Avropa Şurasının təmsilçisi siyasi məhbusları azad etməyə çağırdı

avropa-surasinin-temsilcisi-siyasi-mehbuslari-azad-etmeye-cagirdi
Oxunma sayı: 696

“Azadlıq” radiosunun məlumatına görə, sentyabrın 29-da yayılan açıqlamada qeyd edilir ki, Azərbaycanda jurnalistlərə və gənc fəallara qarşı təzyiqlər, insan haqları pozuntuları, zorakılıq və təqiblər haqqında məlumatlar var.

Komissar bildirir ki, Azərbaycan hökumətinə tövsiyələrində jurnalistlərə və tənqidi fikir ifadə edənlərə qarşı əsassız, xüsusi hazırlanmış cinayət təqibi təcrübəsinə son qoyulmalı olduğunu vurğulayıb: “Buna baxmayaraq 2010-cu ildə keçirilən parlament seçkisində deputatlığa namizəd olmuş gənc fəal Bəxtiyar Hacıyevin cinayət məsuliyyətinə cəlb edilməsi ölkədə hələ də həmin təcrübədən istifadənin azalmadığını göstərir. Bu il mayın 18-də Gəncə məhkəməsi Bəxtiyar Hacıyevi hərbi xidmətdən boyun qaçırma ittihamı ilə iki il müddətinə azadlıqdan məhrum edib. Bu ittihamların meydana çıxması onun hökuməti tənqid edən fəaliyyətini dayandırmaq cəhdi kimi görünür.

AXCP-nin gənc fəallarından Cabbar Savalanlının işi ilə bağlı proses də narahatlıq doğurur. Bu il mayın 4-də o, narkotik maddə saxlamaq ittihamı ilə iki il yarım müddətinə azadlıqdan məhrum edilib. Cabbar Savalanlı internetdə hakimiyyəti tənqid edən şərhlərinin yayılmasından dərhal sonra tutulub. Bir neçə xarici hökumət və qeyri-hökumət təşkilatı ona qarşı ittihamları saxta adlandırıb.

Bu yaxınlarda isə 2010-cu ilin parlament seçkisində namizəd olmuş daha bir fəal - Vidadi İsgəndərli üç il müddətinə azadlıqdan məhrum edilib. Vidadi İsgəndərli seçkinin saxtalaşdırıldığını deyirdi”.

Komissar hakimiyyəti öz baxışlarını ifadə etdiyi üçün tutulan məhbusları dərhal azadlığa buraxmağa çağırır. Tomas Hammarberq bu ilin mart və aprel aylarında Bakıda keçirilən mitinqlər zamanı aparılan həbs dalğasına toxunaraq qeyd edir ki, hökumət bəzi hallarda həmin mitinqlərə həddən artıq güc tətbiq edib, jurnalistlərin fəaliyyəti əngəllənib: “Təşkilatçılara öz aksiyalarını şəhərin mərkəzi meydanlarında keçirməyə imkan verilməyib”.