadır.

İqtisadi komfortun separatizmi sıxışdırdığı məkanlardan biri də Triestdir. Bəli həmyerlimiz Mixaylonun bir vaxtlar qəhrəmanlıq göstərdiyi Triest. Triest şəhəri muxtar qurumdur. Əsasən slovenlərin yaşadığı bu şəhər İtalyanın tabeliyindədir. Buranı daha çox Azad İqtisadi Zonaya bənzədirlər. Muxtar şəhərin parlamenti, məhkəməsi, hökuməti var. Qubernatoru buraya BMT Təhlükəsizlik Şurası İtaliya və Yuqoslaviya hökumətləri ilə məsləhətləşmədən sonra təyin edir. Sosial müavinətlərə görə İtaliya məsuliyyət daşıyır. Bu gün etnik tərkibi slovenlər olan Triest nə müstəqillik, nə də Sloveniyaya birləşmək barədə düşünmür. Çünki iqtisadi müstəqillik və bunun yaratdığı komfortun siyasi müstəqilliklə əvəzlənməsini düz hesab etmirlər. Hərbisizləşdirilmiş liman şəhəri olan Triestin sakinləri indiki statusdan məmnundurlar.

Avropanın qalmaqallı muxtar qurumlarından biri təbii ki, Kataloniyadır. Əslən Afrikanın şimalından olan katalonlar İspaniya əhalisinin təxminən yeddidə birini təşkil edir. Bu muxtar qurum İspaniyanın iqtisadi baxımdan ən inkişaf etmiş bölgəsi hesab olunur. Burada iki rəsmi dil işləyir: katalon və ispan. Xarici siyasət və ümummilli təhlükəsizlikdən başqa daxili təhlükəsizlik və ədliyyə sistemi də daxil olmaqla bütün sahələrə Kataloniya hökuməti özü nəzarət edir.
Sözsüz ki, burada da əsas meyar iqtisadi azadlıqdır və Kataloniya bu azadlığa sahibdir.
Ara-sıra separatçı meyllər ortaya çıxsa da bu meyllərin artan yox, cüzi də olsa azalan templəri müşahidə olunur. Görünür insanlar iqtisadi azadlıq və komfortu mücərrəd müstəqilliyə dəyişmək istəmirlər.

Sözsüz ki, bu sadalananların heç biri Dağlıq Qarabağ münaqişəsi üçün dəqiq resept deyil. Amma bu nümunələrin hər birində öyrəniləsi məqam var.
Sadalanan muxtar qurumlar üçün ən vacib, ortaq xarakterik xüsusiyyətlərdən biri iqtisadi azadlıqlar məsələsidir. Əlbəttə Avropa muxtariyyətlərindən danışan Azərbaycan Prezidenti digər Avropa dəyərləri kimi, bu reallığı da yaxşı bilir. Amma unutmaq olmaz ki, ümumən Azərbaycanda iqtisadi azadlıqla bağlı vəziyyət nə yerdədir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi